Interposta.Info

Azərbaycan-Pakistan müttəfiqliyi -

Siyasət
 2-03-2017, 09:14     544

Azərbaycan-Pakistan müttəfiqliyi -

Prezident İlham Əliyev Pakistanda ən yüksək səviyyədə qarşılandı; iki ölkə arasındakı sıx münasibətin ölkəmizə faydaları...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gedib.

interposta.info AZƏRTAC-a istinadən xəbər verib ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar. Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.

Səfərin ilk günü prezident İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulanıb. Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra görüş geniş tərkibdə davam etdirilib.

Prezident İlham Əliyev Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif ilə də təkbətək görüşüb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulanıb. Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edilib. Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Elə həmin gün imzalanan Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişin bu sahədə uğurlu addım olduğu vurğulanıb.

Görüşdə humanitar və mədəni sahədə əlaqələr də müzakirə olunub. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinin yüksək səviyyədə təşkil olunması ilə bağlı baş nazir Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirib. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Martın 1-də isə paytaxt İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti işə başlayıb. Prezident İlham Əliyev sammitdə çıxış edib.

Qeyd edək ki, Pakistanla Azərbaycan arasında yaxın əməkdaşlıq son illərdə sürətlə genişlənir.
Pakistan prezidenti Məmnun Hüseyn 2015-ci il martın 11-də, müdafiə sənayesi naziri Rana Tanvir Hussain 2016-cı sentyabrın 26-da, Pakistanın baş naziri Nəvaz Şərif isə 2016-cı il oktyabrın 13-15-də Azərbaycanda böyük nümayəndə heyəti ilə rəsmi səfərdə olublar.

Qısa müddətdə ən yüksək səviyyədə ard-arda səfərlər, Azərbaycan prezidentinin isə Pakistana son səfəri bir daha göstərir ki, iki ölkə arasında sıx müttəfiqlik münasibətləri qurulub.

Pakistan Azərbaycanın nüvə silahı olan ən yaxın müttəfiqi sayılır. Bu ölkə ilə müttəfiqliyin daha da dərinləşməsinin hansı əhəmiyyəti var?

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Pakistan məhz Qarabağ torpaqlarını işğal etdiyi üçün Ermənistanı diplomatik səviyyədə tanımayan tək ölkədir, ikincisi, nüvə silahı olan tək müsəlman ölkəsidir, üçüncüsü, müdafiə sənayesi inkişaf etmiş müsəlman ölkəsi kimi Azərbaycan üçün vacib bir dövlətdir, dördüncüsü, Qarabağda savaş başladığı təqdirdə qeyd-şərtsiz, birmənalı Azərbaycanın yanında olacağını bəyan etmiş iki ölkədən biridir. Bütün bu amilləri və Azərbaycanın hər an onu boğmağa hazır olan ölkələr çevrəsində olduğunu nəzərə alanda Pakistanın dövlətimiz üçün nə qədər geosiyasi və geostrateji əhəmiyyət daşıdığı ortaya çıxır: “Ayrıca Pakistan Türkiyə ilə də strateji müttəfiq ölkədir. Məsələyə bu üç müttəfiq müsəlman ölkəsinin birliyi kontekstində yanaşanda Azərbaycanın təhlükəsizlik baxımından bu müttəfiqliyin əhəmiyyətinin daha böyük olduğu ortaya çıxır. Ona görə də Pakistan Azərbaycan üçün həm yaxın, həm də uzaq perspektivdə çox əhəmiyyətli müsəlman ölkəsidir. Bu baxımdan, Pakistanla iqtisadi, siyasi, hərbi əməkdaşlığın yüksək səviyyəyə qaldırılması ölkəmiz üçün böyük əhəmiyyət daşıyır.

Unutmaq lazım deyil ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olub. Bundan başqa, rəsmi İslamabad Ankara ilə yanaşı, Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməkdə və müdafiə etməkdə davam edir. BMT qətnaməsinə əsaslanaraq rəsmi Bakı da öz növbəsində, Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir. Rəsmi İslamabad dəfələrlə bəyan edib ki, Pakistan hər zaman Türkiyə və Azərbaycanın yanındadır, daim dost və qardaş ölkələri dəstəkləməyə davam edəcək. Odur ki, ikinci Qarabağ savaşı başlayacağı təqdirdə Pakistandan Azərbaycana ciddi dəstək olacaq. Hesab edirəm ki, Azərbaycanla Pakistan arasında hərbi müqavilə bağlanmalıdır. Ermənistanın Rusiya ilə belə bir sazişi mövcuddur. Yəni bunun üçün əlimizdə kifayət qədər əsas var".

Hərbi ekspertin sözlərinə görə, Pakistanla hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycana üstünlüklər gətirir: “Bu gün dünyada 10 ən qabaqcıl hərbi-sənayesi inkişaf etmiş ölkə varsa, onlardan biri də Pakistandır. Uzun illərdir ki, bizim ölkələrimiz arasında bütün sahələrdə, xüsusən də hərbi və hərbi-texniki sahədə ən yüksək səviyyədə əlaqələr mövcuddur. Biz yaxın perspektivdə Silahlı Qüvvələrimizin arsenalında Pakistan-Çin birgə istehsalı olan bu müasir döyüş texnikasını görmək imkanı əldə edəcəyik. Bu hərbi texnikanın çox böyük üstünlükləri var. Odur ki, tərəflər arasındakı münasibətləri pik nöqtəyə çatdırmaq gərəkdir. Keçən ilin yanvarında ölkəmizə rəsmi səfər edən Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah bildirmişdi İslamabad ikinci Qarabağ savaşı başlayacağı təqdirdə Azərbaycana öz dəstəyini əsirgəməyəcək.

Pakistan bu istiqamətdə mövcud şəraitə uyğun olaraq əlindən gələni edir. Məsələn, bir müddət əvvəl Azərbaycan Pakistandan orta və yaxın mənzilli müasir, yəni Ermənistanı darmadağın edə biləcək ballistik raketlər alıb. Bu barədə Pakistan kütləvi informasiya vasitələrində yayımlanan məlumatlarda deyilirdi ki, söhbət Pakistan istehsalı olan “Şahin-1" raketlərindən gedir. Bu raketlər 750 kilometr məsafədə hədəfi məhv etmək qabiliyyətindədir. ”Hatf-1" raketi isə “Şahin-1"in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Onun uçuş məsafəsi 3 min kilometrdir. ”Pakistani defence" saytının məlumatına görə, bu raketlər yüksək dəqiqliyə malikdir və hava hücumundan müdafiə sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Hərbi sənayesi bu dərəcədə inkişaf etmiş bir ölkə ilə müttəfiqlik təbii ki, Azərbaycanın üstünlüyüdür. Azərbaycanın hərbi sənayesinin inkişafına da Pakistanın köməyi dəyə bilər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26