Interposta.Info

ABŞ və Britaniya

Dünya
 27-01-2017, 16:10     521

ABŞ və Britaniya
"The Telegraph" qəzetinin yazdığına görə, Britaniyanın hazırda ABŞ-da səfərdə olan baş naziri Theresa May işarə edib ki, ABŞ və Britaniya bundan sonra da dünyanı öz təsəvvürlərindəki kimi qurmaq məqsədilə keçmişdə etdikləri səhvləri təkrarlamayacaqlar.

Məqalədə deyilir ki, bununla xanım Meyin İraq və Əfqanıstan müharibələrini nəzərədə tutduğu düşünülür və bu, faktiki olaraq, son 20 ildəki Britaniya xarici siyasətinin radikal dəyişməsi deməkdir.

Tereza Mey ABŞ prezidenti Donald Trampın görüşdüyü ilk xarici ölkə lideridir.

Mey deyib ki, Britaniya və Amerika indi yeni xüsusi münasibətlər quracaqlar və bu münasibətlər Çin və Hindistan kimi iqtisadiyyatların "Qərbi kölgədə" qoymasına imkan verməyəcək.

Buna baxmayaraq iki liderin mövqelərində fərqlər də hiss olunub.

Xanım Mey işgəncələrdən istifadəni kəskin pisləyib və bildirib ki, Trampın bəzi işgəncə növlərini dəstəkləməsi London-un bir sıra kəşfiyyat məlumatlarını ABŞ-la paylaşmasına mane olacaq.

Tereza Mey Trampın prezident seçilməsini "Amerika üçün yeni eranın dan yeri" adlandırıb.
Britaniya baş naziri bildirib ki, London və Washington xarici siyasət məsələlərində eyni maraqlar və dəyərləri müdafiə mövqeyindən çıxış etməli olduqlarına inanır.

"Lakin bu bizim keçmişin uğursuz siyasətlərinə qayıdışımız deyil. Britaniya və Amerikanın dünyanı öz təsəvvürlərinə uyğun şəkildə qurmaq məqsədilə suveren ölkələrə müdaxilə etdiyi vaxtlar arxada qalıb. Lakin eyni zamanda bu o demək deyildir ki, biz təhlükə real olanda müdaxilə etmədən fəaliyyətsiz qala bilərik" - deyib Mey.

"The Telegraph" yazır ki, Tereza Meyin bu bəyanatı cənab Trampın inaqurasiya nitqində dedikləri ilə səsləşir. Tramp demişdi ki, "biz öz həyat tərzimizi başqalarına sırımayacağıq, lakin onu nümunə kimi parladacağıq".

Trump və Putin arasında pozitiv münasibətlərin olmasına baxmayaraq, Britaniya naziri çıxışında Rusiyanı tənqiddən çəkinməyib.

O həmçinin İranın Yaxın Şərqdəki neqativ təsirini diqqətdən buraxmamağa çağırıb.
Mey deyib ki, Soyuq müharibəyə qayıtmaq qaçılmaz deyildir, lakin Rusiya ilə güc mövqeyindən danışılmalıdır.

"Biz xüsusilə də Krımın qanunsuz ilhaqından sonra Rusiyanın qonşusu olan ölkələrə zəmanət verməliyik ki, onların təhlükəsizliyi sual altında deyildir" - deyib xanım Mey.

"Biz prezident Putinin buranı öz nüfuz dairəsi saymasını iddia etməsinə baxmayaraq, prezident Reyqanın və xanım Thatcher-in Şərqi Avropaya gətirdiyi azadlığı təhlükəyə atmamalıyıq" - deyib baş nazir.

Londonun "Əsəd siyasəti" də dəyişir

"Bu bizim mövqeyimizdir ki, Əsəd getməlidir.... Lakin biz bu gedişin necə və hansı vaxt kəsimində baş verməsi barədə real düşünməliyik." - Boris Conson deyib.

"The Guardian" yazır ki, Britaniyanın xarici işlər naziri Boris Conson öz ölkəsinin Suriya siyasətinin dramatik şəkildə dəyişdiyinin siqnalını verib. O deyib ki, Suriyada sülh bərqərar edilərsə, hazırkı prezident Bəşər Əsədə təkrar seçkiyə namizəd kimi qatılmaq imkanı yaradılmalıdır.

Bundan əvvəl Londonun tələbi Bəşər Əsədin hakimiyyəti dərhal tərk etməsi idi. Britaniya liderləri bildirirdilər ki, Əsəd hakimiyyətdə qaldıqca Suriyada sülhün bərqərar edilməsi mümkün olmayacaq.

Britaniya baş naziri Tereza Meyin ABŞ-da prezident Trampla danışıqlarının ərəfəsində fikir bildirən xarici işlər naziri etiraf edib ki, Trampın prezident seçilməsi bütün tərəflərin öz mövqeləri barədə yenidən düşünmələrini tələb edir.

"Bu bizim mövqeyimizdir ki, Əsəd getməlidir. Bu, uzun müddət bizim mövqeyimiz olub. Lakin biz bu gedişin necə və hansı vaxt kəsimində baş verməsi barədə real düşünməliyik." - deyib Boris Johnson Lordlar palatasının beynəlxalq əlaqələr komitəsində.

Nazir bildirib ki, Suriyada hərbi-siyasi mənzərənin dəyişdiyi nəzərə alınmalıdır.

"Düzünü desəm, köhnə siyasət etimad doğrultmur" - deyib Conson.

"The Guardian" yazır ki, "dəyişən mənzərə" dedikdə xarici işlər nazirinin müxalifətin Hələbdəki məğlubiyyətini, Trampın Rusiya ilə münasibətləri yenidən qurmaq əzmini və Türkiyənin Moskva ilə yaxınlaşmasını nəzərdə tutduğunu düşünmək olar.

O deyib ki, biz uzun müddət "Əsədin getməli olduğunu mantra kimi təkrarlasaq da, bu, baş verməyib".

Conson bunu da əlavə edib ki, Trump administrasiyasının Suriyaya dair Rusiya ilə hər hansı anlaşmasında Əsədin ikinci müttəfiqi İran da yer almalı olacaq.

Bununla belə, Conson bunu da bildirib ki, İranın regiondakı hegemonluğunun artmasını istəməzdi.

Boris Conson hələ bir neçə həftə bundan əvvəl ağıla belə gəlməyini də deyib. O bildirib ki, Britaniya özünü İslam Dövləti adlandıran qrupun məğlub edilməsində Rusiya ilə əməkdaşlıq edə bilər.

O deyib ki, belə əməkdaşlıq, sonunda Əsədin vəzifədən getməsini və İranın nüfuzunun daha geniş əraziyə yayılmamasını nəzərdə tutmalıdır.

Conson deyib ki, "Rusiya ilə danışmaq lazımdır, biz onları daim özümüzdən kənara itələyə bilmərik".

"Biz mütləq bilməliyik ki, Ağ Evin istədiyi nədir. Biz burada oyunun necə başa çatacağını bilməliyik. Biz bu söhbətin formalaşmasında iştirak etməliyik və xüsusilə də İran kimi narahatlıqlarımızı çatdırmalıyıq" - deyib Britaniya xarici işlər naziri.

Johnson bunu da vurğulayıb ki, xanım May Trampla danışıqlarında NATO-nun mühümlüyünü "bu adın baş hərfləri" ilə təsdiqləməlidir.

O həmçinin deyib ki, xanım Mey, Trampı və ABŞ Konqresini İranla nüvə sazişinin saxlanmasının zərurətinə inandıra biləcək (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26