Interposta.Info

Pakistan baş nazirindən ABŞ-dan gələn təhdidlərə sərt cavab:

Dünya
 10-10-2017, 14:53     8 668

Rəsmi İslamabad Əfqanıstandakı hərbi və siyasi böhrandan Pakistanı günahkar sayan ABŞ hakimiyyətinin təhdidlərinə cavab verib.

Avropa.info xəbər verir ki, Pakistan baş naziri Şahid Hakan Abbasi ölkəsinin ABŞ-a bağlı olduğu günlərin artıq keçmişdə qaldığını bildirib. Abbasi ABŞ-ın Pakistanla bağladığı hərbi müqavilələri dayandırmaq çağırışına cavab olaraq deyib ki, ölkəsi silah növlərinin müxtəlifliyini istəyir. O, orduda ABŞ ilə yanaşı Çin və Avropa sistemlərinin də olduğunu, son zamanlarda isə ilk dəfə Rusiya müdafiə vertolyotlarını aldıqlarını bildirib.

Abbasi müdafiə sənayesi idxalında və dəstəyində ABŞ-ın tək seçim olmadığını deyib:
“Pakistan hərbi ehtiyacları üçün artıq ABŞ-a bağlı deyil. Əgər bir hərbi ehtiyatımız qurtararsa, digərinə əl uzadarıq. Daha bahalı ola bilər, amma biz terrorla mübarizə aparmaq məcburiyyətondəyik”.

Pakistanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin Əfqanıstanda yerləşən silahlı qruplaşmalardan gəldiyini deyən Abbasi ölkə ərazisinin terrorçular üçün təhlükəsiz yer olmadığını, Əfqanıstan sərhədinin “Taliban”ın nəzarətində olduğunu deyib:

“Liderləri orada yaşayır, planlar orada cızılır və loqistik bazaları da oradadır”.

Abbasi ABŞ-ın Hindistanı Əfqanıstan dosyesinə əlavə etməsini düzgün saymadığını, Hindistanın ABŞ-Pakistan münasibətlərinə daxil edilməsinin hər hansı bir həllə faydası olmayacağını bildirib. Abbasi Hindistanın Əfqanıstanda hər hansı bir rolunun olmayacağını deyib.

“Dünya Pakistanın terrorla mübarizə əzmini görmək məcburiyyətindədir. Bizə tətbiq olunacaq hər hansı bir sanksiya və ya məhdudiyyət sadəcə terrorla mübarizəmizi zəiflədər. Ayrıca regiondakı bütün balanslara dərindən təsir edər. Bu günə qədər sərhədlərimizdə 200 min hərbçi yerləşdirdik. 6 min 500 əsgərimiz şəhid oldu. 21 min vətəndaşımız öldü, 35 nəfər də ağır yaralandı” – Pakistan baş naziri ölkəsinin terrorla mübarizəsi haqda bunları deyib.

Abbasi baş verən maddi xəsarətin 120 milyard dollar olduğunu bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pakistanın terror təşkilatlarına sığınacaq verən ölkə olduğunu demiş, Əfqanıstanda baş verən terror hadisələrinə görə məsuliyyəti Pakistanın üzərinə qoymuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26