Interposta.Info

Ermənistan Fransaya görə evtanaziya edir: Yeganə çıxış yolu... - “Kaspi”nin TƏHLİLİ
 

Siyasət / Dünya
 4-11-2023, 14:39     85 721

Fransanın Ermənistana ciddi şəkildə nüfuz etməsi İrəvanda Nikol Paşinyan hökumətinin növbəti uğuru kimi təqdim edilsə də, artıq bu münasibətin ciddi fəsadları üzə çıxmağa başlayıb. Rəsmi Parisin ekspansionist siyasəti Ermənistanı regionda təcrid vəziyyətinə salmaq üzrədir.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Fransa uzun müddətdir Rusiyanı Cənubi Qafqazda regiondan sıxışdırıb çıxarmaq istəyini Ermənistanla “dost, müttəfiq” pərdəsi arxasında gizlədir. İstər Ermənistan-Azərbaycan sülh danışıqlarını sabotaj etmək, silah alveri, istərsə də Avropa İttifaqı müşahidə missiyasında diktəedici rola sahib olmaq cəhdi nə Rusiya ilə İranın, nə də Azərbaycanla Türkiyənin nəzərindən yayınır. Məsələ burasındadır ki, Qərbin bütün planlarına həvəslə “hə” deyən Paşinyan çanağın Ermənistanın başında çatlamasından bixəbər kimi görünür.

Fransa öz maraqları üçün sülh danışıqlarını sabotaj edir

Fransa Qərb platformasında keçirilən danışıqlarda tərəfsizliyini qoruya bilmədiyi üçün Azərbaycanın sərt mövqeyi ilə üzləşib. Vasitəçi kimi neytrallığını qorumalı olan Paris tərəfkeşlik edir, Ermənistanı qızışdıraraq diplomatik qalmaqala səbəb olur. Sırf bu səbəbdən Azərbaycan tərəfi Qranada görüşündən imtina edib. Brüssel görüşü də alınmayıb. Qısacası, Fransanın danışıqlarda tərəfkeşliyi və erməni havadarlığı Azərbaycanın səbir kasasını doldurub və Bakı Qərb platformasının artıq effektiv olmadığına işarə edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq tərəflər arasında ikitərəfli görüşlərin daha effektiv olacağını vurğulayıb. Danışıqların Fransa tərəfindən sabotaj edilməsi həm Rusiyanın qəzəblənməsinə, həm sülh müqaviləsinin imzalanmasına, həm də regionun inkişafına mənfi təsir göstərir. İqtisadiyyatı can üstündə olan Ermənistana isə qısa müddətə sülh müqaviləsini imzalamaq, regiondakı nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına kömək etmək, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq hava və su kimi vacibdir.

“İrəvan silahların pulunu necə ödəyəcək?”

Fransa Ermənistana hərbi sahədə dəstək göstərməyi də öhdəsinə götürüb. Bu yaxınlarda Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri tərəflər arasında müqavilə imzalanması ilə başa çatıb. Müqaviləyə əsasən, Fransa Ermənistana 3 ədəd “GM200” radarı və “ZPK Mistral” sistemi satmaqla yanaşı, xüsusi təyinatlıların hazırlanmasında peşəkar kömək edəcəyini də boynuna götürüb. Müqavilədən də görünür ki, irihəcmli silah alverindən söhbət getmir və məsələ rəsmi Paris tərəfindən siyasiləşdirilib. Müqavilənin altında isə Rusiyanı regiondan qovmaq, öz silahlarını bölgə ölkələrinə tanıtmaq məqsədi gizlənib. Makronun Ermənistanı lazım olan silah-sursatla təmin etməyəcəyi gün kimi aydındır. Çünki hələ Suren Papikyan Parisdə olanda “Le Monde” qəzetində “İrəvan silahların pulunu necə ödəyəcək?” başlıqlı məqalə dərc edilmişdi.
Rusiya Ermənistanı regional layihələrdən çıxarır

Təbii ki, Ermənistanın yuxarıda sadalanan və hər biri əsasən Rusiyaya qarşı hesablanmış addımlarına Kreml seyrçi qala bilməzdi. Suren Papikyanın Parisdə imzaladığı müqavilənin mürəkkəbi qurumamış Moskvadan Ermənistanın arzularına etiraz ifadə olunub. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan hazırda Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Rəsmi İrəvan Meğridən keçən yolun tikintisi ilə bağlı dəqiq cavab verməyib və Azərbaycanla İran Ermənistandan yan keçməklə Araz çayının cənub sahili boyunca uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar. Eyni istiqamətdə dəmir yolunun da tikintisi planlaşdırılır. Overçukun açıqlaması bir neçə ildir hər fürsətdə Şimal-Cənub dəhlizi layihəsindən danışan Paşinyanın planlarını suya salıb. Görünən odur ki, 30 il əvvəl olduğu kimi, bu dəfə də Ermənistan regiondakı beynəlxalq layihələrdən uzaq qalmaq təhlükəsilə üz-üzədir.

Kremlin siyahısında Ermənistanın adı yoxdur

Fransa ilə qol-boyun olmağın fəsadları bununla da bitmir. Bir neçə gün əvvəl Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov maraqlı açıqlama verib. Rusiyalı rəsmi qeyd edib ki, Azərbaycanla “Sadələşdirilmiş Gömrük Dəhlizi” layihəsi həyata keçiriləcək. Sözügedən layihə Azərbaycandan başqa İran, Suriya, Özbəkistan, Türkiyə və Çinlə reallaşdırılacaq. Bu siyahıda Ermənistanın adı yoxdur. Rusiyanın dost ölkələrlə bağlanmış beynəlxalq müqavilələr çərçivəsində yüklərin daşınmasının sürətləndirilməsi üçün nəzərdə tutulan ən perspektivli layihələr sırasında “Sadələşdirilmiş Gömrük Dəhlizi” layihəsi xüsusi yer tutur.

Göründüyü kimi, Fransanın qucağında oturmaqla Ermənistan əslində öz quyusunu qazır. Yuxarıda sadalananlar hələ ki, Rusiyanın ilk cavab tədbirləridir. Rəsmi Moskvanın Ermənistanla bağlı başqa planlarının da olacağı şübhəsizdir. Ermənistanın bu məngənədən qurtulmaq üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26