Interposta.Info

Hansı partiyalar Ədliyyə Nazirliyinə müraciət edib? (AÇIQLAMA)

Siyasət
 14-06-2023, 18:38     247

"Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların yenidən qeydiyyatı başlayıb. Artıq bununla bağlı partiyalar üzvlərinin sayı ilə bağlı sənədləri Ədliyyə Nazirliyinə ünvanlayır.

Qeydiyyatdan keçmək üçün hansı partiyalar Ədliyyə Nazirliyinə müraciət edib?

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, partiya sənədlərini Venesiya Komissiyasının rəyindən sonra Ədliyyə Nazirliyinə təqdim edəcək.

"Qanun qəbul olunanda yalnışlığa yol verilib. Bildirilib ki, guya Venesiya Komissiyası ilə razılaşdırılandan sonra həmin qanun parlamentə səsverməyə çıxarılıb. Venesiya Komissiyası isə belə bir qanunun onlara daxil olmaması ilə bağlı bəyanat verib. Həmin rəylərlə bağlı cavab yoxdur. Biz də partiya olaraq onların cavabını gözləyirik”, deyə G. Aslanlı bildirib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə yaxın bir həftə ərzində partiyanın üzvlərlə bağlı sənədlərini Ədliyyə Nazirliyinə təqdim ediləcəyini qeyd edib:

"Sənədlər üzərində son texniki yoxlama işləri aparılır”.

Vətəndaş Həmrəyli Partiyasının İcra Aparatının Samir Əsədli də sənədlərinin hazır olduğunu vurğulayıb.

"Hazırda sənədlər üzərində son yoxlama işləri aparılır. Çalışırıq ki, ölkənin bütün rayonları əhatə olunsun. Yaxın günlərdə siyahı Ədliyyə Nazirliyinə təqdim olunacaq”,- S.Əsədli qeyd edib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də yeni qanunun tələblərinə uyğun olaraq siyahılarının yekunlaşmaq üzrə olduğunu deyib.

"Üzümüzə gələn həftə biz də sənədlərimizi nazirliyə tədqim edəcəyik. Ədliyyə Nazirliyinin tələblərinə uyğun olaraq bütün imzalar yekunlaşıb”, H.Hacıyev vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26