Interposta.Info

Paşinyan erməni müxalifətini məğlub edə bildi - Politoloq

Siyasət
 15-06-2022, 16:15     239

Ermənistanda müxalifətin 40 gündən artıq davam edən aksiyalarına son verilir. Belə ki, "Ermənistan müqavimət hərəkatı”nın rəhbəri, parlamentin sədr müavini İşxan Saqatelyan bildirib ki, müxalifət siyasi mübarizə mexanizimlərini dəyişdirmək və meydanı boşaltmaq qərarına gəlib. Onun sözlərinə görə, 40 gündən çoxdur İrəvanın mərkəzindəki Fransa meydanında qurulan çadırlar sabahdan, yəni 16 iyundan etibarən söküləcək.

"Biz çadır şəhərciyi yaratmaq qərarına gəldik ki, hərəkatın öz ünvanı olsun. Burada çadırların olub-olmamasından asılı olmayaraq, bu ərazi bizim hərəkatımıza məxsusdur. Hərəkat sübut etdi ki, bizim üçün bağlı ərazilər, küçələr yoxdur. Burada xidmətdə olan bütün vətəndaşlara minnətdarıq”, deyə Saqatelyan bildirib.

O qeyd edib ki, Nikol Paşinyana qarşı çıxanları tam birləşdirə bilməyiblər. Bununla bağlı o, mübarizə strategiyasında dəyişiklik edildiyini açıqlayıb. Saqatelyanın sözlərinə görə, müxalifət yeni işçi qrupları yaradacaq və etirazçıları vahid mərkəzdə birləşdirəcək.

Göründüyü kimi, erməni müxalifəti apardığı mübarizə metodu ilə etirazların kütləviliyini təmin edə bilməyib. Bu isə müxalifətin artıq Paşinyan qarşısında öz məğlubiyyətini etiraf etməsi deməkdir. Deməli, əvvəldən də gözlənildiyi kimi, erməni müxalifətinin mitinqləri nəticə verməyib. Bu mitinqlərlə müxalifət Paşinyanı istefaya getməmək bir yana, hətta geri çəkilməyə, opponentlərilə danışıqlar aparmağa belə vadar edə bilməyib. Ola da bilsin, mitinqlərin dayandırılmasını müxalifətə Paşinyandan müəyyən güzəştlər qoparmaları müqabilində Moskvadakı hamiləri də tövsiyyə edib. Hər halda, görünmən odur ki, Paşinyan yenə də hakimiyyətdə qalır. Hətta bundan sonra onun mövqeyinin daha da güclənəcəyi də istisna deyil.

Məsələ ilə bağlı "İnterPosta"-ya açıqlama verən QAFSAM sədrinin müavini Nazim Cəfərsoy bildirir ki, müxalifətin mitinqləri dayandırmasını bu mərhələ üçün Paşinyanın qələbəsi kimi dəyərləndirmək olar. Ancaq bununla belə, həmsöhbətimiz mübarizənin davam edəcəyini düşünür:

"Digər tərəfdən, aksiyaların dayandırılmasının başqa motivlərlə bağlılığını da istisna etmək olmaz. Müxalifət mitinqləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ətrafında danışıqlar prosesilə bağlı olaraq keçirirdi. Ola bilər ki, müxalifətlə Paşinyan arasında Azərbaycanla aparılan sülh müzakirəsinin ləngidilməsi ilə bağlı gizli razılaşmalar əldə edilib”.

Ekspert qeyd edir ki, prosesin əsas ilhamverici qüvvələri arasında iki xətt əhəmiyyətli idi

"İstisna etmirəm ki, Kreml Qafqazda sülh müzakirəsinə, regionun gələcəyində yeni səhifənin açılmasına sıxıntı yaratmamaq üçün mitinqləri dayandırmaq gərəkliyini bildirib. Ola da bilsin eyni mesaj tək Moskvadan deyil, Paris və Vaşinqtondan da gəlib. Yəni erməni müxalifətinin aksiyaları dayandırması həm daxildə ciddi dəstək qazanmamaları, həm də Paşinyanla opponentləri arasında gizli razılaşmaların nəticəsdir”. \qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26