Interposta.Info

Rusiyalıların dörd Aİ ölkəsinə giriş qadağası qüvvəyə mindi

Siyasət
 19-09-2022, 12:31     261

Sentyabrın 19-da rusiyalıların Estoniya, Litva, Latviya və Polşaya girişinə qadağa qüvvəyə minib.

Qaynarinfo Estoniya hökumətinin saytına istinadən xəbər verir ki, bu tədbir Rusiyadan gələn turizmi məhdudlaşdırmaq və Aİ-nin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

"Latviya, Litva və Polşa ilə birlikdə ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün Rusiya vətəndaşları üçün turizmə ümumi məhdudiyyətlər tətbiq etmək qərarına gəldik. Aİ-nin sərhəd dövlətləri olaraq biz Avropanın təhlükəsizliyini təmin etməliyik”, - Estoniyanın baş naziri Kaya Kallas izah edib.

Giriş qadağası bütün rusiyalılara, o cümlədən digər Aİ ölkələri tərəfindən verilmiş Şengen vizası sahiblərinə şamil edilir. Sərhədi humanitar səbəblərlə keçənlər, həmçinin diplomatlar, yük maşını sürücüləri və Aİ-də qohumları olan şəxslər üçün istisnalar edilir.

Estoniyanın baş naziri Aİ-yə səfərin hüquq deyil, imtiyaz olduğu tezisini xatırladıb. Onun fikrincə, hazırda bütün Rusiya vətəndaşları təhlükəsizliyə təhdid yaradır. O, bütün Aİ səviyyəsində rusiyalılar üçün turizmə məhdudiyyətlər yaratmağa söz verib.

Xatırladaq ki, Brüssel rusiyalılara vizaların verilməsinə tam qadağa tətbiq etməkdən imtina edib, lakin sentyabrın 12-də Aİ Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırıb. İndi viza almaq üçün sənədlərə baxılma müddəti 15 gündən 45 günə, sənədin qiyməti isə 35 avrodan 80 avroya yüksəlib. Həmçinin, Aİ ölkələri rusiyalıların "təhlükəsizliyi təhdid etdikdə” onlara viza verməkdən imtina etmək hüququ əldə ediblər.

Rusiyalılara tam viza qadağası Latviya, Litva, Estoniya və Polşa tərəfindən birtərəfli qaydada tətbiq edilib. Qısamüddətli vizalar artıq Danimarka və Hollandiya tərəfindən verilmir. Sentyabrın 1-dən Finlandiya verilən turist vizalarının sayını azaltmaq qərarına gəlib. İsveçrə də Aİ-yə qoşulub və "bütün Avropada vahid viza siyasəti” yürütmək üçün Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26