Interposta.Info

Rusiya ABŞ-dakı səfirini geri çağırdı - Gərginlik artır

Siyasət
 18-03-2021, 10:57     456

Rusiya martın 17-də Birləşmiş Ştatlardakı səfirini Vaşinqtonla münasibətlər barədə məsləhətləşmə üçün Moskvaya çağırıb.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Vaşinqtonla münasibətlərinin “düzəlməyəcək dərəcədə” korlanmasını istəmir.

Nazirliyin bəyanatında deyilir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məsləhətləşmə üçün Moskvaya çağırılıb və bu məsləhətləşmədən məqsəd Birləşmiş Ştatarla bağların bundan sonra necə olacağını müzakirə etməkdir.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin barədə danışarkən ağır ittihamlar səsləndirmişdi. Bayden ‘Putini qatil hesab edirsinizmi’ sualına ‘Bəli’ deyib.

ABŞ prezidenti Co Bayden deyib ki, onun rusiyalı həmkarı Vladimir Putin qəlbi olmayan “qatildir” və tezliklə ABŞ-da noyabr seçkisinə müdaxilə etməsinin “bahasını” ödəyəcək.

Bayden martin 17-də ABC News telekanalına müsahibəsində aparıcı Corc Stefanopulasın sualına cavab verərkən Putin barədə deyib: "O, bunun bədəlini ödəyəcək. Tezliklə görəcəksiniz”.

Bu müsahibədən bir neçə saat əvvəl, ABŞ Milli Kəşfiyyatı direktorunun ofisi məxfi hesabat açıqlamışdı. Hesabatda deyilirdi ki, ABŞ seçkisi zamanı Rusiya prezidenti Vladimir Putin ölkəsinin hökumət qurumlarına prezident Baydeni və Demokrat Partiyasını gözdən salan və eyni zamanda keçmiş prezident Donald Trampa dəstək verən təsir əməliyyatının aparılmasına göstəriş verib.

Dörd onillik ərzində siyasət meydanında olan Bayden deyib ki, o Putini “kifayət qədər yaxşı tanıyır” və onun fikrincə, Rusiya prezidentinin “qəlbi yoxdur”. Jurnalistin o “Putini qatil hesab edirmi” sualına Bayden "Mmm…hmm… Bəli" şəklində cavab verib.

Kreml martin 17-də ABŞ kəşfiyyatının hesabatında yazılanları inkar edib və onları “tamamilə əsassız” adlandırıb. Putinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya seçkiyə “müdaxilə etməyib” və “heç bir namizədə qarşı kampaniyalar aparmayıb”.

ABŞ və Rusiya arasındakı münasibətlərin son dərəcə gərgin olmasına baxmayaraq, Bayden deyib ki, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə iş aparıla bilər. ABŞ prezidentinin fikrincə belə sahələrdən biri də Yeni START nüvə müqaviləsinin yenilənməsidir. Müsahibədə Rusiyadan başqa mövzulara da toxunulub./yenisabah.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26