Interposta.Info

Bukmekerlər Trampın impiçmenti barədə mərc təşkil etməyə başlayıblar

Dünya
 28-02-2017, 12:13     459

Bukmekerlər Trampın impiçmenti barədə mərc təşkil etməyə başlayıblar

ABŞ prezidenti Donald Tramp vəzifəyə yeni keçən prezidentlər arasında ən aşağı reytinqə malik adam kimi tarixə düşüb.

Respublikaçı prezidentin nüfuzu 43% civarındadır.


Siyasi müşahidəçilər ehtiyatla da olsa D.Trampın impiçmenti barədə danışmağa başlayıblar. Bununla belə, ekspertlər hadisələrin bu tərzdə inkişaf edəcəyinə inanmırlar.

D.Trampın vaxtından əvvəl hakimiyyətdən gedəcəyi barədə şayiələr artıq bukmeker kontorlarının da hədəfinə düşüb.

Keçən həftə Londonda yerləşən “Ladbrokes” kontoru Trampın normal müddətə qədər iqtidarda qalmayacağı barədə pul qoyuluşlarını qəbul etməyə başlayıb. Hazırda kontordakı əmsal 11-in 10-a nisbətindədir.

Eyni şərtlərlə “Bovada” onlayn oyunlar platforması 100 dollar pul qoyuluşu həyata keçirənlərə 180 dollarlıq uduş vəd edib.
İrlandiyanın Paddy Power kontoru isə prezidentin impiçmentinin əmsalını 4-ün 1-ə olan nisbətində dəyərləndirib. Yeri gəlmişkən, Trampın qələbəsi keçən il Paddy Power-ə 5 milyon dollar ziyan vurub.

ABŞ-da prezidentin impiçment proseduru Konqresin Nümayəndələr palatasında başlayır, Senatda bitir. Hər iki palatada impiçmentə üzvlərin üçdə iksinin razılığı tələb olunur. Senatdakı müzakirələrdə Ali Məhkəmənin sədri də iştirak etməlidir.

İmpiçment prosedurlarına başlanmasına əsas olaraq “dövlətə xəyanət”, rüşvət almaq və digər vacib cinayətlər və əməllər” göstərilir.

ABŞ tarixində 3 dəfə prezidentə qarşı məlum proseduru həyata keçirmək cəhdi olub.

İlk belə prosedur 1868-ci ilə prezident Endryu Ceksona qarşı həyata keçilrib.

Həmin il Nümayənələr palatası əksər səslə prezidentin vəzifədən kənarlaşdırılması və məhkəmə qaydasında cinayət işinə başlanması haqqında qətnamə qəbul etsə də, Senat eyni layihəni dəstəkləməyib.

Növbəti impiçment proseduru 1974-cü ilin iyulunda “Uotergeyt” qalmaqalından sonra prezident Riiçard Niksona qarşı həyata keçrilib.

Lakin Nikson prosedurun bitməsini gözləmədən həmin il avqustun 8-də keçirdiyi mətbuat konfransında istefa verib.
Maraqlıdır ki, həmin vaxtda da Niksonun reytinqi son dərəcə aşağı (91%-dən 26%-ə qədər) düşmüşdü və respublikaçı prezidentin mübarizəni sona qədər aparmamasının səbəblərindən biri də məhz bu olmuşdu.

Üçüncü və sonuncu impiçment cəhdi isə Bill Klintona, Ağ Evin işçisi Monika Levinksi ilə intim münasibətlərinə görə başlanılıb. Amma həmin vaxt Klintonun Niksondan fərqli olaraq impiçment “ip”indən məhz yüksək reytinqi xilas edib.

Ümumiyyətlə, impiçment məsələsi təkcə prezidentlərə aid deyil. ABŞ prezidentindən başqa mülki vəzifə sahibi tutan bütün şəxslər bu prosedura məruz qala blərlər. Burada hərbi vəzifəlilər və konqresmenlər istisna təşkil edir.

Ştatlarda isə qubernatorların ölkə prezidentləri qədər bəxtləri gətirməyib. ABŞ tarixində qubernatorlara qarşı 20 dəfə impiçment hadisəsi qeydə alınıb. Onlardan 8-i qubernatorun vəzifədən kənarlaşdırılması ilə nəticələnib.

İmpeçment proseduru olduqca ciddi məsələdir və ittiham olunan şəxsə qarşı güclü dəlillərin olmasını tələb edir.

Trampa qarşı hələ ki yetərli sübutlar olmasa da, hüquqşünaslar tərəfindən müəyən versiyalar artıq səsləndirlməyə başlanıb.

Bunlardan biri də yeni prezidentin Rusiyadan yardım alaraq seçilməsi, digəri isə onun sahibkar olaraq prezident maaşından əlavə əldə etdiyi gəlirlər məsələsidir.

Hər nə qədər zəif ehtimal olsa da impiçment məsələsi Donald Trampın başının üstündə “Domokl qılıncı” kimi əsməyə davam edəcək.

Siyasi müşahidəçilərin rəyinə görə, Trampın yaxın müşaviri Maykl Flinnin gözlənilmədən istefa verməyə məcbur olması əslində prezidentə edilən xəbərdarlıqdır./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26