Interposta.Info

ABŞ Konqresində ilk dəfə olaraq "impiçment" sözü səsləndi

Dünya
 18-05-2017, 12:27     461

"The Independent" yazır ki, ABŞ Konqresindəki respublikaçılar özlərini Donald Trampın impiçment oluna biləcəyi varianta hazırlamağa başlayıblar.

Son xəbərlərə görə, Tramp FTB-nin keçmiş direktoru Ceyms Komidən keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrini araşdıran təhqiqatı dayandırmasını xahiş edib. Bu isə artıq ədalətin qarşısının alınması deməkdir və cinayət əməli hesab olunur.

Respublikaçı konqresmen Castin Amaş "The Hill" qəzetinə deyib ki, əgər Trampın FTB direktoru Komiyə təzyiq göstərməsi xəbəri doğrudursa, impiçment prosesinə başlanmalıdır.

CNN-ə müsahibəsində respublikaçı konqresmen Karlos Kurbelo cənab Trampın iddia olunduğuna görə Komiyə göstərdiyi təzyiqi, keçmiş prezidentlər Riçard Nikson və Bill Klintona qarşı impiçment prosesinə səbəb olmuş vəziyyətə bənzədib.
O deyib ki, Nikson-la bağlı yaranmış vəziyyətdə və Klinton işində ədalətin qarşısının alınması impiçmentlik əməl hesab edilmişdi.

Bu iki konqresmen Trampın kəskin tənqidçiləridir və seçkidə ona səs verməyiblər.

Məqalədə deyilir ki, respublikaçıların impiçment məsələsini götür-qoy etmələri Trampla bağlı son qalmaqalın yaratdığı şimşəyin gücünü göstərir.
"New York Times" qəzetinin yazdığına görə prezidentin cənab Komiyə məktubunda deyilirdi: "Ümid edirəm ki, siz bu işin bitirilməsi yolunu görürsünüz, Flinnlə əlaqədar işin".

Cənab Komi tərəfindən yazıldığı xəbər verilmiş memodan belə görünür ki, Tramp öz adamları ilə Rusiya arasındakı əlaqələrə dair təhqiqatın gedişinə təsir göstərmək istəyib.

Hazırda Tramp komandasının Rusiya ilə bağlarına dair araşdırma və Flinn-Moskva əlaqələri ayrı-ayrılıqda araşdırılır.
Cənab Flinn ötən fevralda Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla öz arasında olan söhbət barədə vise-prezident Mayk Pens və başqa rəsmilərə yanlış məlumat verdiyi bəlli olduqdan sonra istefa vermişdi.

Qəzet yazırdı ki, cənab Comey Trump-la Flynn-in istefasının ertəsi günü baş vermiş görüşünün təfərrüatları barədə memo yazıb.

Ağ Ev isə iddia edir ki, həmin memo Tramp və Komi arasındakı söhbəti düzgün əks etdirmir.
Putin Trampa pul ödəyirmiş?

"The Telegraph" qəzeti isə yazır ki, respublikaçı liderlərdən Kevin Makkarti praymerizlər zamanı etdiyi şəxsi söhbətlərdən birində "Putinin Trampa ödənişlər etdiyini" deyib.

2016-cı ilin iyun ayına aid səs yazısında Kevin Makkarti deyib ki, "Putin Tramp-a pul ödəyir". Bu barədə məlumatı "The Washington Post" qəzeti verib.

Bu səs yazısında o zaman Nümayəndələr Palatasında ən yüksək vəzifəli respublikaçı olan cənab Makkarti deyib ki, namizəd Tramp Rusiya prezidenti tərəfindən maliyyələşdirilir.

"Məncə, Putinin pul ödədiyi iki adam var: Rofabaçer və Tramp" - deyib Kaliforniyadan respublikaçı konqresmen Makkarti.

Onun 2016-cı il 15 iyunda dediyi bu sözlər yazılıb və "The Washington Post" həmin səs yazısına qulaq asdığını təsdiqləyir.
Dana Rofabaçer kaliforniyalı respublikaçıdır və Konqresdə Putin və Rusiyanın qızğın təəssübkeşi kimi tanınır.

Respublikaçı spiker Paul Rayan bu söhbəti yazanlardan onu sızdırmamağı xahiş edibmiş.

"The Washington Post" cənab Makartinin adamları ilə əlaqə yaradıb, lakin onlar bu söhbətləri inkar ediblər.
Amma söhbətin lent yazısının olduğunu biləndə, onlar bunun "zarafat" olduğunu deyiblər (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26