Interposta.Info

Tramp cütlüyünün münasibətləri dünyanın diqqətində -

Dünya
 25-05-2017, 22:23     750

“Melania, ya ərinin yanına köç, ya da....” – 500 min amerikalıdan ilginc tələb

Amerikanın birinci xanımı Melania Tramp növbəti dəfə həyat yoldaşının əlini tutmaqdan imtina edib. Bəli, bəlkə kimlərəsə bu, kiçik hadisə kimi görünə bilər. Amma dünyanın super dövlətinin başçısının ailə həyatında baş verən soyuqluq və bunun bütün dünyanın gözü qarşısında baş verməsi sıradan hadisə deyil.

MELANİA BİR NEÇƏ DƏFƏ ƏRİNİN ƏLİNİ RƏDD EDİB, AMERİKA NARAHATDIR

Sonuncu insident Roma səfəri zamanı baş verib. Bu barədə videosüjetlər dəfələrlə yayılıb və dünya da bunu görüb. Kadrlardan görünür ki, Tramp təyyarədən çıxanda həyat yoldaşının əlini tutmağa cəhd edib. Bu zaman Melania qəsdən əlini saçına tərəf uzadıb və saçını düzəltmək bəhanəsi ilə ərinin əlini tutmayıb. Qısa müddət ərzində birinci ledinin bu jesti dünya mediasında yayılıb.

Bundan qısa müddət öncə Melania Tramp Təl-Əviv aeroportunda da eyni jesti etmişdi. Amerikan jurnalistlərin fikrincə, Melanianın bu addımı “sirli bəhanələrlə“ izah oluna bilər. Onlar eyni zamanda təxmin edirlər ki, birinci ledinin əhvalı təyyarənin içində, uçuş zamanı da korlana bilər. Trampın xüsusi kobudluqları dünyaca məşhur olduğu üçün onun eyni tövrləri həyat yoldaşına qarşı sərgilədiyi və insidentin buna görə yaşandığı da istisna deyil. Rəsmi tədbirlərdə prezidenti jurnalistlər də müşayiət edir. Bunu bilə-bilə birinci ledinin bu cür davranışları kifayət qədər sual və narahatlıq doğurur. Təbii ki, daha çox ölkə əhalisində. Çünki amerikalılar prezidentlərini də, onun həyat yoldaşını da mükəmməl, qayda-qanuna uyğun, mehriban görmək istəyirlər. Bu olmayanda isə sosial şəbəkədə sözügedən mövzuda ciddi müzakirələr gedir. Necə deyərlər, amerikalılar nümunəvi ər-arvad sevirlər. Onlar Klinton ailəsində baş verən xəyanət qalmaqalından sonra uzun müddət silkələndikləri üçün bu sayaq faktları sindirə bilmir. Xatırlayırsınızsa, həmin vaxt cəmiyyət birmənalı şəkildə Bill Klintonu suçlamışdı. Bundan başqa, Amerika cəmiyyətində ailə dəyərlərinə münasibət olduqca ciddidir. Fransız, kanadalı və hollandlardan fərqli olaraq, onlar prezidentin ailə institutundakı tövrünü və bu institutun atributlarını hər şeydən üstün tutur. Necə deyərlər, “kiçik dövlət”də necəsənsə, “böyük dövlət”də o cür olacaqsan yanaşması...
Tramp cütlüyünün münasibətləri dünyanın diqqətində -



Amma bu məqamda daha çox Melania tənqid hədəfinə tuş gəlir. Ekspertlər də, yerli əhali də daha çox bu fikri müdafiə edir ki, Melania birinci lediyə layiq hərəkət etmir. Onun çılğın reaksiyaları daha çox ərgənlərin hərəkətlərini xatırladır. Asi, çılğın və diqqət çəkməyə çalışan ərgənlərin... Deyəsən, sonuncunu bacarır. Yəni, diqqət çəkməyi...

Bundan başqa, bu günə qədər Amerikanın tarixində heç bir birinci ledinin bu cür asi, etiketə uyğun gəlməyən hərəkətlər sərgiləməyib. Melania bu məsələdə də birinci olmağı bacardı. Necə ki, çılpaq şəkillərin qəhrəmanı olaraq, Ağ Evdə yerləşməyi bacarmışdı.

AMERİKA CƏMİYYƏTİNDƏN İRONİK REAKSİYA – TRAMP MEKSİKA İLƏ YOX, MELANİA İLƏ ARASINA DİVAR HÖRDÜ

Artıq Amerika və dünya mediasının arxivində Tramp cütlüyünün əl-ələ dayana biləcəyi halda, aralı və soyuq dayanması ilə bağlı bir neçə foto var. Bununla bağlı media bir neçə dəfə yazıb. İlkin versiya belədir ki, cütlüyün münasibətləri heç də rəvan deyil. Sosial şəbəkələrdə ilk dəfə #SadMelania (qəmgin Melania) haştaqı yarananda mövzunun uzanacağı bəlli idi. Ən populyar foto isə hansı idi, bilirsizmi? Tramp ondan arxada dayanan həyat yoldaşına tərəf dönür, o isə bu jestə qarşılıq olaraq gülümsünür. Amma prezident yenidən qabağa baxanda Melanianın üzü dönür, olduqca kədərli, bir qədər də hirsli bir mimika alır.

26 apreldə isə münasibətlərin soyuq olmasını sübut edən daha bir hadisə baş verdi. Belə ki, Amerikanın lideri öz həyat yoldaşını şəxsən yox, “Tvitter” vasitəsilə və olduqca quru şəkildə təbrik etdi.

Amma bununla yanaşı, daha bir ilginc fakt var. Artıq Amerika cəmiyyətinin tanınmış jurnalistləri, talk şou aparıcıları bu mövzunu çeynəyib qurtarıblar. Demək olar ki, hər bir məşhur simanın, eləcə də imzanın bu mövzu ilə bağlı “möhür kimi” sitatları var. Məsələn, Amerikan aktyor və prodüser Endri Ostroyanın bu münasibətlərlə bağlı dillərə dastan bir şərhi var. O, deyib ki, Tramp hakimiyyətə gəlməzdən əvvəl Meksika ilə aralarında divar hördürəcəyini desə də, hördürə bildiyi yeganə divar Melania ilə arasında olandır. Melania “Tvitter”də yazılan bu şərhi bəyənənlər arasında olub. Baxmayaraq ki, bir neçə saat sonra onun bu şərhi bəyənməni geri çəkib.

500 MİN AMERİKALI MELANİADAN TƏLƏB EDİR – YA ƏRİNİN YANINA KÖÇ, YA DA...

Situasiya isə onu göstərir ki, ər-arvad birgə yaşamırlar. Tramp qanunun tələb etdiyi qaydaya uyğun olaraq, Vaşinqtonda, Ağ Evdə yaşayır. Melania isə Nyu Yorkda bir həyat keçirir. Birinci ledinin öz həyat yoldaşı ilə yaşamamasının rəsmi səbəbi olaraq, onların oğlu göstərilir. Belə ki, anası Nyu Yorkda təhsil alan oğlunun məktəbini dəyişdirmək istəmir. O, bu dəyişikliyin oğlunun həyatında ciddi stress yaradacağını düşünür. Yəni, oğlunun məktəbini dəyişdirmədiyi üçün özü də ona nəzarət etmək üçün yanında qalır. Son nəticədə cütlüyün münasibətlərinin soyuması və bu məsələdə bir anlaşmaya gələ bilməməsi faktı öz təsdiqini tapır.

Bu məqam isə Amerika cəmiyyətində ciddi narazılıqlara səbəb olur. Çünki məhz ayrı yaşama faktına görə birinci ledinin mühafizəsi üçün dövlət büdcəsindən ciddi məbləğdə əlavə vəsait ayrılır. Məhz bu faktora görə də 500.000 amerikalı Melania Trampın ərinin yanına köçməsi və ya mühafizə xərclərini şəxsi büdcəsindən ödəməsi ilə bağlı petisiya imzalayıblar. Nyu Yorkun yerli polis orqanlarının yaydığı məlumata görə, prezident ailəsinin mühafizəsi 127 min dollardan 146 min dollara qədər dəyişir. Bu rəqəmi “İndependent” qəzeti yazıb.
Bununla belə, cütlüyün münasibətlərinin pisləşməsi və bunun səbəbləri ilə bağlı Ağ Evdən hər hansı rəsmi açıqlama gəlməyib. Soyuqluq və cütlük arasında etiket qaydalarına uymayan bu cür hərəkətlər davam etdiyi müddətcə mövzu daha çox müzakirə olunacaq.
Təbii ki, Donald Tramp buna “dayan” deməsə.../musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26