Interposta.Info

Prezidentin Zəngəzur bəyanatı qarşı tərəfə mesajdır - Sədrəddin Soltan

Siyasət
 21-04-2021, 17:42     435


Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibədə Zəngəzur dəhlizi layihəsi ilə bağlı fikirləri Ermənistan və Rusiya gündəmini çalxalayıb. Artıq bu barədə hər iki ölkənin KİV-ləri müxtəlif yorumlar formalaşdırmağa başlayıb. Belə ki, prezident Əliyevin "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də, zorla da olsa edəcəyik” ifadəsi daha çox Ermənistandakı separatçı və revanşist qruplaşmaları bir-birinə vurub.

Əslində, ölkə başçısının bu fikirləri, üzərində olan işğalçı damğasını Azərbaycanın adına yaxmağa çalışan Ermənistana bir mesajı idi. Rusiyanın aparıcılığı ilə 2020-ci il 10 noyabr kapitulyasiya sənədinə razı olan Ermənistan bu gün yenə orada mövcud olan əsas maddələrin icrasından boyun qaçırmağa çalışır. Bu maddələrin əsas bəndlərindən biri də Zəngəzur dəhlizinin açılması və regionda təhlükəsizliyin təmin olunması idi. Lakin Ermənistan arxasında dayanan qüvvələrin gücü ilə yenə də bu razılaşmanı pozmağa çalışır, özü də Rusiyanın gözü önündə.

Bəs görəsən Rusiyanın gözü bunu görürmü, yoxsa ortaq maraqlarının tamahına uyaraq göz yummağa çalışır?

10 noyabr razılaşmasının təşəbbüskarı Rusiya olsa da, onun Qarabağdakı bir çox proseslərə qeyri-səmimi yanaşması ilk gündən onun iç niyyətini ortaya çıxartdı. Bu gün Rusiya, həm Zəngəzur dəhlizinin reallaşması, həm də hələ də erməni və sülhməramlı hərbi birləşmələrin nəzarəti altında olan Qarabağ ərazilərinin Azərbaycan qaytarılmasında maraqlı olmadığını nümayiş etdirir.

Orta Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Sədrəddin Soltan yaranmış situasiya ilə bağlı Eurasia Diary-yə müsahibə verib.

- "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də”. Ölkə prezidentinin "zorla da olsa edəcəyik” mesajının arxasında nə dayanır?
- Azərbaycan Prezidenti İlham Əliyev bu bəyanatla başqa ölkənin işğal olunması və ya dəhlizin zorla açılmasını iddia etmir. Azərbaycanın XİN-nin yaydığı bəyanatda da məsələyə aydınlıq verilir. Həmin açıqlamada dövlət başçısının fikirlərini təhrif etməyə çalışanlara bildirilir ki, prezident Əliyevin 20 aprel çıxışındakı ifadələr birbaşa Ermənistanda baş qaldıra biləcək revanşist qruplaşmalara cavab olaraq ünvanlanır. Çünki son zamanlar Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı müxtəlif fikirlər səsləndirilir və bu ideyanı pozmaq istəyən qüvvələr meydana çıxıb. Hətta bu gün Ermənistan baş naziri Nikol Paşinyanın Sünik vilayətinə səfəri çox çətinliklərdən sonra mümkün olub. Orada baş nazirə qarşı yürüş keçirmək niyyətində olsalar da, bunun qarşısı müəyyən yolla alınıb. Bütün bunlar onu göstərir ki, Ermənistanda Zəngəzur dəhlizinin açılmasından xoş olmayan üçüncü tərəf var və təbii ki, onların arxasında dayanan sponsor ölkələr də istisna edilmir. Bunu daha çox Rusiyaya təzyiq kimi göstərmək olar. Çünki məlumdur ki, Rusiya 10 noyabr razılaşması və 9 maddəni özündə əks etdirən layihənin müəllifidir və həmin layihədə Rusiya Zəngəzur məsələsinə də toxunub. Beləliklə, bir daha aydın olur ki, Ermənistanda Zəngəzur dəhlizinə etirazlar birbaşa Rusiyaya hədəflənib.

Ümumiyyətlə İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikəri sırf Ermənistanın 10 noyabrda üzərinə götürdüyü öhdəlikləri icra etməsini istəməsi ilə bağlıdır. Çünki Azərbaycan bu sənədi həm də Ermənistanın Zəngəzur dəhlizinə razı olduğu üçün imzaladı. Lakin bu gün Ermənistanın bu öhdəlikdən boyun qaçırması və buna qarşı gəlməsi Azərbaycana və onun ərazi bütövlüyünə qarşı bir təhdid də adlandırmaq olar. Buna misal olaraq deyə bilərəm ki, iyun ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək, bu seçkidə iştirak edənlərin bir hissəsi Azərbaycan torpaqlarını, eləcə də Xocalıda cinayətlər törətmiş qüvvələrdir. Onlar yenidən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına çalışır və bununla yanaşı, tez-tez ağılsız bəyanatlarla çıxış edirlər.

Beləliklə, İlham Əliyevin çıxışındakı ifadələr məhz həmin revanşist qüvvələrə ünvanlanan bir mesajdır. Əgər Azərbaycan ərazisinə hər hansı bir təhdid olarsa, Azərbaycan tərəfi həmin qüvvələrə sərt şəkildə cavab verəcək. Buna baxmayaraq, bayaq qeyd etdiyim kimi, bu gün həm erməni, həm də rus KİV-ləri prezidentin bəyanatı ilə bağlı yayılan xəbərlərdə özlərinə sərf edən şəkildə şərhlər verərək təhrif ediblər.

- Azərbaycan hələlik Xankəndi, Xocalı, Ağdərə və bəzi digər ərazilər hələ də tam nəzarət etmir. Orada erməni və rus hərbi birləşmələri dayanıb. Belə bir situasiyada ölkə prezidentinin Zəngəzur məsələsinin üzərində bu qədər möhkəm dayanması, bu məsələni tez-tez qaldırması hansı məqsəd daşıya bilər?
- Düzdür, bu gün Azərbaycanın bayrağı Xankəndi, Xocalı, Ağdərə və Qarabağın bir sıra ərazilərində dalğalanmır və həmin ərazilərə rus və erməni hərbçiləri nəzarət edir. Qeyd edim ki, qanuni cəhətdən yanaşılsa erməni və rus hərbçilərinin orada nəzarəti ələ almaları 10 noyabr razılaşmasına tamamilə ziddir. Eyni zamanda, Azərbaycan tərəfi bu məsələni erməni və Rusiya rəsmilərinin diqqətinə çatdırır.

10 noyabr razılaşmasında icrası ləngidilən digər maddə, bayaq qeyd etdiyim kimi Zəngəzur dəhlizi məsələsidir. O üzdən də ölkə başçısı bu bəyanatı ilə Rusiya və Ermənistan tərəfini imzalanan razılaşmanın maddələrini tam şəkildə yerinə yetirməyə çağırmış oldu. Onu da əlavə edim ki, Ermənistan və Rusiya üzərilərinə düşən öhdəlikləri icra etmədiyi təqdirdə Azərbaycan bu bəyanatdan çıxa bilər. Belə olan təqdirdə, bu həmçinin Ermənistan üçün daha faciəli sonluqla nəticələnməsi şübhəsizdir.

- Zəngəzur dəhlizi məsələsində Ermənistanla ziddiyyətlər yaşanacağı təqdirdə bu məsələdə maraqlı olan Türkiyə ilə yanaşı, sazişin altında imzası olan Rusiyanın, həmçinin dəhlizin sərhədlərinin yaxınlığından keçəcək İranın reaksiyası, müdaxiləsi nə ola bilər?
- İranın bu məsləyə açıq-aşkar müdaxiləsi mümkünsüzdür, çünki Ermənistan-İran münasibətləri Rusiya-Ermənistan münasibətləri səviyyəsində deyil. İran üçdə üç formatında iştirak edib, bu layihəni dəstəkləmək baxımından layihəyə qarşı çıxanlara öz etirazını bildirə bilər. Lakin layihənin gerçəkləşməsinə qarşı Ermənistandakı revanşist qüvvələr çıxır və Rusiyanın bu məsələyə səssiz qalması onu deməyə əsas verir ki, Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlı görünmür. Xüsusilə Türkiyənin son günlərdə Ukrayna-Rusiya qarşıdurmasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi Rusiyanı heç də məmnun etməyib. Düzdür, bunu onlar açıq şəkildə büruzə verməsələr də, bu iki ölkə arasında təyyarə uçuşlarının dayandırılması daxil olmaqla, bir sıra digər layihələrin axsadılmasında açıq şəkildə hiss olunur. Hər iki rəsmi tərəf bu məhdudiyyətin arxasında siyasi mahiyyətin olmadığını deyir, lakin görünən kəndə nə bələdçi… Rusiya eyni siyasəti Zəngəzur dəhlizində də tətbiq etməyə çalışır, çünki məlumdur ki, dəhliz açılarsa burada Türkiyə də faydalanmış olacaq.

Bundan əlavə, Rusiya erməni hərbi birləşmələrinin Qarabağ ərazilərindən çıxmasında da maraqlı görünmür. Beləliklə, maddələrin icra olunmaması Rusiya ilə Ermənistanın münasibətlərinin Qarabağda tənzimləndiyi və uyğunlaşdığını göstərir. Bir sözlə, Ermənistanla Rusiya bu davranışları ilə regionda təhlükə yaradırlar. Təbii ki, belə olan təqdirdə Rusiya beynəlxalq vasitəçi kimi etimadı doğrultmadığı üçün tamamilə gözdən düşmüş olacaq.

Qeyd edim ki, əvvəllər Zəngəzur dəhlizi layihəsi ilə bağlı işçi qruplarının tez-tez iclasları keçirilirdi. Lakin son zamanlar bu iclaslar gecikdirilir. Bu o deməkdir ki, noyabrın 10-da imzalanmış razılaşmanın təşəbbüskarı olan Rusiya, onun müddəalarının həyata keçməsində maraqlı deyil.

İrana gəldikdə, burada o aparıcı mövqedə yer almasa da, şübhəsiz istənilən təqdirdə Rusiyanın tərəfini tutacaq.

- Ermənilər İlham Əliyevin bəyanatını Ermənistana ərazi iddiası kimi qələmə verirlər.
- Əvvəla qeyd edim ki, ermənilər bir çox arxeoloji qazıntılar apardığı zaman bu ərazilərin tarixən Azərbaycana aid olduğuna dair faktlara özləri şahid olublar. Həmçinin, bu gün ermənilərin Ermənistan adlandırdıqları ərazi də, Azərbaycanın qədim ərazisidir.

İlham Əliyev Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmir, o sadəcə dünyaya hamının bildiyi bir tarixi məsələni xatırladır. Prezident, Ermənistanın Azərbaycan ərazisinə sahiblənərək dövlət olduğunu və bundan da sonra eyni formada Qarabağı mənimsəməyə cəhd göstərib böyük dövlət qurmaq iddialarını ortaya qoyur.

Bu gün Ermənistanın atdığı bu addım ümumiyyətlə beynəlxalq hüquq normaları və qonşuluq prinsiplərinin pozulmasıdır və üstəlik prezidentin çıxışını ərazi iddiası kimi qələmə vermələri sadəcə cəfəng fikirlərdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26