Interposta.Info

Bəxtiyar Hacıyevi həbs edənlər onun həyatına görə məsuliyyət daşıyırlar – ABŞ Dövlət Departamenti

Siyasət
 15-02-2023, 15:37     217

Çərşənbə axşamı Dövlət Departamenti Azərbaycan hakimiyyətinə həbsdə olan fəal Bəxtiyar Hacıyevin vəziyyətinə görə məsuliyyətini xatırladıb.

Dövlət Departamentində keçirilən gündəlik brifinqdə Turan-ın Vaşinqtondakı müxbiri ABŞ hökumətinin Azərbaycanda həbsxanada 40 günə yaxındır aclıq edən fəal Bəxtiyar Hacıyevlə bağlı vəziyyətin səbəbkarlarına münasibəti haqqında sual verib.

"Bu halda olduğu kimi, kimisə siyasi motivlərlə həbs edəndə, hakimiyyət zəruri tibbi yardımı göstərməli və bu şəxsin humanitar ehtiyaclarını təmin etməlidir”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

"Və, əlbəttə ki, onu həbsdə saxlayanlar son nəticədə onun həyatına görə məsuliyyət daşıyırlar”, deyə o, əlavə edib.

Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs olunub. O, hər hansı qanun pozuntusuna yol verdiyini qəti şəkildə inkar edib və bir çox beynəlxalq təşkilatlar onun həbsini pisləyib.

Yanvarın 23-də dövlət katibi Entoni Blinken prezident İlham Əliyevlə söhbəti zamanı Azərbaycanda insan hüquqları ilə bağlı narahatlığını bildirib.

Turan-ın bu söhbət zamanı dövlət katibinin Hacıyevin məsələsinə toxunub-toxunmadığı haqqında sualına cavabda Prays belə deyib:

"Dövlət katibi Azərbaycanlı həmkarı ilə söhbət edərkən onlar geniş məsələlər dairəsini müzakirə edirlər. Onlar, əlbəttə ki, Dağlıq Qarabağı müzakirə edirlər, regional problemləri müzakirə edirlər, amma insan hüquqları haqqında daha geniş söhbət də var. Bizim istənilən ölkədə, o cümlədən də Azərbaycanda insan hüquqlarının möhkəmlənməsinin ikitərəfli münasibətlərimizi də möhkəmləndirdiyi haqqında düşüncəmiz vurğulanır”, deyə o bildirib.

Bazar ertəsi ABŞ senatorları Dik Durbin və Ben Kardin Azərbaycanı Hacıyevi və digər siyasi məhbusları "dərhal” azad etməyə çağırıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26