Interposta.Info

İŞİD-in “paytaxtı” uğrunda əməliyyat başladı -

Dünya
 5-06-2017, 09:46     633

ABŞ Raqqanı kürdlərlə almağa qərar verdi, Ankara sərhədlərə ilk müdaxilənin cavabsız qalmayacağını deyir...

Mərkəzi gücü kürdlərin YPG qruplaşması olan Suriya Demokratik Qüvvələri (SDQ) İŞİD-in Suriya “paytaxtı” Raqqa şəhərinə hücum əməliyyatını başladıb. Bu barədə YPG sözçüsü Nuri Mahmud “Reuters”ə məlumat verib. Mahmud deyib ki, artıq kürd qüvvələri Raqqanın kənar məhəllələrinə qədər gedib çatıb, böyük əməliyyat isə bir neçə günə başlayacaq.


Onun sözlərinə görə, qərbdən Raqqaya 10 km məsafə var. Şənbə günü Ankarada media təmsilçiləri ilə bir araya gələn baş nazir Binali Yıldırım isə bildirib ki, Raqqa əməliyyatı iyunun 2-də başlayıb. Bu barədə Türkiyəyə məlumatı ABŞ komandanlığı verib. Bazar günü DSQ güclərinin Raqqa yaxınlığında yerləşən Mansura qəsəbəsini İŞİD-dən geri aldığı haqda xəbər yayılıb. Qəsəbənin azad edilməsi əməliyyatı bir neçə gün davam edib və ağır döyüşlərdən sonra təmizlənib. Qəsəbə Raqqaya 20 km məsafədə yerləşir, eyni zamanda bu bölgədə strateji əhəmiyyətli hərbi hava bazasının yerləşdiyi Tabqa şəhərinin şərqindədir. Mansurada çoxlu sayda silah-sursat və minalanmış avtomobillər ələ keçirilib.

Qeyd edək ki, Raqqa Suriyanın şimala doğru ərazilərində yerləşən, neft istehsal edilən, Fərat çayı üzərində strateji əhəmiyyətli şəhərdir. 2014-cü ildən şəhər İŞİD-in nəzarətindədir, terror təşkilatı bu şəhəri qeyri-rəsmi paytaxtı elan edib. Raqqanın İŞİD-dən geri alınması qruplaşmanın əsas mərkəzini itirməsi ilə yanaşı, Suriyanın şimalında böyük bir ərazinin təmizlənməsi deməkdir. ABŞ ordusu artıq 2 ildən çoxdur ki, Suriya kürdlərinin PYD\YPG qruplaşmasına dəstək verir. Son olaraq ötən ay prezident Trampın sərəncamı ilə Pentaqon Raqqa əməliyyatı üçün YPG və onun ətrafında qurulmuş, digər etnik qrupları da əhatə edən Suriya Demokratik Qüvvələrinə 300 milyon dollar dəyərində silah və sursat verib.

Artıq silahlar SDQ-yə çatdırılıb. Və göründüyü kimi, əməliyyat da başlayıb. Görünən həm də odur ki, son günlərdə İŞİD silahlı qüvvələrini Raqqadan çıxarmağa çalışır və əsasən mərkəzə və İraq sərhədinə yaxın Deyr əz-Zor və Tədmur kimi şəhərlərə yerləşməyə çalışır. Bu da qruplaşmanın artıq Raqqanı itirəcəyi ilə barışdığını, özünə yeni mərkəz axtardığını göstərir. Çünki güclü silahlanmış kürd qüvvələri, üstəlik ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava dəstəyi qarşısında Raqqanı qoruyub saxlamaq çox çətin olacaq.

Ancaq Raqqa əməliyyatı yalnız İŞİD-in məğlubiyyəti deyil, bölgədə hərbi-siyasi şəraitin dəyişməsi deməkdir. Raqqa İŞİD-dən təmizləndikdən sonra kürdlər faktiki olaraq Suriyada ikinci əsas gücə çevrilirlər. Suriyanın şimalında böyük bir əraziyə, o cümlədən strateji əhəmiyyətli bir sıra nöqtələrə kürdlər nəzarət edəcək. Bu isə növbəti mərhələdə, yaxud da İŞİD-dən qurtulduqdan sonra Suriyada kürdlərlə yeni toqquşmanın olacağını göstərir. Hazırda kürdlərdən narahat olan iki əsas qüvvə var. Birincisi Suriya hakimiyyətidir. Dəməşq ölkənin şimalında kürdlərin əlində bu qədər böyük ərazilərin olmasını rahat həzm edə bilməz.

Kürdlərlə toqquşa biləcək ikinci əsas güc Türkiyədir. Ankara YPG-ni PKK-nın müttəfiq təşkilatı hesab edir. Kürdlərə verilən silahların daha sonra Türkiyə ərazisində PKK terrorçularında ələ keçməsi Ankaranın narahatlığını əsaslandırır. Bundan başqa, Türkiyə Suriya ərazisində daha bir kürd muxtariyyətinin yaranmasının daxildəki kürd separatizmini alovlandıracağından narahatdır. İraqdan sonra ikinci bir kürd muxtariyyəti Türkiyə üçün başağrısı olacaq. Ancaq Ankaranın bütün israrlarına, xəbərdarlıqlarına baxmayaraq Vaşinqton kürdlərlə əməkdaşlığı davam etdirir və onları özünün əsas yerli müttəfiqi olaraq birgə əməliyyata getdi.

Şənbə günü İstanbulda çıxış edən prezident Ərdoğan deyib ki, Rusiya və ABŞ-la danışıqlardan sonra Türkiyə hələlik gözləmə mövqeyindədir. Sitat: “Biz hazırda izləyirik. Raqqada İŞİD var. Hazırda ABŞ iki terror təşkilatı - biri siyasi qanad PYD, o biri hərbi qanad YPG - Raqqanı alacağını deyir. Biz onlara izah etdik. Amma faydası olmadı. Bunu onlara da dedik, əgər Suriyadan ölkəmizə hər hansı təzyiq olarsa, o zaman biz artıq bu mövzuda kiminləsə danışmayacağıq, qərarımızı özümüz verəcəyik. Necə ki, Cerablus, Rai, əl-Babda addımı atmışdıq, bundan sonra da onu edərik”.

Ancaq prezidentin təhdidinə baxmayaraq faktiki olaraq Türkiyənin hazırda birbaşa hərbi müdaxilə etmək imkanı demək olar ki, yoxdur. Məsələ ondadır ki, daha əvvəl Türkiyə-Suriya sərhədində kürd silahlıları ilə qarşıdurma baş verib, hətta sonuncu dəfə bir neçə həftə əvvəl YPG ərazilərindən atılan snayper gülləsi ilə Türkiyə ordusunun bir hərbçisi şəhid olub. Ancaq bu hadisədən sonra ABŞ ordusu silahlı birliklərini Türkiyə-Suriya sərhədinə yerləşdirib və hazırda Türkiyə ordusu ilə kürdlər arasında amerikalılar zirehli texnika ilə patrul gəzirlər. Yəni faktiki olaraq iki qüvvə arasında birbaşa təmas mümkün deyil. Bu isə Türkiyənin kürd bölgəsinə müdaxilə üçün siyasi əsasları məhdudlaşdırır.
Türkiyənin geri qalan yeganə yolu siyasi danışıqlarda ABŞ-dan kürdlərlə bağlı daha ciddi təminat almaq, münaqişənin gedişində kürdlərin Suriya sərhədindən uzaqlaşdırılmasına nail olmaqıdır. Bunun üçünsə Türkiyənin Dəməşqlə ortaq hərəkət etməsi lazımdır. Çünki indi faktiki olaraq bu mövzuda Türkiyənin əsas sahə müttəfiqi Suriya və İrandır./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26