Interposta.Info

Alternativ yanaşma: Rusiya-Ukrayna müharibəsi göründüyü kimi deyil

Siyasət
 12-04-2022, 21:01     107

Rusiya ilk gündən elan etdi ki, hərbi əməliyyatlar "Ukraynanın demilitarizasiyası və denatsifikasiyası" üçün başlayıb. Guya ki, Ukraynadakı "Maydan hərəkatı"ndan sonra, neonasistlər (millətçilər) hakimiyyətə gəlib və Rusiyanı təhdid edən ideya və hərbi silahlanmaya qarşı xüsusi əməliyyat aparırlar. 

Hesab edirəm ki, Rusiya hakimiyyəti tamamən sərmayə qərbinin planlarıyla hərəkət edir və əsas məqsəd neorusiya yaratmaqdır. Bu, Putinsiz və liberal-demokrat görünüşlü yeni Rusiyadır.....

Qərbin jandarmı rolunda çıxış edən, Qərbə rəqib görünüb, öz ərazisində və nüfuz dairəsində Qərbin istədiyi təmizləmələri həyata keçirən Rusiya tarixə qovuşur...

Bu müharibə göründüyü kimi deyil!

Bu müharibədə rəqib kimi görünənlər müttəfiqdirlər!

Baxın, Rusiya ona qarşı olan ideyanı, öz təbirincə desək, neosasistlərin ideyasını məhv etmək istəyirdisə, ideyanın simvollaşmış abidəsini və məkanını niyə vurmadı? Söhbət Kiyevin mərkəzindəki Maydandan və oradakı abidədən gedir. O meydan ki, müharibənin ilk günlərindən, Kiyevin amansız bombardman olduğu günlərdə, ən təhlükəsiz məkan oldu. İşıqları bir gün belə sönmədi, bütün dünya KİV- ləri oradan canlı reportaj etdi, Ukrayna xalqının mübarizəsində sönməyən məşəl rolunu oynadı. Və yaxud, siyasi hakimiyyəti nasist adlandırıb, hakimiyyəti dəyişmək istəyirdisə, niyə hərbi əməliyyatın ilk günlərindən Zelenski hökumətini tərəf kimi qəbul edib, masaya otururdu? Təkcə bunlar deməyə əsas verir ki, denatsifikasiya adlanan proses təbii deyil...

 



Keçək demilitarizasiyaya, yəni ki, silahsızlaşdırma məsələsi və aparılan hərbi əməliyyatlara. İlk növbədə qeyd edilməlidir ki, hərbi əməliyyatların vaxtı da, qəsdən ən uyğunsuz zamana təsadüf edir. Əsas gücü ağır zirehli texnika olan bir ordu, nədən qış fəslini yox, texnikasının yoldan kənar heç yerdə hərəkət edə bilməyəcəyi bataqlıq mövsümünü seçsin? 


Ukrayna ordusunun dirəncini qırmaq üçün ən yaxşı vasitə böyük şəhərlərdən birinin işğalı ola bilərdi. Misal üçün, Rusiyanın 50 km-liyindəki və Ukraynanın ikinci böyük şəhəri olan Xarkovun alınması. Bunu etməyib (edə bilməməsi inandırıcı deyil ), Belarusiya ərazisindən 64 km-lik kolonla Kiyevə hücum edilməsində hansı məntiq var? Və yaxud, bu kalonu geri çəkib, bütün qoşunları şərqə yığmaq hansı məntiqə sığır? Normalda, qərbdən gələn hərbi dəstəyi önləmək üçün, ən azı Dnepr çayı boyunca cənuba, Qara dənizə doğru sədd çəkməliydi. İndi nə baş verir? Qoşunlar tamamən şərqə çəkilib və Qərb ölkələri daha rahat silahlandırır Ukraynanı. Bəs demilitarizasiya harda qaldı? Siz bu müharibə ərzində bir dəfə gördünüzmü ki, qərbdən Ukraynaya gələn silah konvoyu vurulsun? Ukraynanın hava məkanında uçan bir rus təyyarəsinin, bu karvanlara hücum etmək üçün imkanı yoxdur? Və yaxud, müharibənin ilk günü Putinin Ukraynaya yardım edənləri sərt cəzalandıracağı ilə bağlı bəyanatı nə oldu?


Qərb koalisiyası bir yana, onun kiçik ölkələrinin etdiyi yardımları da deməyək, "Bayraktar"lar rus texnikasının "belini qırır". Rusiya nəinki guya düşmən gördüyü Qərb koalisiyasını, kiçik Şərqi Avropa ölkələrini cəzalandırmağa cəhd etdi, heç Türkiyəyə də "Bayraktar"lara görə etiraz etmədi. AntiRusiya sanksiyalarına qoşulduğuna görə Qazaxıstana da, Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan edən Özbəkistana da, Ukraynaya hər cür yardım edən Azərbaycana da heç nə demir. Heç narazılığını və narahatlığını da ifadə etmir. Bütün bunlar ənənəyə uyğundurmu? Qeyri-adi görünmürmü?


Əslində, qeyri-adi heç nə yoxdur. Rusiya dəyişir. Putin hakimiyyəti gedir və yeni Rusiya gəlir.


Növbəti mərhələdə, Ukraynanın cənub-şərqində ağır döyüşlər olacaq və Rusiya ağır məğlubiyyətə uğrayacaq. Qərb koalisiyası Rusiyanın həm quru qoşunlarını, həm də hərbi dəniz qüvvələrini darmadağın edəcək. Məğlubiyyətin məsuliyyətini hərbi elitanın boynuna yükləyib, onları uzaqlaşdıracaqlar. Beləliklə, ənənəvi və təsirli Rusiya hərbi elitası tarixə qovuşacaq. 

Daha sonra, mümkün iki ssenari var:  


1. Yaxın aylarda siyasi böhran baş verir və sərmayə Qərbi Rusiyada hakimiyyətə gəlir. 


2. 2024-cü ilə qədər Putin hakimiyyətinə imkan tanıyırlar ki, Rusiyanın daxilində və nüfuz dairəsindəki,  milli və gerçək liberal-demokratik qüvvələri sıradan çıxarsın və sonra hakimiyyətdən getsin. 


İkinci variant bizə və regiona xeyli risklər vəd edir.....

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26