“Avropa Şurası ilə Azərbaycan arasında körpülər yanmaq üzrədir” - Politoloq
Natiq Miri: “Avropa Şurasından çıxmaq Azərbaycan hakimiyyətinə və dövlətinə, bütövlükdə maraqlara xidmət edən məsələ deyil”
“Problemlər o səviyyədədir ki, artıq Azərbaycan hakimiyyəti səviyyəsində ölkənin Avropa Şurasından çıxma məsələsi də zaman-zaman dilə gətirilir. Bu faktın özü də göstərir ki, Avropa Şurası ilə Azərbaycan hakimiyyəti arasında çox ciddi problemlər yaşanır”.
"XeberBiz" məlumatına görə, bu sözləri politoloq Natiq Miri hazırkı dönəmdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının vəziyyətini Pia.az-a şərh edərkən deyib.
Bildiyimiz kimi Avropa Şurası ilə Azərbaycan arasında münasibətlər bir qədər mürəkkəbdir. Son zamanlar Avropanın önəmli demokratik institutlarından biri olan Avropa Şurası ilə Azərbaycan arasında gərginlik yüksələn xətt üzrə inkişaf edir. Bu da ilk növbədə son vaxtlar Azərbaycan əleyhinə aparılan, erməni dairələrin də qatıldığı qarayaxma kampaniyası və REAL sədri İlqar Məmmədovun həbsdən azad olunması ilə bağlı Avropa İnsan Haqqları Məhkəməsinin qərarının yerinə yetiriləməsi ilə bağlıdır. Artıq bir neçə aydır ki, bu beynəlxalq təşkilatın ən üst səviyyəsindən Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı təkliflər səsləndirilir .xatırladaq ki, REAL sədri İlqar Məmmədovun həbsdən azad olunması ilə bağlı noyabrın 29-dək rəsmi Bakıya vaxt verilmişdi. Azərbaycan hökuməti həmin gündə Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla bağlı qərarına rəsmi cavab verdi. Cavabda bildirilirdi ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılması barədə tələb olmadığından hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var. Cavabda o da vurğulanırdı ki, hökumət məhkəmənin İlqar Məmmədovla bağlı qərarına uyğun olan lazımi tədbirləri görəcək.
Bu günlərdə yayılan xəbərdə isə bildirirlir ki, Brüssel prokurorluğu isə Belçika parlamentinin keçmiş üzvü Ctefan Joris və Belçika parlamentinin üzvü Alen Desteks haqqında araşdırma başlayıb. Araşdırmanın mövzusu isə belçikalı siyasətçilərin Azərbaycan höküməti ilə əlaqələdirlər. Belə ki, bu iki şəxsin Azərbaycan hökümətindən rüşvət almaları ilə bağlı şübhələr mövcuddur.
Xatırladaq ki, Alen Desteks Avropa Şurasının Azərbaycan üzrə keçmiş həmməruzəçilərindən biri olub. Şübhə doğurmur ki, hər iki siyasətçiyə qarşı Belçika prokurorluğunun başlatdığı araşdırma siyasi xarakterlidir və bu araşdırmalar əslində Azərbaycana qarşı yönəlib. Məqsəd isə təbii ki, hüquqi əsasla Azərbaycanın imicini zədələyərək, onu Avropa Şurasından uzaqlaşdırmağa nail olmaqdır.
Qeyd edək ki, Avropa Şurasının baş katibi Turbern Yaqland özünün Azərbaycana qarşı mənfi reaksiyasını dəfələrlə nümayiş etdirib və hətta Azərbaycanın Avropa Şurasında çıxarılması təklifini də məhz Avropa Şurasının baş katibi tərəfindən verilib. Yaqlandın bu nümayiişkəranə bəyanatına qarşı isə rəsmi Bakı ən yüksək səviyyədə cavab verib. Xatırladaq ki, məsələ ilə bağlı öz mövqeyini açıqlayan Azərbaycan prezidenti İlham Əliyev bildmişdi ki, “Avropa Şurasını tərk etsək, həyatımızda heç nə dəyişməyəcək”. Lakin buna baxmayaraq Azərbaycanla Avropa Şurası arasında gərginlik və qarşıdurma davam etməkdədir və Brüssel prokurorluğunun başlatdığı araşdırma da məhz bu qarşıdurmanın tərkib hissəsi olaraq görülməkdədir.
"XeberBiz" xəbər verir ki, mövzu ilə bağlı Pia.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.
Natiq Miri: “Avropa Şurası artıq Avropa strukturları içərisində demək olar ki, ən çox nüfuzunu itirmiş və ikili standarla işləyən qurum olaraq tanınıb”.
Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün bu qurumla Azərbaycan hakimiyyəti arasında hələ də problemlər yaşandığın qeyd edən politoloq Natiq Miri qeyd edib ki, bu problemləri aşmaq üçün Azərbaycan zaman-zaman Avropa Şurası daxilində bəzi informasiyalara görə müəyyən lobbi fəaliyyətlərlərdən istifadə edib ki, bu gün də bu fəaliyyətin araşdırılması ilə bağlı cinayət işi qaldırılıb. Bu cinayət işinin hara qədər varacağı haqda birmənalı nəysə demək mümkün deyil:
“Avropa Şurası artıq Avropa strukturları içərisində demək olar ki, ən çox nüfuzunu itirmiş və ikili standarla işləyən qurum olaraq tanınıb. Bu baxımdan Azərbaycanla da zaman-zaman müəyyən məsələlərdə dırnaqarası əməkdaşlığa getdiyi haqda da informasiyalar var. Amma bildiyimiz kimi son zamanlar Avropa Şurası ilə Azərbaycan arasında artıq demək olar ki, körpülər yanmaq üzrədir. Dırnaqarası bəzi əməkdaşlıqlarla bərabər, həm də Avropa Şurasının Azərbaycandan hüquqi yöndə bəzi istəkləri var ki, həmin istəklərin yerinə yetirilməməsi nəticə etibarı ilə münasibətlərdə soyuqluq yaranıb. Bu istəklərdən biri də “Real” siyasi təşkilatının sədri İlqar Məmmədovun Avropa Məhkəməsinin qərarına rəğmən hələ də həbsdə saxlanılmasıdır.
Məlumdur ki, Azərbaycan hakimiyyəti Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovun həbsdən azad olunması qərarına dirəniş göstərir. Bu da Avropa Şurasının rəhbərliyi ilə Azərbaycan hakimiyyəti arasında bəzi problemlər yarada bilib. Həmçinin o da nəzərə alınmalıdır ki, İlqar Məmmədov “Real” təşkilatının sədri olmaqla bərabər, həm də Avropa Şurasının müəyyən mənada Azərbaycanda keçirdiyi bir çox layihələrin kordinatoru kimi fəaliyyət göstərirdi və Avropa Şurasına daha yaxın olan şəxs kimi tanınırdı. Bütün bunlara görə də Azərbaycan hakimiyyəti İlqar Məmmədovun həbsdən azad olunmasını istəmir. Amma məhz bu məsələlərin, ayrıca da Avropa Şurası qarşısında Azərbaycan hakimiyyətinin götürdüyü bir çox öhdəliklər var ki, bu öhdəliklər, xüsusilə də demokratiya və insan haqlarının qorunması məsələsi ilə bağlı öhdəliklər Azərbaycanda hələ də yerinə yetirilməyib. Bu sahələrdə hələ də bərbad vəziyyət var.
Natiq Miri: “Azərbaycan artıq Avropa Şurasından çıxmaqda deyil, bu qurumla arada olan buzların əriməsi yönündə daha çox maraqlı görünür”.
Həmçinin müstəqil məhkəmə məsələsində də Azərbaycanda çox böyük problemlər yaşanır. Bu yöndə Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün bu qurumla Azərbaycan hakimiyyəti arasında hələ də problemlər yaşanmaqdadır.
Bu problemləri aşmaq üçün Azərbaycan zaman-zaman Avropa Şurası daxilində bəzi informasiyalara görə müəyyən lobbiçilik fəaliyyətlərdən istifadə edib ki, bu gün də bu fəaliyyətin araşdırılması ilə bağlı cinayət işi qaldırılıb. Bu cinayət işinin hara qədər varacağı haqda birmənalı nəysə demək mümkün olmasa da, ancaq hər bir halda görünən odur ki, bu gün Avropa Şurası ilə Azərbaycan arasında çox ciddi problemlər yaşanır. Hətta bu problemlər o səviyyədədir ki, artıq Azərbaycan hakimiyyəti səviyyəsində ölkənin Avropa Şurasından çıxma məsələsi də zaman-zaman dilə gətirilir. Bu faktın özü də göstərir ki, Avropa Şurası ilə Azərbaycan hakimiyyəti arasında çox ciddi problemlər yaşanır.
Ancaq bütün bunlara rəğmən son zamanlar hər bir halda Avropa Şurası ilə Azərbaycan arasında buzların əriməsi yönündə də bir fəaliyyətin olduğu üzə çıxır. Hətta Avropa Məhkəməsinin İlqar Məmmədovun azadlıqdan buraxılması ilə bağlı qərarına yönəlik Azərbaycan höküməti cavab məktubu yazıb. Tezliklə bu yöndə konkret qərarların qəbul olunacağı haqqında informasiya açıqlayıb. Bu faktorun özü də onu göstərir ki, Azərbaycan artıq Avropa Şurasından çıxmaq deyil, ola bilsin ki, bu qurumla arada olan buzların əriməsi yönündə daha çox maraqlı görünür. Mən düşünürəm ki, Avropa Şurasından çıxmaq Azərbaycan hakimiyyətinə və dövlətinə, bütövlükdə maraqlara xidmət edən məsələ deyil. Çünki Avropa Şurası kimi tribunanın itirilməsi və tribunadan Azərbaycan olmadığı təqdirdə Ermənistanın istifadə etməsi kimi məsələləri göz önünə gətirəndə düşünürəm ki, Azərbaycanın Avropa Şurasından çıxması doğru olacaq bir qərar deyil”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26