Interposta.Info

Ankarada liderlərin görüşü yekunlaşdı - Bəyanat

Siyasət
 16-09-2019, 22:12     10 402

Türkiyəyə səfər edən Rusiya lideri Vladimir Putin Ankara hava limanından birbaşa Çankaya köşkünə yollanıb.

Putini Çankaya köşkündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Bu dəqiqələrdə liderlər arasında ikitərəfli danışıqlar start götürüb.

Qeyd edək ki, Ankara zirvəsi çərçivəsində Rusiya və İran prezidentləri arasında da görüş keçiriləcək. İkitərəfli görüşlər başa çatdıqdan sonra liderlərin iştirakı ilə üçtərəfli zirvə toplantısı baş tutacaq.

***

Sentyabrın 16-da Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti çərçivəsində Ankarada səfərdə olan Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında geniş tərkibdə və təkbətək görüşlər keçirilib.

Mətbuat üçün qapalı keçirilən danışıqlarda Suriyadakı vəziyyət və ikitərəfli münasibətlər müzakirə olunub. Görüşlərdə hər iki ölkənin Xarici İşlər, Enerji, Müdafiə nazirləri, digər rəsmi şəxslər iştirak ediblər.

Sonra Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Astana formatında üçtərəfli Sammit öz işinə başlayıb. Zirvə görüşündə əsas müzakirə mövzusu Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətdir. Prezidentlər suriyalı qaçqınların öz evlərinə qayıtmaları üçün şəraitin yaradılması, davamlı sülhün təmin edilməsi və problemin siyasi həlli məsələləri ətrafında fikir mübadiləsi aparırlar.

Xatırladaq ki, Suriya problemi üzrə Astana formatı 2017-ci ilin yanvarında Rusiya, İran və Türkiyə liderlərinin təşəbbüsü ilə yaranıb. Həmin vaxt Qazaxıstanın paytaxtında danışıqların 13 raundu keçirilib.

***

Sentyabrın 16-da Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti keçirilib.

Sammitdə Suriyadakı vəziyyət, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Prezidentlər Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının, problemin sülh yolu ilə və siyasi həllinin vacibliyini vurğulayıblar. Onlar Suriya Prezidenti Bəşər Əsədi və müxalifəti Suriya Milli Dialoq Konqresində fəal iştirak etməyə çağırıblar.

Görüşdən sonra liderlər mətbuat üçün bəyanatlarla çıxış ediblər./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26