Interposta.Info

ABŞ kürdlərə ən müasir silahlar verir -

Siyasət
 28-07-2017, 22:31     10 485

PKK qollarının PUA-lar alması İŞİD-sonrası dönəmdə kürdlərlə yeni toqquşmaları qaçılmaz edir...

ABŞ hökuməti Suriya kürdlərinə pilotsuz təyyarələr verir. Bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Pentaqon Suriya Demokratik Qüvvələri qruplaşmasına İŞİD-ə qarşı mübarizədə dəstək vermək məqsədilə pilotsuz aparatlar göndərməyi qərara alıb.

Artıq bununla bağlı müvafiq uçuş və təchizat sistemləri qurulduğunu bir amerikalı zabit də təsdiqləyib. Hələlik kürdlərə veriləcək PUA-ların modeli və sayı haqqında bir məlumat yoxdur. Aparatlara xidmət edəcək mütəxəssislər də göndərilib.

Qeyd edək ki, hələ 2015-ci ildə ərəb mətbuatında ABŞ-ın kürdlərə İŞİD-ə qarşı mübarizə məqsədi ilə pilotsuz aparatlar verdiyini yazmışdı. Həmin vaxt amerikalıların verdiyi aparatlar əsasən kəşfiyyat və izləmə xidməti həyata keçirən PUA-lar idi. Ancaq indi veriləcək PUA-ların hansı kateqoriyadan olacağı məlum deyil. Hazırda Raqqada İŞİD-ə qarşı əməliyyatlar davam etdiyi bir vaxtda bu cür aparatların kəşfiyyat və izləmə həyata keçirməyə ehtiyac var.
ABŞ kürdlərə ən müasir silahlar verir -


Lakin istənilən halda faktın özü amerikalıların kürdləri silahlandırmaq qərarında israrlı olduğunu və bu dəstəyin genişlənəcəyini göstərir. Məsələ ondadır ki, Pentaqon son 3 ildə Suriyada kürdlərin PYD siyasi təşkilatı və onun hərbi qanadı YPG-ni dəstəkləyir. Bu ilin aprelində prezident Tramp Raqqa əməliyyatına dəstək adı ilə kürdlərə 300 milyon dollarlıq silah və sursat yardımı haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Pentaqon kürdlərə (indiki adı Suriya Demokratik Qüvvələri) 120 mm-lik minaatanlar, ağır pulemyotlar və yüngül pulemyotlar, sursat və yüngül zirehli maşınlar, tanklar, zirehli maşınlar və hətta istiliyə uçan raketlər veriləcəkdi. Doğrudur, sonradan amerikalılar kürdlərə istiliyə uçan raketlərin verilməyəcəyini bildirdilər. Ancaq açıqlanan silahlar və onların sayı ciddi rəqəm idi və kürdləri regionda əsas silahlı güclərdən birinə çevirməyə kifayət edir.
ABŞ kürdlərə ən müasir silahlar verir -


Qeyd edək ki, ABŞ-ın kürdlərə müxtəlif tipli silahlar verməsi, necə deyərlər, yeni xəbər deyil. Hətta bir ara Pentaqonun kürdlərə Raqqa əməliyyatı üçün “Apache” vertolyotları verəcəyi haqda məlumatlar da mediaya yol tapmışdı. Aydın məsələdir ki, ABŞ hökuməti Suriyanın şimalında İŞİD-ə qarşı əsas müttəfiq olaraq məhz kürdlərlə birlikdə mübarizə aparır. Vaşinqton Türkiyəni də Raqqa əməliyyatına qatılmağa çalışsa da, Ankara YPG-nin PKK-nın Suriya qanadı olması faktını əsas gətirərək bu plandan imtina etdi. Ancaq Ankaranın israrlarına baxmayaraq, Vaşinqton Raqqa əməliyyatına NATO müttəfiqi ilə deyil, kürdlərlə getməyə üstünlük verdi. Burda yerli şərtlərlə yanaşı təbii ki, Vaşinqtonun Suriyanın gələcəyi ilə bağlı kürdlər üzərində planının olması faktı var. ABŞ gələcəkdə Suriyada kürd muxtariyyətinin qurulması, ölkənin federallaşması və Suriyanın şimalında qurulacaq yeni kürd muxtariyyətinin Vaşinqtonun yeni bölgə müttəfiqi olması üçün lazım olan addımları atır. Çünki kürdlərin siyasi status alması nəticə etibarı ilə həm Ankara, həm də Dəməşq üçün təzyiq vasitəsinə çevriləcək.
ABŞ kürdlərə ən müasir silahlar verir -


Məhz bu səbəbdən Vaşinqton kürdləri ciddi şəkildə silahlandırır. İndiki vaxtda kürdlər əsasən ABŞ ordusunun nəzarəti altında İŞİD-ə qarşı vuruşsa da, gələcəkdə kürdlərlə Azad Suriya Ordusu kimi Türkiyənin dəstəklədiyi müxalif qruplaşmalarla toqquşması qaçılmaz olacaq. Çünki hazırda Afrin bölgəsində kürdlər və müxaliflər arasında gərgin vəziyyət var, amerikalıların müdaxiləsi olmasa, iki qruplaşmanın toqquşması qaçılmazdır. Məsələ ondadır ki, həm kürdlərin, həm də müxaliflərin iddia etdiyi ərazilər uğurunda iki qüvvənin qarşı-qarşıya gəlməsi realdır.
Digər tərəfdən, YPG PKK ilə yaxın müttəfiqdir və ona verilən silahların daha sonra PKK-nın əlinə keçməsi təhlükəsi hər zaman mövcuddur. Bu mənada Vaşinqtonun durmadan kürdləri silahlandırması Ankaranı ciddi şəkildə narahat edir. Hələlik Türkiyə onsuz da münasibətlərin zədəli olduğu Vaşinqtonla kürd məsələsinə görə qarşı-qarşıya gəlməsə də, gələcəkdə Suriya ərazisində kürdlərlə toqquşmaya getməyəcəyinə kimsə təminat verə bilməz./musavat.com

Hələlik həm İŞİD faktoru, həm də amerikalıların birbaşa sərhədə yerləşməsi bu toqquşmanın qarşısını alır, amma bu maneə uzun zaman davam edə bilməyəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26