Interposta.Info

Liberman Bakıya neft üçün gəlib, bunları da istəyir - İsrailli nazirin səfərinin pərdəarxası

Siyasət / İqtisadiyyat
 26-04-2022, 20:04     280

İlham Şaban: “İsrail neftə tələbatının hamısını Azərbaycanın hesabına təmin edə bilər”

44 günlük Vətən Müharibəsindən sonra İsrail Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək üçün fəaliyyətlərini ciddi şəkildə aktivləşdirib. Müharibədən dərhal sonra İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatı layihələrinin icrasına cəlb olunub. Eyni zamanda, Azərbaycan tərəfi İsrailin kənd təsərrüfatı sahəsində uğurlu təcrübələrindən yararlanmaq istəyini ifadə edib, artıq bu istiqamətdə prosesə start verilib. 

2021-ci il ərzində ölkə rəsmilərinin qarşılıqlı səfərləri intensivləşib, hökumətlərarası komissiyanın işi gücləndirilib. Ötən ilin martında "İsrael Defense" jurnalı maraqlı bir məlumat yayaraq, İsrailin "Meteor Aerospace" hərbi sənaye şirkətinin Azərbaycanda Caspian Ship Building Company (Bakı Gəmiqayırma Şirkəti) ilə birgə müəssisə yaratdığını açıqladı. Qeyd olunduğunas görə, bunda məqsəd Azərbaycanın milli ehtiyaclarını təmin etmək üçün müdafiə sahəsində qabaqcıl həllər təklif etməkdir. Məlumatda deyilir ki, hər iki şirkət Azərbaycanın müdafiə sahəsinin və sənayesinin ehtiyacları üçün geniş spektrdə həllər təklif etmək üçün yaxşı imkanlara və unikal üstünlüklərə malikdir. "Meteor Aerospace" bildirir ki, bu əməkdaşlığın həyata keçirilməsi üçün Azərbaycanda "Caspian Meteor" adlı yeni birgə müəssisə yaradılıb. "Bakı Gəmiqayırma Zavodu" MMC artıq İsrail şirkətləri ilə birlikdə hərbi gəmilərin inşaatını həyata keçirir. 

2021-ci ilin iyulunda İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb. İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masada çıxış edən Hökumətlərarası Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Nazir həmçinin Azərbaycanın müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiya, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə tərəfdaşlıq üçün böyük potensialı diqqətə çatdırıb. Tədbir çərçivəsində İsrailin “OurCrowd” şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə startap layihələrinə sərmayə qoyuluşu, İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiqi, innovasiyalar, ekosistemin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur. 

Bu il aprelin əvvəlində İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov Azərbaycanda səfərdə olub. Onu Prezident İlham Əliyev də qəbul edib.  Görüşdə Prezident ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini, həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Prezident ölkələr arasında energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib, Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu bildirib. 

Dövlət başçısı həmçinin İsrail şirkətlərinin bərpaolunan enerji, yüksək texnologiyalar sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.

Bakıda olarkən Yoel Razvozov yerli mətbuata müsahibəsində iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, eləcə də iqtisadiyyatın digər sahələrində əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycan rəsmiləri ilə aktiv müzakirələr apardığını deyib: “Çoxlu işlər görülüb, lakin böyük potensial var, ona görə də biz növbəti addımlar üzərində işləyirik. Səfər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlə başlayıb. Biz çox səmimi görüş keçirdik və hər iki dövlətin təbliği ilə bağlı bir sıra məsələləri müzakirə etdik. Gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Mədət Quliyev, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbəri Cahangir Əsgərovla da görüşlər keçirmişəm. Bütün görüşlər məhsuldar keçdi".

Yoel Razvozov qeyd edib ki, İsrail şirkətləri ilə Azərbaycanın dövlət qurumları arasında iki saziş imzalanıb: “Azərbaycanın Dövlət Vergi Xidməti, eləcə də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə sənədlər imzalanıb. Bu, hələ başlanğıcdır, biz daha bir çox müqavilələr imzalayacağıq. AZAL rəhbəri ilə yayda şirkət həyata keçirdiyi reyslərinin sayını həftədə ikidən beşə çatdırmaq barədə razılığa gəldik. İsrail şirkətləri də Azərbaycana uçuşları artıracaq. Birbaşa uçuşların olması turist axınının səviyyəsinin artmasına, bununla da turizm sahəsində əməkdaşlığın inkişafına və ölkələrin populyarlığına kömək edir. Uçuşların sayının artması həmişə iqtisadi amillərdən asılıdır. Əgər 2016-cı ildə Azərbaycana İsraildən 10 000 turist gəlibsə, COVID-19 pandemiyası başlamazdan əvvəl bu rəqəm 50 000-dək artıb ki, bu da uçuşların sayının artırılmasına tələbatın olduğunu göstərir. Azərbaycandan İsrailə də böyük turist axını var. Hesab edirəm ki, hər iki istiqamətdə turistlərin sayını dəfələrlə artırmaq potensialı var".

İsrailli nazirin sözlərinə görə, dövlətlərarası əlaqələrdə 30 il ərzində böyük işlər görülüb: “Bu gün biz onun bəhrəsini görürük. Amma daha çox potensial var. Biz daha çox şey edə bilərik. Ona görə də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla biznesin rahat aparılmasını təmin etmək üçün iqtisadi əlaqələrin təşviqi üçün müvafiq platformanın yaradılmasını müzakirə edirik. Bizim əməkdaşlığı inkişaf etdirə biləcəyimiz çoxlu sənaye sahələri var. Bəzi hökumətlərarası komissiyalar nominaldır, lakin elələri var ki, həqiqətən işləyir və fəaliyyət göstərir. İsrail-Azərbaycan hökumətlərarası komissiyasının iclasları həmişə konkret nəticələrlə yekunlaşır. Biz biznes üçün ən əlverişli şəraitin yaradılmasına çalışırıq. Hökumətlər, millətlər arasında etimad biznesin inkişafı üçün mühüm amildir. İsrail şirkətləri Azərbaycanda biznes qurmaqdan çəkinmirlər. Biznesdə həmişə risklər var. İsrail şirkətləri həmişə Azərbaycanda işləməyə çalışırlar, çünki etimad var, yaxşı münasibətlər var”.

Yoel Razvozov Azərbaycan ilə İsrail arasında çox sıx dostluq münasibətlərinin olduğunu vurğulayıb: “"Bu münasibətlər strateji xarakter daşıyır. İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun bərpasını alqışlayır. İsrail şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafında iştirak etməyə hazırdır. Səfərimin gündəmində bu mövzu da var. Tələbat olarsa, İsrail şirkətləri də Füzuli Beynəlxalq Hava Limanına da uçuşlar həyata keçirməyə maraq göstərəcək. İsrail şirkətləri işğaldan azad edilmiş ərazilərdə su təchizatı, ağıllı şəhərlərin tikintisi kimi layihələrdə, eləcə də enerji sektorunda iştirak etməyə hazırdır”.

Aprelin 25-də isə İsrailin maliyyə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri baş tutub. Səfər ərəfəsində İsrail mətbuatı səfərin əsas məqsədinin Bakının böyük neft partiyaları tədarük etməyə razılığını almaq olduğu barədə məlumat yayıb. İndiyədək İsrailə neft məhsullarının ən böyük təchizatçısı Rusiya idi, amma indi Azərbaycana istiqamətlənmək qərarı verilib. Bu barədə "Ynet" nəşri məlumat yayıb. 

Məlumdur ki, Ukraynaya hücumdan sonra dünyanın bir çox ölkələri Rusiyadan neft alışını kəskin məhdudlaşdırıblar. Münaqişədən kənarda qalmağa çalışsa da, İsrail də Qərbin Rusiyaya qarşı sanksiyalarına riayət etmək məcburiyyətindədir. Buna görə də ölkə neft təchizatını şaxələndirməklə Rusiyadan asılılığını minimuma endirmək qərarına gəlib. 

Səfərlə bağlı İsrail mətbuatının yazdığına əsasən İsrailin nümayəndə heyəti Bakıda üç məsələni müzakirə etməyi planlaşdırıb: 1) Daha çox həcmdə Azərbaycan neftinin İsrailə ixracı; 2) Nəqliyyatın dizel növlərində- yük maşınları və avtobuslar üçün istifadə edilən sidik cövhərinin idxalı. Sidik cövhəri və ya karbamid- xüsusi kimyəvi maddədir, SCR- sistemli bütün dizel motorlarında Avro- 4 və Avro- 5 standartlara uyğundur. Azərbaycan son illərdə karbamid istehsalını və ixracını dəfələrlə artırıb; 3) Buğda idxalı; indiyədək Rusiya ilə Ukraynanın payına İsrailə idxal edilən bu məhsulun 30 faizi düşüb. Hazırda Ukraynadan idxal dayanıb, Rusiyadan isə daşımaçılıq sahəsindəki problemlər üzündən kəskin azalıb. Azərbaycan Rusiya, Qazaxıstan və Hindistan buğdasının İsrailə daşınmasında əsas tranzit ölkələrdən biri ola bilər. 

Qeyd edək ki, Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti maliyyə naziri Samir Şərifovla da görüşüb. Maliyyə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd olunub, iki ölkə arasında iqtisadi-maliyyə, kibertəhlükəsizlik, yeni hesablaşma sistemləri və yeni nəsil ödəniş vasitələri, dövlət maliyyəsinin idarə edilməsi, qabaqcıl təcrübə və texnologiyalar sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Nazir Samir Şərifov israilli həmkarını İsrailin bir neçə gün əvvəl Asiya İnkişaf Bankına üzv qəbul olunması münasibətilə təbrik edib, digər sahələrdə olduğu kimi dövlətlərarası beynəlxalq maliyyə təşkilatları çərçivəsində də Azərbaycan və İsrailin qarşılıqlı fəaliyyətinin genişlənəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Aviqdor Liberman İsrailin Asiya İnkişaf Bankına üzv qəbul edilməsində Azərbaycan tərəfinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın İsrailə neft ixracını artırmaq potensialı var: “Düzdür, bu səfər zamanı neft ixracının artırılması ilə bağlı Energetika Nazirliyi, SOCAR, İqtisadiyyat Nazirliyi ilə müzakirələr mümkündü, amma Liberman bu qurumlarla görüş keçirmədi. Azərbaycan ildə İsrailə 2,5-3 milyon ton neft satır. Neft bazarı elə yerdir ki, kimə istəsən ona sata bilirsən məhsulunu. İsrailin illik neft tələbatı təxminən 9 milyon tondur. Azərbaycanın neft ixracı isə 28 milyon ton civarındadır. Yəni İsrail istəyərsə, ehtiyacının hamısını Azərbaycan nefti hesabına təmin edə bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26