Interposta.Info

Putinin rus hakerləri müdafiə etməsi Qərb analitiklərini hiddətləndirib

Dünya
 3-06-2017, 18:38     589

Xəbər verdyimiz kimi, Rusiya prezidenti Vladimir Putin həftənin 4-cü günü Sankt-Peterburq şəhərində keçrilən iqtisadi forumda vətənpərvər hakerlərin ABŞ seçkilərinə müdaxilə etdiyinə işarə vuran sözlər sərf edib. Putin eyni zamanda vurğulayıb ki, onların heç birinin fəaliyyəti dövlət tərəfindən dəstəklənməyib.

“Rəssamlar” ölkələrinin adından hərəkət edə bilərlər, onlar yaxşı əhvalda oyanır və cizgilər çizməyə başlayır. Eynilə hakerlər də bu gün oyanıb və dövlətlərarası əlaqələrlə bağlı nəsə oxuyublar” – Putin bildirib.
Putinin bu özünəməxsus etirafı Qərb mətbuatını, necə deyərlər, cin atına mindirib.

“Deyəsən, Vaşinqtonda gedən təhqiqatın dərinləşməsi nəticəsində Rusiya dövlətinin, ən azı rusiyalıların haker hücumlarına qarışdığının ortaya çıxmasından narahat olan Putin preventiv müdafiə taktikası ilə hərəkət etmək istəyir. Kreml bu taktikadan Ukrayna torpaqlarının işğalı və Suriyada həyata keçirdiyi hərvi müdaxilə zamanı da istifadə etmişdi”, -The New York Times yazır.

“Suyu bulandırmaq və iz azdırmaq məsələsində əsl usta olan Putin təhqiqatın Rusiyaya qədər uzanması halında əldə ediləcək istənilən dəlilə qarşı müxtəlif alternativ nəzəriyyələr irəli sürür”, - məqalənin müəllifi Endryu Higgins qeyd edir.

“2014-cü ilin əvvələrində Krımda “yaşıl adamcıqlar” deyilən, Rusiyanın təbiri ilə guya qeyri-nizami hərbiləşdirilmiş qüvvələr peyda oldu”, - The Daily Beast qəzetindən Klint Uots Rusiyanın Ukraynadakı işğal ssenarisini xatırladır:

“Həmin vaxt Putin bəyan edirdi ki, maskalanmış hərbçilər Rusiyapərəst özünümüdafiə dəstələrindən başqa bir şey deyil. Lakin daha sonra Kremlin Krımda mükəmməl şəkildə hazırlanmış siyasi tamaşaya quruluş verdiyi sübut olundu. Bu tamaşa rus dilində “dramaturgiya”-yəni teatr sənəti adlanır”, - jurnalist yazır. (Putin daha sonra “yaşıl adamcıqlar”ın Rusiya hərbçiləri olduğunu etiraf edib-red.)

“Budur, artıq Putin ABŞ-ın siyasi sisteminə yönəlik haker hücumları ilə bağlı əvvəlki sözlərinə düzəliş gətirərək rusiyalıların 2016-cı il seçkilərinə qarşı biləcəyini etiraf edir”, - məqalədə bildirilir.

Müəllif bundan belə bir nəticə çıxarır: “Kreml əvvəlcədən (oğru kimi-red.) əlində nağd pulla tutulacağını bildiyi üçün cavablarını da elə əvvəldən hazırlayıb”.

“Biz hər halda Putinin hansısa planı olduğunu bilirik. Çünki Amerikadan fərqli olaraq Kremldə həmişə plan tapılır”, - jurnalist yekunda ABŞ-ı idarə edənləri sancmağı unutmayıb.

“Əvvəlcə Krımdakı “yaşıl adamcıqlar”, daha sonra Donbasda “hərbi məzuniyyətlərini” keçirən hərbçilər, indi də “vətənpərvər hakerlər”... - İtaliyanın La Stampa qəzetində Anna Zafesovanın məqaləsi belə başlayır.

“Rusiyanın ABŞ seçkiləri ətrafında virtual müharibələrdə mümkün iştirakını etiraf etmək üçün prezident tərəfindən istifadə edilən texnika öncədən bəlirlənib: İlk öncə “bu doğru deyil” (“Rusiya heç vaxt bu işlə məşğul olmur”), ikincisi bu feyk (yalan) ola bilər (“Kimsə Rusiya vətəndaşının adı ilə fleş-kartdan istifadə edə bilər. Indiki dünyada hər şey mümkündür”), lakin hakerlər bir vətəndaş olaraq Rusiya haqqında pis düşüncədə olan insanları cəzalandırmaq istəyə bilərlər”, - məqalədə qeyd olunur.

“Krımda Putin hərbi nişan daşımayan hərbçilərin rusiyalı olduğunu etiraf etsə də, Donbasda hələ də fəaliyyət göstərən rus əsgərlərininkönüllü şəkildə qulluq etdiyini söyləyir. Heç demə, orada vuruşan generallar, özləri ilə onlarla tankı götürüb məzuniyyətə gediblərmiş”, - jurnalist ironiya ilə əlavə edir.

Müəllif Sankt-Peterburqda fəaliyyət göstərən “trollar (hakerlər-red) fabriki”nin “İnternet-issledovaniya” təşkilatına məxsus olduğunu xatırladır. Həmin firma isə ictimaiyyətdə “Putinin aşpazı” kim tanınan Yevgeni Priqojinə məxsusdur.

Daha sonra Zafesova ehtiyatda olan polkovnik Dmitri Utkinlə bağlı əhvalata oxunub. “Vaqner ləqəbli bu hərbçi özünün qızğın fəaliyyəti ilə seçilir. “Vaqnerçilərin” məşq bazası isə Rusiya Müdafiə Nazirliyi tərəfindən maliyyələşir və Priqojinin holdnqi tərəfindən təchiz edilir”, - jurnalist yazır.

Məqalədə Konstantin Malofeyev adlı bankir barədə bəhs edilir. “Ukrayna böhranı zamanı Kreml Krımın işğalının zəruriliyi barədə memorandumlar verməkdə davam edirdi. Sonradan işğala və Donbasdakı separatçı hərəkata rəhbərlik edənlərin, o cümlədən“Donetsk Xalq Respublikası”ının “müdafiə naziri” İqor Strelkov həmin bankın əməkdaşı sayılırdılar”.

Zafesova gətirdiyi bu cür nümunələrlə Putinin xüsusi şəxslərin guya öz təşəbbüsü ilə fəaliyyət göstərdiyi barədə söylədiklərinin yalan olduğuna işarə vurub. Çünki onların hamısı birbaşa Kremlin iradəsi və əmri ilə hərəkət ediblər./Musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26