Interposta.Info

Ərdoğandan Şuşa və Naxçıvanla bağlı açıqlamalar

Siyasət / Manşet
 21-10-2022, 15:03     357


"Biz də Şuşada Baş konsulluq açırıq”.

Qaynarinfo Türkiyə mətbuatına xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O, regionda avtomobil yolları ilə yanaşı, dəmir yollarının da çəkilməsinin vacibliyini vurğulayıb: "Bunlar başa çatan kimi artıq Şuşaya yol açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq”.

Ərdoğan Şuşanın Azərbaycanın ən mühüm cazibə mərkəzi olduğunu bildirib: "İlham bəy (Azərbaycan Prezidenti İlham Əliyev - red.) bundan sonra tikiləcək otellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki o nöqtədə atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura bir hərəkət gətirdi. Amma Şuşaya qoyulacaq mehmanxana investisiyaları onu həm də cazibə mərkəzinə çevirəcək. Biz də Şuşada Baş Konsulluq açırıq”.

Türkiyə lideri bildirib ki, Zəngilan Hava Limanı regionun dünya ilə əlaqəsinin gücləndirilməsi üçün strateji həmlədir: "Zəngilan və Cəbrayıl rayonlarına işgüzar səfərimiz uğurla başa çatdı. Zəngilan Beynəlxalq Hava Limanının açılışını əziz qardaşım İlham Əliyevlə birgə həyata keçirdik. Zəngilan aeroportu təkcə Azərbaycan deyil, bütün region üçün əhəmiyyətlidir. Regionun dünya ilə əlaqəsinin yenidən qurulmasının gücləndirilməsi nöqteyi-nəzərdən strateji həmlədir. İnşallah, bu addımları Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə daha da qüvvətləndirəcəyik”.

"Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, eyni zamanda, regional və beynəlxalq prosesləri Prezident İlham Əliyevlə müzakirə etdik. Cənubi Qafqaza yönəlik ortaq baxışımızın sülh, sabitlik və inkişaf təməlində inşa edildiyini bir daha təsdiqlədik. Sərhədlərin müəyyənləşdirilməsi, Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında əlaqə yolunun açılması və sülh müqaviləsinin imzalanması bölgənin normallaşması üçün mühüm addımları təşkil edəcək”, deyə Ərdoğan əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26