Interposta.Info

Lavrovun Bakı səfərinin məqsədi nəydi və nəticə nə oldu? (MÜSAHİBƏ)

Siyasət
 11-05-2021, 17:17     404

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıda səfərdədir. Rusiyalı səfir səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb.

Politoloq Natiq Mirinin "İnterPosta"-ya müsahibəsini təqdim edirik.

- Natiq müəllim, Sergey Lavrovun Bakıya səfərində çıxışında səsləndirdiyi fikirlər Azərbaycan üçün nə vəd edir?

- Açığı, Lavrovun Azərbaycana səfəri zamanı çıxışını bir neçə cümlə ilə ifadə etsək o, Bakıda bir çox sözlər dedi, ancaq siyasi nəticə etibarı ilə demək olar ki, həm də heç nə demədi. Çünki Lavrovun əslində Ermənistana və Bakıya gəlməsinin əsas səbəbləri bu gün Rusiya-Azərbaycan-Ermənistan və həm də Türkiyə üçlüyündə baş verən geosiyasi gərginliklə bağlı idi. Bildiyimiz kimi, 10 noyabr və 11 yanvar bəyannaməsi var. Və konkret bu bəyannamələrə uyğun olaraq dövlətlərin üzərinə götürdüyü öhdəliklər var.

- Bu öhdəliklər yerinə yetirilirmi?

- Xeyir, yetirilmir. Yalnız 10 Noyabr bəyannaməsinin birinci müddəası, atəşkəs məsələsi yerinə yetirilir. Müəyyən mənada Türkiyə-Rusiya monitorinq mərkəzi bu prosesə Ağdam şəhərindən ortaq olaraq nəzarət edirlər. Ən nəhayət bildiyimiz kimi, yerinə yetirilən başqa bir vəd var. Bu da Kəlbəcər, Ağdam və Laçının boşaldılması idi. Bu məsələ də tam olaraq yerinə yetirilməyib. Bildiyimiz kimi, hələ də Laçında çox ciddi problemlər var. Bu gün Laçınla Ermənistan sərhədində Azərbaycanın dövlət sərhəd xidməti qoşunları durmur. Ayrıca bir tərəfdə Laçına dəhliz statusu verməklə Rusiya və Ermənistan bu məsələdə ciddi şəkildə bəhrələndiyi təqdirdə buna paralel olaraq bizim adlandırdığımız Zəngəzur dəhlizi hələ də işləmir. Lavrovun dolayısı ilə Ermənistandakı verdiyi açıqlamaya inansaq guya bu məsələdə müstəqil qərar verəcək tərəf məhz Ermənistandır. Yəni, Ermənistan istəmədiyi təqdirdə guya bu dəhliz açılmaya bilər. Bunun da tutarlı cavabı Azərbaycan Prezidenti tərəfindən Naxçıvanda verildi. Yəni, Lavrovla Bakıdakı görüş öncəsi bu mesaj Lavrovun və Rusiyanın diqqətinə çatdırıld ki, Naxçıvanı ana Azərbaycanla birləşdirəcək dəmir yolu məsələsi Rusiyanın, Ermənistanın öhdəsində olan məsələ deyil. Niyə? Çünki dəmir yolu sistemi bütövlükdə Köçəryanın və Sarkisyanın dönəmində məhz Rusiyaya satılıb. Və dəmiryol sisteminə bu gün idarə və nəzarət edən tərəf Rusiyadır. Əgər Rusiyadırsa demək ki, qərar verəcək tərəf də Rusiyadır. Ona görə də Zəngilandan Naxçıvana açılacaq bu dəmiryol sisteminə Ermənistanın ərazisindən 44 km. bildiyimiz kimi yol keçir. Artıq Ağbənd istiqamətində dəmir yolu inşası Azərbaycan tərəfində artıq başlayıb. Ermənistan tərəfində bu dəmir yolunun başlaması məsələsinə qərar verəcək tərəf də Rusiyadır. Çünki dəmir yolu sistemi bütövlükdə Rusiyanın nəzarətində və idaəetməsindədir. Ona görə dolayısı ilə Lavrovun bu məsələdə nə qədər qeyri-səmimi olduğu mesajını əslində Naxçıvanda Azərbayan prezidenti İlham Əliyev verdi. Və ən nahayət, bildiyimiz kimi, 4-cü müddəada Qarabağda erməni yaraqlılarının qeyri-şərtsiz çıxarılması məsələsi var. 6 ay vaxt keçir, hələ də erməni yaraqlıları əlini-qolunu sallayaraq bütün Ermənistan ermənilərinin yaşadığı ərazilərdə mövcuddur. 9 mayda Xankəndidə erməni ordusunun parad keçidi təmin etməsi də bir növ heç kəsin diqqətindən yayınmadı. Bütün bu məsələlərin hamısı həqiqətən 4 ölkə arasında həll olunmamış məsələ olaraq qalır. Bu da bütövlükdə münasibətlər sistemində gərginlik yaradır. Məhz bu gərginliyi götürmək üçün Lavrov regiona səfər etmişdi.

- Sergey Lavrov buna nail oldumu?

- Düşünürəm ki, yox, nail olmadı. Guya nəsə demək istədi, ancaq nəticə etibari ilə heç nə əldə edilmədi. Bu səfərin nəticəsi sadəcə Rusiya üçün növbəti dəfə baş aldatmaq və zaman qazanmaq xarakteri daşıyır.

- Bəs bu zaman qazanmaq Rusiyaya nəyə görə lazımdır?

- Çünki Rusiyanın geosiyasi istəkləri var. Bildiyimiz kimi, bu mübarizə təkçə səhnədə getmir. Səhnə arxasında çox ciddi mənada Rusiya-Türkiyə-Azərbaycan və Ermənistan çərçivəsində ciddi geosiyasi mübarizə mövcuddur. Bu mübarizə təkcə Qarabağda regionda getmir. Bu mübarizə eyni zamanda Suriya, Liviya, Aralıq dənizinin Şərq hissəsində, Egey və Qara dənizdə gedir. Yəni, bu gün Türkiyə, Rusiya Qarabağ məsələsinə və bir də Rusiya-Türkiyə geosiyasi mübarizəsi konteksində baxmaq lazımdır. Düşünürəm ki, Lavrovun Bakı və Ermənistana səfəri bu gərginliyi aradan qaldırmadı. Gərginlik o vaxt aradan qaldırılacaq ki, 10 noyabr və 11 yanvar bəyannamələrində nəzərdə tutulan öhdəliklər birmənalı olaraq yerinə yetiriləcək. Açığı bu yöndə zaman o qədər də böyük deyil. Bu gün Ermənistan rəhbərliyi 20 noyabrda keçiriləcək növbədənkənar parlament seçkisini növbəti dəfə bəhanə obyektinə çevirib. Ancaq 20 iyuna da çox qalmayıb. Əgər Paşinyanın rəhbərlik elədiyi siyasi güc mərkəzi parlamentdə qalib gələrsə, hökuməti təşkil edərsə, düşünürəm ki, artıq Ermənistanın qaçacaq yeri və bəhanəsi qalmayacaq. Rusiya da bu məsələləri bəhanə edərək prosesdən yayına bilməyəcək. Lavrov Azərbaycana və Ermənistana gəlmişdi ki, zaman qazansın, yenidən münasibətləri isti məcraya daşısın, ancaq heç nə etməsin. Çünki Lavrovun Bakıda Azərbaycan Prezidenti ilə görüşdə bir ifadəsi var. Həmin ifadədə dolayısı ilə Ermənistandakı kommunikasiyaların açılması məsələsinə vurğu etdi. Çünki orada guya müstəqil Ermənistanın siyasi qərarının nə qədər vacib olduğunu elan etmişdi. Burda isə müqayisəli marşrutlardan danışdı.

- Söhbət hansı marşrutlardan gedir?

- Bu gün Zəngilandan çəkiləcək dəmir yolu və quru yoldan başqa bir də Ermənistanın və Rusiyanın maraqlarına uyğun olan yeni kommunikasiya xətti var. Xatırlayırsınızsa Paşinyan belə bir çıxış etmişdi ki, əgər Azərbaycan istəyirsə ki Zəngəzur dəhlizi açılsın, onda Ermənistanın da yeni kommunikasiya xətləri istəklərivar. Qoy Azərbaycan buyurub bizə Naxçıvandan İrana yeni dəhliz yaratsın.

- Bu dəhliz nə üçündür?

- Əslində Naxçıvandan İrana yeni bir dəmir yolu çəkilərsə, bu Hindistan və Çinə qədər İranı birləşdirəcək yeni bir dəhliz olacaq. Bu da əlbəttə ki, Rusiyanın və Ermənistanın maraqlarını ifadə edəcək geosiyasi məsələdir. Bu gün fikir verirsinizsə Lavrov Zəngəzur dəhlizinə paralel olaraq yeni kommunikasiya dəhlizini ortaya tulladı. Bu da əlbəttə gələcəkdə yeni bir mübahisə predmeti yarada bilər. Yəni, Lavrov yeni bir bir bazarlıq predmetini ortaya atdı. Ortada heç bir nəticə yoxdur, sadəcə tərəflər, xüsusi ilə Azərbaycan tərəfi Rusiyanın Ermənistanın havadarığı olan ölkələrə mesajını bildirdi və danışıqların hansı konteksdə gedəcəyi ilə bağlı bir yol xəritəsini qoydu. Rusiyanın da diqqətinə çatdırdı ki, 10 noyabr və 11 yanvar sənədlərində üzərinə götürdüyü konkret öhdəliklər var və onlar yerinə yetirilməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26