Interposta.Info

“İranın Azərbaycanda diplomatik fəaliyyətinə ehtiyac qalmayacaq” - Politoloq
 

Siyasət
 8-05-2023, 18:56     233

"Tehran Bakıdan istədiyini ala bilmədiyindən cığallıq edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İranın İrəvan tərəfindən işğal olunmuş Naxçıvanın Kərki və Qazax rayonunun 7 kəndinin qaytarılmasına qarşı çıxmasına münasibət bildirərkən deyib:

"İran hər hansı bir geosiyasi dəyişikliyin əleyhinə çıxır. Ancaq ortada beynəlxalq hüquq var və sözügedən kəndlər Azərbaycan torpaqlarıdır. Zamanında işğal olunub və ona görə də azad edilməlidir. Bu isə İranın verə biləcəyi qərar deyil. İran Bakıdan istədiyini ala bilmədiyindən cığallıq edir. Münasibətlərin tənzimlənməsi artıq mümkün deyil. Əksinə, artıq diplomatik münasibətlərin kəsilməsi təhlükəsi var. İran 4 diplomatımızın ölkədən çıxarılması qərarını verəndən sonra Təbrizdəki Azərbaycan konsulluğunun mövcudluğu ciddi təhlükə altına düşüb. Konsulluq bağlanacağı təqdirdə İranın da Azərbaycanda diplomatik fəaliyyətinə ehtiyac qalmayacaq”.

Ekspert qeyd edib ki, Tehranın bu məsələdə əndişələnməsi ilk növbədə Naxçıvanın Kərki kəndilə, Qazaxın işğalda olan kəndlərinin İran-Ermənistan və Ermənistan-Gürcüstan yolunun üzərində yerləşməsilə bağlıdır:

"İran Qara dənizə çıxışını Ermənistanın işğalı altında olan bu ərazilərimiz vasitəsilə rahat şəkildə təmin edəcəyini düşünür. Bu, absurd olmaqla yanaşı, işlək də deyil. Çünki Azərbaycan bu kəndləri Ermənistanın işğalı altında qoymayacaq. İran istəsə də, istəməsə də, bu kəndlər Azərbaycana qaytarılacaq. Ermənistan da uzun müddətə həmin əraziləri işğalda saxlamaq gücünə malik deyil. ABŞ da həmin kəndlərin Azərbaycana aid və geri qaytarılmalı olduğunu təsdiq edir. İran bu məsələdə ümumiyyətlə rol oynamır. O sadəcə ortada quyruq bulayaraq, çalışır ki, bulanıq suda nəsə tuta bilsin. Ancaq bu yöndə İrana nəsə veriləcəyini düşünmürəm”.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26