Interposta.Info

İki il fəaliyyət göstərməyən partiyalar ləğv ediləcək

Siyasət
 9-09-2017, 10:09     10 509

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik olacaq


“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər ediləcək. Milli Məclisdən verilən məlumata görə, artıq bununla bağlı layihə hazırlanır. Layihədə siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə bağlı bəzi dəyişikliklər əksini tapacaq. Qanuna ediləcək dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov modern.az-a açıqlamasında bildirib ki, qanuna təklif olunan dəyişikliklər əsasən maliyyə hesabatlarını təqdim etməyən partiyalarla əlaqədardır: “Burada da əsas məqsəd şəffaflığın təmin olunmasıdır. Maliyyə hesabatlarını təqdim etməyən partiyalar barədə qanuna dəyişiklik edildikdən sonra, hər hansı bir qərar qəbul ediləcək.”

Qeyd edək ki, bir müddət öncə S.Novruzov eyni məsələ barədə danışarkən Azərbaycanda fəaliyyətsiz partiyaların qeydiyyatının ləğv olunacağını açıqlamışdı: “Azərbaycanda 100-ə yaxın partiyanın olmasına baxmayaraq, onlardan yalnız 54-ü qeydiyyatdan keçib. 46 partiyanın qeydiyyatı isə ümumiyyətlə, yoxdur. Lakin qeydiyyatda olan partiyaların da çoxu adı olub, fəaliyyəti olmayan siyasi təşkilatlardır. Dünyanın hər yerində, məsələn Avstriyada iki il belə fəaliyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir”.

Əldə etdiyimiz məlumata görə, “Siyasi partiyalar haqqında” qanuna ediləcək dəyişikliklərdə məhz bu məqamlar konkret şəkildə əksini tapacaq. Konkret müddət ərzində fəaliyyəti olmayan partiyaların qeydiyyatı avtomatik olaraq qüvvədən düşmüş sayılacaq.
Müxalifət düşərgəsində də hesab edilir ki, illərlə heç bir fəaliyyəti hiss olunmayan partiyaların qeydiyyatı ləğv olunmalıdır.
İki il fəaliyyət göstərməyən partiyalar ləğv ediləcək


ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, elə partiyalar mövcuddur ki, adı var, heç bir fəaliyyəti yoxdur. Dövlət qeydiyyatından keçmiş 54 partiyanın yarıdan çoxunun heç bir fəaliyyəti yoxdur. Onların adları belə, cəmiyyətə bəlli deyil, elələri var ki, heç vaxt qurultay keçirməyiblər: “Bu gün cəmi 4-5 partiya az-çox fəaliyyət göstərir, Azərbaycanda və dünyada baş verən proseslərlə bağlı mövqeyini ortaya qoyur. Əgər biz bu gün 54 dövlət qeydiyyatında olan partiyadan cəmi onunun adını real fəaliyyət göstərən partiya kimi saya bilmiriksə, deməli, doğrudan da həmin 54 partiyanın təxminən 40-ının sadəcə adı Ədliyyə Nazirliyində qeydiyyatda var. Əgər bir partiyanın ki, sədri hələ bu günə qədər ağzını açıb bir hadisə ilə bağlı heç bir fikir bildirməyib, deməli yox kimidir. Ona görə də belə partiyaların hamısının dövlət qeydiyyatı ləğv olunmalıdır. Amma bu barədə qərar qəbul edilərkən az-çox fəaliyyəti olan müxalif partiyalar hədəfə alınmamalıdır. Biz də dəfələrlə bəyan etmişik ki, süni şəkildə partiya çoxluğu yaradılmamalıdır və varlığı görünməyən partiyaların qeydiyyatı ləğv edilməlidir. Artıq keçid dövrü arxada qalıb, pis-yaxşı 26 ildir Azərbaycanda siyasi həyat yaşayırıq və süni şəkildə partiya çoxluğu görüntüsünə ehtiyac yoxdur. Dövlət qeydiyyatında olan elə partiyalar var ki, özləri real həyatda olmadığı kimi sədrləri belə həyatda deyillər, ölüblər, amma adları partiya sədri kimi hələ də qalır. Belə partiyaları Ədliyyə Nazirliyinin qeydiyyatda saxlaması mənasızdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26