Interposta.Info

Ərdoğan Bəşər Əsədlə nə zaman görüşəcək? (ŞƏRH)

Siyasət
 25-08-2022, 16:49     236

Son zamanlar Ankaranın bir sıra ərəb dövlətləri ilə, o cümlədən İsraillə münasibətləri normallaşıb. Rusiya Prezidenti Vladimir Putin də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında görüş təşkil etməyə çalışır. Qeyd edək ki, Ankara ilə Dəməşq arasında bir neçə il bundan əvvələ qədər gərgin olan münasibətlər son zamanlar yumşalmağa başlayıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə başçısının görüşünə dair sualları cavablandırarkən bildirb ki, hazırda belə bir görüş müzakirə predmeti deyil. Bununla belə Çavuşoğlu qeyd edib ki, iki ölkənin xüsusi xidmət orqanları vasitəsilə danışıqlar başlanılıb. Son zamanlar Ərdoğanın da ritorikasında Suriya ilə bağlı yumşalma hiss olunur. Belə ki, son açıqlamaların birində o qeyd edib ki, "Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur”. Bu fonda da fikrlər səslənir ki, Ərdoğanla Əsəd görüşə bilər. Bu görüşün vasitəçisi qismində isə Rusiya Prezidenti Vladimir Putinin adı hallanır. Bildirilir ki, Ərdoğanla Əsəd Şanxay Əməkdaşlıq Təşkilatının sentyabr ayında Səmərqənddə keçiriləcək sammitində görüşə bilərlər. Məsələ ondadır ki, Rusiya Prezidenti Ərdoğan və Əsədi Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək sammitinə dəvət edib. Hələlik nə Ərdoğan, nə də Əsədin görüşdə iştirak edib-etməyəcəyi bəlli deyil. Amma iştirak edərlərsə, aydın məsələdir ki, Putin onların görüşünü təşkil etməyə çalışacaq.

Mövzu ilə bağlı "İnterPosta"-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Səmərqənddə Ərdoğanla Əsədin qısa müddətdə görüşə biləcəklərini istisna etmədi. Bununla belə, onun fikrincə, bir görüşlə münasibətlərdəki soyuqluğu aradan qaldırmaq mümkün olmayacaq:

"Bununla bağlı açıqlamalar olub. Türkiyə tərəfi belə bir görüşün keçirilib-keçirilməyəcəyilə bağlı qəti fikir söyləməyib. Amma onu istisna da etməyiblər. Rusiya isə Türkiyə Suriya münasibətlərinin loyal məcraya keçməsi üçün maksimum dərəcədə çalışır. Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına Ərdoğanla Əsədin də dəvət aldıqları fonunda Səmərqənddə qısa da olsa görüşə bilərlər. Bununla bağlı hazırda münbit şərait də var. Odur ki, görüşün keçiriləcəyi ehtimalı da artır. Amma bir görüşlə münasibətlərdəki problemlərin həll olunacağını desək, bu yanlış olacaq”.

Lakin istənilən halda ekspertə görə, gələcəkdə danışıqların aparılması üçün alt yapının hazırlanacağını gözləmək olar:"Türkiyənin Suriya ilə bağlı konkret tələbləri var. Bunlar terrora qarşı mübarizə və Türkiyə daxilindəki müəyyən proseslərin müsbət məcraya yönəlməsi üçün Suriya iqtidarı ilə müxalifəti arasında dialoqun qurulmasından ibarətdir. Sonrakı mərhələdə Dəməşq bu tələbləri qəbul etməyə məcburdur. Ona görə də gec-tez Suriya Türkiyə ilə danışıqlar masası arxasında oturmağa məhkumdur”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26