Interposta.Info

Qarabağda “məhvetmə əməliyyatı”na hazırlıq: Müdafiə Nazirliyi nəyi anons etdi?
 

Siyasət
 7-03-2023, 16:24     288

Müdafiə Nazirliyinin dünən axşam saatlarında yaydığı bəyanat Rusiya Müdafiə Nazirliyinin iddialarına cavab olmaqla yanaşı, bir sıra vacib mesajı və proseslərin mümkün inkişafına dair məqamları da özündə əks etdirir.

Birincisi, Qarabağ iqtisadi rayonunda baş verənlər nəzarətdədir;

Müdafiə Nazirliyi Rusiyaya xitabən "hər şeydən xəbərimiz var” deyir:

- Qanunsuz erməni silahlı dəstələrinə silah-sursat və hərbi təyinatlı yüklər daşınır: Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş verən silahlı insident bu faktı təsdiq edir;
- Ermənistandan Qarabağa müxtəlif yollarla canlı qüvvə göndərilir;
- Ermənistanın Qarabağda mina terroru davam edir;

İkincisi, Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifəni yerinə yetirməli, Azərbaycan ərazisinə silah-sursat, canlı qüvvə göndərilməsinin qarşısını almalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır;

Üçüncüsü, atılacaq addımların xəbərdarlığı edilir: Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır;

Burada diqqətçəkən məqam Müdafiə Nazirliyinin tələbi daha konkretləşdirməsi və hədəfi açıq şəkildə elan etməsidir: 10 noyabr bəyanatının 4-cü bəndi (erməni qoşunların Qarabağdan çıxarılması) icra edilməsə, Azərbaycan Ordusu əməliyyata başlaya bilər;

Lakin indiyə qədər bu haqda verilən mesajlar daha çox "məcburetmə əməliyyatı” ehtimalını ön plana çıxarırdı, bu dəfə isə Azərbaycan "məhvetmə əməliyyatının” mesajını verir: qanunsuz erməni silahlılar – həm Ermənistanın Qarabağda qalan qoşunları, həm də separatçı-terrorçuların dəstələri – tərksilah ediləcək və zərərsizləşdiriləcək.

Dördüncüsü, Azərbaycan hərbi rəhbərlik səviyyəsində Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha gündəmə gətirir: "Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsi” qeydi əslində "Laçın yolu Azərbaycan ərazisidir və öz suveren ərazilərimizdə istənilən addımı atmaq hüququmuz var” deməkdir;

Və əsas sual: Bakının hərbi rəhbərlik səviyyəsində dilə gətirdiyi tələblər – Ermənistandan silah-sursat və canlı qüvvənin daşınmasına son qoyulması, qanunsuz erməni qoşunların Azərbaycan ərazisindən tamamilə çıxarılması, bölgənin silahsızlaşdırılması və Laçın yolunda nəzarət rejiminin qurulması – icra ediləcəkmi?!

Təcrübə və proseslərin son inkişafı cavabın mənfi olacağı, ən yaxşı halda Rusiya və ermənilərin vaxt qazanmaq naminə "kosmetik addımlar” atacağını deməyə əsas verir. Bunu Bakıda da anlayırlar. Bu baxımdan, Müdafiə Nazirliyinin bəyanatı genişçaplı əməliyyatlardan öncə edilən son xəbərdarlığa daha çox bənzəyir. 2022-ci ilin avqustunda həyata keçirilən "Qisas” əməliyyatının nümunə kimi xatırladılması da atılacaq addımların anonsu hesab oluna bilər.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26