Interposta.Info

Ermənistan həqiqətən də bu böhrandan çıxmaq istəyirsə... - Natiq Miri

Siyasət
 10-07-2021, 12:14     741

"Ermənistan iqtisadiyyatının böhrandan çıxması, bütövlükdə gələcəkdə yolunun açılması məhz Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, Ermənistan gec, ya tez bu yöndə strateji qərar verməlidir:

"Ortada 10 Noyabr və 11 Yanvar bəyannamələri var və bundan irəli gələn konkret öhdəliklər mövcuddur. Bu öhdəliklər artıq 7 aydır ki, hələ də yerinə yetirilməyib. Bu məsələlər yerinə yetirilmədiyi təqdirdə Rusiyanın nifuzunu aşağı salmaqla bərabər, həm də bu məsələdə nə qədər zəif amil olduğunu ortaya qoyur, yəni həlledici amil olmadığını sübut edir. Rusiya da belə bir vəziyyətdən narahatdır. Ayrıca bu yöndə konkret Azərbaycan və Türkiyənin də Rusiyaya basqıları var. Çünki həqiqətən də 10 Noyabr 11 Yanvar bayannamələrindən irəli gələn məsələlər həyata keçirilməyəcəksə, artıq bu sənədlər öz hüquqi əhəmiyyətini itirəcək. Belə olduğu təqdirdə artıq Rusiya qoşunlarının məhz 10 Noyabr sənədi konteksində Azərbaycana soxulmasına heç bir hüquqi zəmin qalmayacaq. Bu da şərait yaradacaq ki, Azərbaycan Rusiya qoşunlarının Qarabağı tərk etməsini istəsin. Rusiya bunu istəyirmi? Əlbəttə ki, yox".

Natiq Miri bildirib ki, ABŞ Dövlət katibinin köməkçisi Filip Riker Cənubi Qafqaza səfər etdi və bu səfər çərçivəsində ilk dəfə olaraq mina xəritələrini və 15 nəfər erməni diversantını Azərbaycandan alaraq Gürcüstan vasitəsi ilə Ermənistana təhvil verdi:

"O, ilk dəfə olaraq Ağdamın mina xəritələrini Azərbaycana təhvil verdi. Bu faktın özü göstərdi ki, Rusiya yeganə vasitəçi faktor deyil. Başqa amillər də ola bilər. Məsələn, qonşu Gürcüstan amili də çox əminliklə bir vasitəçilik etdi və nəticə etibarı ilə bu vasitəçilik müsbət nəticə verdi. Əslində, son Füzuli və Zəngilanın mina xəritələrinin əvəzində 15 diversantın Ermənistana verilməsi hadisəsi də dolayısı ilə Azərbaycan və Ermənistanın istəyi ilə baş verdi. Yəni Azərbaycan və Ermənistan istəməsəydilər, Rusiya istəsə belə, bu proses baş tutmayacaqdı. Azərbaycan və Ermənistan dolayısı ilə bunu Rusiyaya anlatdılar ki, Rusiya nə qədər istəsə də, bu prosesdə birmənalı olaraq dominant amil deyil. Mütləq mənada bütün proses Azərbaycan və Ermənistanın razılığı olduğu konteksində həyata keçirilə bilər. Rusiyanın zəifliyini dolayısı ilə özünə anlatdılar. Mənə elə gəlir ki, bu, çox vacib və diqqətdən qaçmayacaq bir amildir".

Politoloq hesab edir ki, Azərbaycan bu prosesə razılıq verməklə dolayısı ilə balans təşkil etdi:

"Yəni bir tərəfdən ABŞ-ın əhəmiyyətini və gücünü göstərməklə, dolayısı ilə həm də Rusiyaya ona alternativin olduğunu göstərdi. Başqa bir tərəfdən də Rusiyanın bu məsələdə önəmini vurğulamaqla bu balansı yaratdığını və bu balansın da yaradılmasının məhz Azərbaycanın istəyindən keçdiyini ortaya qoydu. Mənə elə gəlir ki, bu, çox incə bir məqamdır. Rusiya bütün bu mesajları anlamamış deyil. Ona görə də həm Zəngəzur dəhlizi, həm Qarabağda yerləşən qanunsuz erməni silahlılarının Qarabağı tərk etməsi məsələsi və digər məsələlər, xüsusi ilə sərhədlərin müyyənləşməsi prosesi ciddi müzakirə obyekti olacaq".

Natiq Mirinin fikrincə, bu, müəyyən zaman çərçivəsində öz həllinə qovuşacaq:

"Çünki Nikol Paşinyanın, bütövlükdə Ermənistanın başqa alternativ çıxışı yoxdur. Əgər Ermənistan həqiqətən də bu böhrandan çıxmaq istəyirsə, bunun yolu birmənalı olaraq Azərbaycan və Türkiyə ilə anlaşmaqdan keçir. Başqa kimlərsə iddia edə bilər ki, İran və Rusiya ilə əməkdaşlıq çərçivəsində də Ermənistan öz iqtisadiyyatını gücləndirə bilər. Ancaq bunun bir də qarşı fikirləri var. Əgər bu mümkün idisə, 30 ildə niyə Ermənistan hələ də sovet ölkəsi kimi qalmaqda davam edir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26