Interposta.Info

Qarabağda Rusiyanın bu imkanlarını əlindən almaq üçün ciddi zəmin yaranıb (ŞƏRH)

Siyasət
 8-07-2021, 12:30     404

"Düşünürəm ki, bütün bu hadisələrin arxasında həm də Rusiya amili dayanır”.

Bunu "İnterPosta"-ya açıqlamasında politoloq Natiq Miri iyulun 6-da Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulmasından danışarkən deyib. Onun sözlərinə görə, Ermənistanın Baş nazirinin Rusiyaya səfəri ərəfəsində Qarabağda hər hansı bir hərbi təxribatın törədilməsi Paşinyan hökümətinin marağında ola bilməz:

"Niyə? Çünki Vladimir Putinlə müzakirə predmetlərindən biri də məhz 10 Noyabr və 11 Yanvar bəyannamələrindən irəli gələn məsələlərin icrası ilə bağlı olacaq. Belə olduğu təqdirdə Paşinyan nəyə görə öz ayağına güllə atmalıdır? Demək, bu məsələni gərginləşdirmək, xüsusilə Ermənistan-Azərbaycan, Rusiya-Azərbaycan-Türkiyə arasındakı gərginliyi tətikləməkdə maraqlı olan qüvvələr var. Bu qüvvələrin başında növbədənkənar parlament seçkilərində erməni xalqından ağır zərbə almış Qarabağ klanı - Robert Köçəryan və Sərkisyan durur. Çünki hələ də Ermənistan ordusunda və Ermənistandan Qarabağda xidmət üçün gələn əsgərlər və zabitlərin arasında Qarabağ klanının nəzarətində olan onlarla, bəlkə də yüzlərlə zabit və əsgərlər mövcuddur. Ona görə də belə hərbi təxribatların törədilməsi o qədər də problem deyil. Ancaq bu məsələnin birinci tərəfidir.

Məsələnin bir də ikinci tərəfi var ki, bu təxribat törədildi. Bundan nəticə çıxardaraq Azərbaycan hansı addımları atmalıdır ki, bu prosesdən istifadə edərək öz mövqelərini daha da gücləndirsin. Söhbər ondan gedir. Bu fakt onu göstərdi ki, Rusiya birmənalı olaraq təmas xətti deyilən həmin ərazidə nəzarəti təmin edə bilmir. Yaxud da təmin etmək istəmir”.

Natiq Miri bildirib ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycana Ermənistandan sızan diversantlar, hərbi təxribatçılar, terrorçular oldu ki, Azərbaycan da anti-terror nəticəsində onları zərərsizləşdirdi:

"Bu gün onlarla bağlı məhkəmə prosesi gedir. Bu prosesdə bir şey aydın oldu. Erməni təxribatçılarının etiraflarına görə, onları çox rahatlıqla Qarabağ ərazisinə buraxan rus sülhməramlıları olub. Demək ki, burada konkret geosiyasi maraqlar var. Yəni Rusiya bu prosesdə təkcə nəzarət deyil, həm də idarə edən tərəf kimi görünür. Düşünürəm ki, artıq bu məsələlər ortaya çıxmışkən Azərbaycan birmənalı olaraq məsələ qoymalıdır ki, bundan sonra Laçınla Ermənistan arasında olan sərhəddə, həm Laçın dəhlizində, həm də Qarabağda təmas xətti anlayışı olan bütün xətlərdə rus sülhməramlıları ilə paralel olaraq Azərbaycan və Türkiyə qoşunları da patrul xidməti həyata keçirəcək. Bu onu göstərir ki, Ağdamda yaradılan birgə monitorinq mərkəzinin texniki imkanları ilə bu prosesə nəzarət etmək mümkün deyil. Ağdamdakı hadisə də bir başa bunu göstərdi. Ona görə hansısa dronlarla prosesə nəzarət etmək əvəzinə birbaşa təmas xətlərində Azərbaycan və Türkiyə əsgərləri olmalıdr ki, Rusiyanın istənilən zaman bu təxribat proseslərini idarə edə bilmək imkanları əlindən alınsın. Bax, bu məsələ üçün ciddi zəmin yaranıb. Bu məsələni həll etmək lazımdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26