Interposta.Info

Əl-Babın bombalanması -

Gündəm
 11-02-2017, 07:20     600

 Əl-Babın bombalanması -

Suriyanın şimalında həlqə sürətlə daralır
Suriyanın əl-Bab qəsəbəsində gedən döyüşlər zamanı Türkiyə ordusunun hərbi qulluqçularının olduğu bina Rusiya təyyarələri tərəfindən vurulub. Fevralın 9-da baş verən insident nəticəsində rəsmi məlumata görə 3 türk hərbçisi öldürülüb, 11 nəfər isə yaralanıb.
Hadisədən dərhal sonra Rusiya tərəfi açıqlama yayaraq olayın yanlışlıqla, əməliyyat tərəfləri arasında koordinasiyanın olmaması nəticəsində baş verdiyini bəyan edib. Bundan sonra Rusiya ordusunun baş qərargah rəisi Valeriy Gerasimov Türkiyə ordusu baş qərargah rəisi Hulusi Akara zəng edib, ardınca isə prezident Putin prezident Ərdoğana zəng edərək başsağlığı verib.


Ancaq ruslar və türklər hadisənin qəza və koordinasiyasızlıq nəticəsində olması ilə qane olsa da, müstəqil mənbələr hadisədə qəsb faktorunu vurğulayırlar. Məsələ ondadır ki, əl-Babdakı insident baş verdikdən saatlar əvvəl Türkiyə və ABŞ prezidenti arasında telefon danışığı olub. Eyni zamanda həmin gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ankaraya gəlib. Bir gün əvvəl, yəni fevralın 8-də isə Rusiya XİN rəsmi nümayəndəsi gözlənilmədən yeri mediaya xatırladıb ki, Rusiya nə PKK, nə də Suriyadakı YPG qruplaşmalarını terror təşkilatı olaraq tanımır, sadəcə fəaliyyətlərini terror hadisəsi kimi qiymətləndirir.

Bu hadisələr zəncirində rusların qızğın döyüşlərin davam etdiyi əl-Babda türkləri yanlışlıqla vurması ilk baxışda şübhə doğurur. İşin içinə bir az da “komplo teoriləri” qatdıqda bu hadisənin rusların qisas aktı və ya ABŞ-la yaxınlaşan Ankaraya xəbərdarlığı kimi yozmaq mümkündür. Ancaq hər nə qədər bu cür yozumlara açıq olsa da, əks arqumentlər hələ çox güclüdür və hadisənin təsadüf və ya rusların dediyi kimi koordinasiyasızlıq olması ehtimalı yüksəkdir.

Məsələ ondadır ki, hazırda əl-Bab yaşayış məntəqəsi uğurunda Türkiyə ordusu və dəstəkçi müxalif silahlılarla İŞİD terrorçuları arasında qızğın döyüşlər gedir. Son iki gündə Türkiyə ordusu hissələrinin artıq əl-Babın bəzi hissələrinə daxil olduğu və küçə döyüşlərinin getdiyi haqda xəbərlər verilir. Yəni belə bir şəraitdə istənilən, hətta ən müasir nişanalma texnikası olan təyyarələrin belə yanılması mümkündür. Üstəlik əməliyyat zamanı qüvvələr arasında koordinasiya da olmayıb. Bu vəziyyətdə yanılma ehtimalı tamamilə realdır.
Qeyd edək ki, ötən il avqustun 24-də başlayan “Fırat Kalkanı” əməliyyatı ilə Türkiyə ordusu sərhədi keçərək Suriya ərazisinə daxil olub. Menbic qəzəbəsini İŞİD-dən sürətlə təmizləyən Türkiyə ordusu əl-Bab qəsəbəsini almağa çalışsa da, İŞİD-in güclü müqaviməti ilə rastlaşıb. İŞİD ənənəvi taktika ilə minalanmış avtomobillər, kamikadzelər və yerə basdırılmış minalarla şəhərin girişlərini bir mənada ordunun üzünə bağlayıb. Türkiyə ordusunun əl-Babda ilişib qalmasının daha bir səbəbi isə dəstək qüvvələrinin, yəni müxalif Suriya silahlılarının gözlənilən dəstəyi verməməsi, əməliyyatda avanqard qüvvə kimi çıxış etməməsi hesab edilir. Rusiya hərbi hava qüvvələri daha əvvəl də əl-Babda Türkiyə təyyarələri ilə birlikdə reydlər keçirib, çoxlu sayda terrorçunun məhv edilməsi reydləri olub. Ancaq Türkiyə ordusu əl-Babı tam mühasirəyə ala bilməməsi, qəsəbədə dinc əhalinin qalxan kimi istifadə olunması və İŞİD-in müqaviməti əməliyyatın uzanmasına səbəb olub.

Ancaq iki gün əvvəl məlum olub ki. Suriya ordusu cənub-qərbdən irəliləyərək əl-Baba yaxınlaşıb və bir neçə kəndi aldıqdan sonra qəsəbə tamamilə mühasirəyə düşüb. Ehtimal olunu rki, Türkiyə ordusunun əl-Babı ala bilməməsindən istifadə edərək Suriya ordusu qəsəbəni nəzarətə götürməyə çalışır. Türkiyə isə buna qarşı Rusiya ilə koordinasiyalı çalışmaq və Suriya və Türkiyə ordusunun qarşı-qarşıya gəlməməsi üçün rusların vasitəçiliyindən istifadə etməyə çalışır. Suriya ordusunun əl-Bab ətrafında möhkəmlənməsi həm də Türkiyə ordusunun Suriyanın irəliləməsinin dayandırması mənasına gəlir. Yəni ordunun bundan sonrakı hərəkəti əl-Bab əməliyyatından sonra məlum olacaq.

Məsələ ondadır ki, amerikalılar Suriya ordusu və ruslardan daha əvvəl kürdlərin əli ilə İŞİD-in Suriya paytaxtı Raqqa şəhərini ələ keçirməyə çalışır. Çünki Raqqanın ələ keçirilməsi həm də Suriyanın gələcək taleyi, İŞİD-in mirası baxımından mühüm əhəmiyyət kəsb edir. Amerikalılar Türkiyəyə Raqqa əməliyyatında iştirakı təklif etsələr də, Ankara YPG ilə Raqqa əməliyyatına qatılıb bu təşkilatı legitimləşdirmək istəmir. Beləliklə, Suriyanın şimalında hələ sürətlə daralır. Amerikalıların təşəbbüsü ələ alması, yoxsa rusların möhkəmlənməsi həm də qarşıdakı günlərdə baş verəcək hadisələrin gedişindən asılı olacaq. Bu səbəbdən də ara dönəmdə təxribatların olması tamamilə gözləniləndir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26