Interposta.Info

Ər-Riyad İranın Düşəmbədəki səfirlik binasını yox etmək istəyir

Dünya
 10-08-2017, 13:09     10 361

Bu əməliyyat üçün 200 min dollar ayrıldığı iddiası var; Orta Asiyada ciddi silkələnmələr gözlənilir - məqsəd nədir?

İran ilə Səudiyyənin göydəki ulduzları barışmır ki, barışmır. Tehrana qarşı öz sarsıdıcı zərbəsini Səudiyyə bu dəfə gör bir hardan? - Tacikistandan həyata keçirməyə hazırlaşır.

Mövzunu nağıllarımızın diliylə danışmaq istəyirəm ki, iliyinizə-sümüyünüzə düşsün. Canınıza yağ kimi yayılsın. Qısası, rəsmi Ər-Riad ilə Tehran öz aralarındakı davada nizədən istifadə etdilər, xeyri olmadı. Keçdilər sapanda. Xeyri olmadı. Keçdilər dar ağaclarına, hədə-qorxiya, həyasızlığa...yenə də xeyri olmadı. Axır İbn Səud ailəsi yoruldu bu nəticəsiz qarşıdurmadan. Qərara gəldi öz məqsədlərinə çatmaq naminə keçsin açıq-aşkar terrora.

TAM MƏXFİ: Əldə etdiyimiz tam gizli, işıq ucu görməmiş məlumatlara görə rəsmi Ər-Riad bu yaxınlarda İranın Düşəmbədəki səfirlik binasını yox etmək istəyir. Əməliyyatın smeta dəyəri aşağı-yuxarı 200 milyon ABŞ dolları həcmində hesablanıb.

Tezliklə, pul dolu qara çamadanlar İsveçrə banklarının birinə yerləşdiriləcək. Məxfi kod, pıçıltı ilə lazımı ünvanlara çatdırılacaq. 200 milyon dolların iti qoxusu burunlara dəydimi, vəssalam, əməliyyata start veriləcək. Düşəmbədəki İran səfirliyinin binası havaya sovrulacaq.
TERRORUN QANSIZ SİFƏTİ: Bəli. Yaydan çıxan ox geri qayıtmır bir də. Düşəmbədəki İran səfirliyi öz son günlərini yaşayır. Binanı bu yaxınlarda yox edib, ierində inzibati dövlət binaları ucaldacaqlar. Tacikistan Milli Məclisinin yeni binası da bu “İrandan,iranlılardan” təmizlənmiş ərazidə yüksələcək. Qarşılıqlı iqtisadi anlaşmaya əsasən qansız terror əməliyyatı birbaşa Səudiyyədən maliyyələşdirilir. El arasında buna deyirlər “pambıqla baş kəsmək”. Yaxud “xarici investisiya siyasəti”.
***
PARÇALA, HÖKM SÜR: İstəyirsən müsəlmanları parçalayıb min tikə edəsən? Heç nə, cadusu, duası çox sadədir bunun-müsəlmanları birliyə çağıran bir iclas çağır, vəssalam. İslamçılar bu iclasda, bax mən sağ, sən salamat, bir-birini didib parça-parça doğrayacaqlar. İran ilə Tacikistan arasındakı siyasi gərginlik 2015-ci ildən sonra məhz belə növbəti iclas zamanı start götürüb. O vaxt Tehranda “Müsəlman həmrəyliyi” adlı növbəti darıxdırıcı bir beynəlxalq görüş təşkil olunmuşdu. Rəsmi Düşəmbə elə o zaman Tehranın qulağına pıçıldayır ki, seçkilərdə uduzmuş Tacikistan İslam Dirçəliş Partiyası (TİDP) heyətini iclasa dəvət etməsin. İranlılar həmişəki kimi göz-qaş ilə danışıb mövzunu birtəhər soyudurlar.

Tacikistan müftüsü Seyidmükərrəm Əbdülqədirzadənin içəri girən kimi görür, vaxsey, aman, bu nədi belə? Qanundankənar elan edilmiş TİDP sədri Mühiddin Kəbiri iri addımlarla sürət götürüb birbaş üstünə gəlir. Daxilində həm “allahı”, həm prezident İmomali Roxmanovu çağıran baş müftü görür yox ey...Əlac yoxdu. Gərək Kəbirinin əlini sıxsın.

Fotokameralarının kor gözlərinə nur gəlir elə bil bu zaman. Flaşlar parıldayır. Fotoqraflar aşağıdan-yuxarıdan, sağdan-soldan bu görüşün silsilə fotolarını çəkirlər. Müftünün canına üşütmə düşür. İndini unudub gələcəyi görür o. Görür, prezident İmomali Roxmonov necə salır onu təpiyi altına, necə yad əllər onu dəhliz boyu yernən sürüyür...

Müftünün alnını tər basır əməlli-başlı. O Düşəmbəyə dönüncə yeni 2016-cı ilin ilk cümə namazında İran ünvanına ağzına gələni deyir.

Günahı, İrandakı Tacikistan səfirində görür nədənsə: “Kəbiri içəri daxil olduğu zaman bizim səfir oturduğu isti yerdən ayağa qalxaraq məclisi nümayişkarənə tərk etməli idi. Mən ona uzaqdan bir göz vurdum. Xeyri olmadı”.

Tacikistan müftüsü kimilər gördüyümüz kimi günahkar keçini çox tez tapırlar öz sıx ətraflarında. Siyasi gündəmdən, öz şəxsi maraqları çərçivəsində məharətlə istifadə edirlər. Səfirinin qanı getdi artıq. Mühiddin Kəbiriyə gəldikdə isə...

DOSYE: Mühiddin Kəbiri. 1965-ci ildə Tacikistanın Feyzabad bölgəsində dünyaya göz açıb. Ordu sıralarında xidmətindən sonra 1987-ci ildə Tacikistan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə daxil olub.

Hərbi tərcüməçi kimi ilk əyani təcrübəsini 1992-ci ildə, Güney Yəməndə uğurla keçdikdən sonra 1993-cü ildə Rusiya XİN-in Diplomatik Akademiyasına qəbul edilib. Evlidir. 7 uşaq atasıdır.

Moskvada əvvəl biznesmen kimi tanınıb. Siyasətə bir o qədər meyl göstərməsə də, 1997-ci ildə qəfil Moskvadan ayrılaraq Düşəmbəyə gəlib. Dərhal, Tacikistan İslam Dirçəliş Partiyasının rəhbəri Səid Abdulla Nurinin müavini təyin edilib Moskvanın göstərişi ilə. 2006-cı ildən partiyanın sədri kürsüsündə əyləşib. 2005, 2010-cu illərin parlament seçkilərində cəmi ikicə oturacaq qazanıb. Birini özünə, digərini xalaxətrin qalmasın deyə, bir partiya fəalına. Sonuncu 2015-ci il seçkiləri zamanı İslam Dirçəliş Partiyası parlamentdəki bu ikicə oturacağını da itirib dönür siyasi bankrota. Özünü aldadılmış hiss edir. Keçir yalançı müxalifət siyasətindən həqiqi müxalifət mövqelərinə.
Qaçır Türkiyəyə. İnterpol vasitəsi ilə axtarışa verilir.

MOSKVANIN ADAMI: Moskvanın təkidi ilə Kəbirov soyadını qısaldıb Kəbiri şəklinnə salsa da, Tacikistandakı bütün nəsli Kəbirov kimi tanınır indi də. Atası Tillə Kəbirovun- 95 yaşlı qocaman təqaüdçünün, Türkiyəyə, oğlunun yanına müalicəyə getmək istəyi gözündə qalıb. Yazığı, təyyarə pilləkanı ağzında geri qaytarıb qulağına deyiblər ki, oğlunu yox...yox...qulağının ardını görərsən bu dəfə. Yazıq, yatağa düşüb sonra. Təzəlikcə dünyasını dəyişib. Ölümündən əvvəl onu, bacılarını, digər yaxınlarını TV ekranlarına çıxarıblar. Məcbur ediblər Mühüddin Kəbirinin ünvanına müraciət etsinlər. Desinlər, ay oğul bəsdi daha. Bu daşı ətəyindən tök. Ağlını yığ başına. Haqqa qayıt. Ölkəmiz barədə pis-pis sözlər danışma ictimai yerlərdə.

***
95 yaşlı qocaman kişinin yas məclisi niyə görə öz vətənində deyil, İranın Məşhəd şəhərində keçirilir o vaxt? Hə...bu acı sualın cavabı göydə qalır çoxları üçün. Mühiddin Kəbiri, nəticədə, məcburiyyət qarşısında qalaraq qərərgahını Tehrana köçürür. Bu, rəsmi Düşəmbəni cin atına minizdirir lap. Tehran ilə Düşəmbə arasında əsl “soyuq müharibə” start götürür.

BƏS MOSKVA? İran ilə Rusiya müttəfiqdirlər Tacikistan məsələlərində. Bir-birilərindən xəbərsiz bircə addım da atmazlar bu mövzuda. İmamoli Raxmonov da Rusiyanın adamıdır, elə Mühiddin Kəbiri də. Yəni, bu siyasətçinin Kəbirov adını Kəbiri etməyi sırf təbliğat məzmunludur. Milli, dini təəssübkeşliyə iynə ucu qədər belə dəxli yoxdur.

Sual olunur indi- niyə Moskva, rəqib saydığı Səudiyyənin Düşəmbəyə gəlişinə bu cür rahatcasına göz yumur. Niyə öz həyəcan təbilini çalmır, car çəkmir bu mövzu ətrafında?

Hm...Tezliklə Düşəmbədəki İran səfirliyi binası sözün əsl mənasında partladılıb göyə sovrulacaq. Moskva qarışıq bütün tərəqqipərvər dünya ictimaiyyəti nədənsə hələ də bu haqsızlığa qarşı sükut nümayiş etdirir.

***
İran-tacik dostluğu bu gün özünün ən dramatik günlərini yaşamaqdadır. Artıq İran vətəndaşları Tacikistana azad, sərbəst gedib-gələ bilmirlər. Sərhəddə viza tələb edilir bu üzü saqqallı, əli gümüş üzüklü İran vətəndaşlarından. Tacikistanda gündə bir-iki İran casusu həbs edilir. Bir-iki İran taciri “keyfiyyətsiz” mal satmaq bəhanəsi ilə ölkədən qovulur.

Kəbirinin Vladivastokdakı qardaşı Yakoş bir tərəfdən, Türkiyədəki qardaşı Məhəmmədsəlih digər tərəfdən, əllərində yaşıl bayraq, deyəsən Raxmonova qarşı öz son döyüşlərinə başlayıblar. Mühiddinin özü, Türkiyəyədək ATƏT nümayəndəliyi ünvanına müraciət yazıb lap elə bax bu son günlərdə. Qeyd edib: “Ölkədə dözülməz vəziyyət yaranıb. Partiya fəalları bir-bir dənlənib yox olur. İtkilərimiz yüzlərlədir. Etiraz harayımızı bütün dünyaya yayın”.

***

Tacikistan əks-kəşfiyyatı da təzəlikcə yağ töküb bu alovun üzərinə. Efirə bir film buraxıb ki, bəs 1990-cı ildən üzü bəri İran casusları Tacikistanda rus demir, tacik demir, sivil demir, hərbiçi demir, qarşılarına kim çıxdısa götürüb məhv edirmişlər. Bəs bağ belə, bostan belə. Bəs tüfəng belə, mərmi, sursat belə...Ehtiyatlı olun. Bəs guya İran Düşəmbədə dövlət çevrilişi hazırlayır.

Hadisələrin gedişi, önümüzdəki ciddi təxribatlardan xəbər verir. Orta Asiyada qaynayır-Qırğızıstan prezidenti təzə seçkilərə hazırlaşır.

Özbəkistanda Kərimöv mirası, qızı Gülnar ilə birgə, arxivə göndərilir. Nursultan Nazarbayev barəsində dedi-qodular başlayıb. Deyirlər bəs Moskvadakı Qazaxstan səfiri İmamqali Tasmaqambetov növbəti.../musavat.com
Nə isə...Dərinə getməyək.

Orta Asiyada ciddi silkələnmələr gözlənilir.

Ayıq olaq...Heç olmasa bu dəfə...

interposta.info
Ər-Riyad İranın Düşəmbədəki səfirlik binasını yox etmək istəyir
Ər-Riyad İranın Düşəmbədəki səfirlik binasını yox etmək istəyir
Ər-Riyad İranın Düşəmbədəki səfirlik binasını yox etmək istəyir
Ər-Riyad İranın Düşəmbədəki səfirlik binasını yox etmək istəyir
Ər-Riyad İranın Düşəmbədəki səfirlik binasını yox etmək istəyir
Ər-Riyad İranın Düşəmbədəki səfirlik binasını yox etmək istəyir

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26