Interposta.Info

Qarabağda xüsusi əməliyyat keçirilə bilər - Ekspert
 

Siyasət / Manşet
 25-03-2023, 11:39     195

"Azərbaycan Qarabağda xüsusi əməliyyat keçirə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə ermənilərin qanunsuz olaraq Xankəndi-Xəlfəli-Turşsu yolundan şimaldan keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunu çəkmək cəhdlərinə son vermək üçün Azərbaycanın atmalı olduğu addımlardan danışarkən deyib. Onun fikrincə, xəbərdarlıqlara məhəl qoulmasa, Azərbaycan tərəfi lazımi addımları atmalı olacaq:

"Bu sayaq təxribatların qarşısı alınmasa, onun məsuliyyətini Ermənistan daşıyacaq. Azərbaycan tərəfi ermənilərin bu kimi qanunsuzluqlarına biganə qalmayacaq. Azərbaycan artıq bununla bağlı xəbərdarlıq edib. Həmin xəbərdarlıq təkcə separatçı rejimə deyil, sülhməramlılara da yönəlib. Bu xəbərdarlıqla həmçinin beynəlxalq ictimaiyyətə də mesajlar ötürülür.



ABŞ dövlət katibi Entoni Blinkenin dəstəyilə yaxın gələcəkdə xarici işlər nazirləri arasında üçtərəfli görüş keçiriləcək. Ona görə də bəri başdan Bakı xəbərdarlıq edir ki, qanunsuz yol çəkilişlərinə son qoyulmasa, lazımi tədbirlər görməli olacaq. Tədbirlər də aydındır ki, xüsusi əməliyyat formasında olacaq. Bu, istisna deyil. Hansı ki, həmin planın necə işləməsinin keçən il şahidi olmuşuq. Heç kim üçün sürpriz olmasın deyə Bakı bəri başdan xəbərdarlıq edərək, vaxt verib. Bu zamana qədər qanunsuz yol çəkilişinin dayandırılması istiqamətində tədbir görülməsə, sözsüz ki, Azərbaycan tərəfi lazımi addımları atmalı olacaq. Buna görə heç kim Azərbaycanı günahlandıra bilməz”.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib. MN-nin bununla bağlı yaydığı bəyanatda deyilir ki, Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26