Interposta.Info

Putin və Ərdoğan

Dünya
 6-05-2017, 12:56     475

Türkiyə Suriya qaçqınlarının toplaşdığı və müxalifətin nəzarətində olan İdlib bölgəsinə təhlükəsiz dəhlizin açılmasını istəyir.

Publika.az "Yeni Şəfəq" qəzetinə istinadən xəbər verir ki, dəhliz Azez və Tel Rıfat üzərindən İblibə humanitar yardımların təhlükəsiz şəkildə çatdırılmasını nəzərdə tutur.

Dəhlizin açılması üçün Tel Rıfatda olan rejim gücləri şərqə, PYD terror təşkilatı isə qərbə çəkilməlidir.

Qeyd edək ki, mayın 4-də Suriyada atəşkəsin qarantı olan ölkələr - Türkiyə, Rusiya və İran ölkədə təhlükəsizlik zonalarının yaradılması barədə Astanada razılığa gəlib. Daha əvvəl isə Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Soçidə keçirdiyi görüşdə bu məsələ müzakirə olunub.

Bu zonalarda isə infrastruktur yenidən qurulmalıdır. Bundan başqa, humanitar yardımların çatdırılmasında böyük çətinliklər var. Suriya ordusunun kimyəvi hücumları ilə gündəmə gələn İdlib qaçqınların ən çox toplaşdığı bölgələrdən biridir.

Suriyada təhlükəsizlik bölgələrinin yaradılması ilə ölkənin müxtəlif hissələrə bölünməsini nəzərdə tutan xəritələr də kənara qoyulmuş olub.

Məhz ötən il “Yeni Şəfəq” nəşri yazmışdı ki, Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında qüvvəyə minən atəşkəs rejimi nəticə verməsə, ABŞ-ın “B” planı, yəni Suriyanın idarə oluna biləcək şəkildə üç yerə bölünməsi qəbul ediləcək.

İddiaya əsasən, sabiq prezident Barak Obamanın sabiq müşaviri Filip Qordonun 2014-cü ildə hazırladığı “Münaqişəyə son qoymaq, mərkəzçiliyi gücləndirmək” planını Rusiya və İran da qəbul etmişdi. Beynəlxalq mənbələrə görə, “Qordon planı” bu şəkildə idi: Suriyanın şimalında PYD-nin idarə edəcəyi Kürd, Hama, Xüms, Hələb və Dəməşqi əhatə edən “Əsəd dövləti” yaradılacaq, Suriyanın qalan hissəsinə isə İŞİD nəzarət edəcək.

Suriyanın bölünməsini özündə ehtiva edən digər plan isə ABŞ-ın Roland Corporation (RC) düşüncə mərkəzinin hazırladığı “Suriya üçün sülh” planı idi. Həmin planda ölkənin üç regiona bölünməsi nəzərdə tutulurdu.

Birinci region hazırkı rejim tərəfindən idarə edilən, özündə Dəməşqin cənubunu, Xüms və Tartusu da əhatə etməklə Türkiyə sərhədinə uzanan ərazidir. İkinci hissə kürd bölgəsidir ki, bura Hələbin şərqindəki kürd nəzarətli zolaq daxildir. Üçüncü zona isə müxalifət qüvvələri tərəfindən idarə edilən Dera ətrafı və İdlibin mərkəzidir. Planın dördüncü hissəsi hazırda İŞİD-in nəzarətində olan ərazini əhatə edirdi. Plana görə, bu ərazilər İŞİD silahlıları məhv ediləndən sonra terror təşkilatına qarşı mübarizə aparan beynəlxalq koalisiyanın idarəçiliyində olmalı idi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26