Interposta.Info

Rusiya-Türkiyə dostluğu Ukraynada pozula bilər - "Putin və Ərdoğan arasında o istək var ki..."

Siyasət
 16-03-2021, 12:35     434

Rusiya-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. Türkiyədə Rusiyanın maddi və texnoloji dəstəyi ilə inşa olunan Akkuyu AES-in növbəti reaktor blokunun təməlqoyma mərasimi bu iki ölkə arasında əməkdaşlığın genişlənməsindən narahat olanları, yəqin ki, yeni planlar cızmağa vadar edəcək. Çünki bu strateji obyektin inşası və istifadəsi üzrə əməkdaşlıq Moskva-Ankara münasibətlərinə yeni uzunömürlü məzmun qatacaq.

Türkiyə-Rusiya tərəfdaşlığının dərinləşməsi bəzi Qərb dövlətlərini, o cümlədən ABŞ-ı açıq şəkildə qıcıqlandırır. Qarşılarında yeni, daha güclü bir koalisiya görməmək üçün o qüvvələr hansı preventiv addımlar ata bilərlər?

Mövzu ilə bağlı Hit.az-ın suallarını politoloq Fərhad Məmmədov cavablandırıb.


Azərbaycan üçün xüsusi önəm daşıyan iki dost və qonşu ölkənin münasibətlərinin inkişaf etməsindən danışan politoloq əlaqələrin möhkəmlənməsinə Qərbin səbəb olduğunu bildirib.

“Hazırda Türkiyə-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir və tərəflər bütün problemləri dialoq yoluyla, masaya oturmaqla çözməyə çalışırlar. Putin və Ərdoğan arasında bu gün o istək var ki, bütün problemlərin həllini tapsınlar. Bu istəyin olması böyük şərtdir və Azərbaycan da bu durumdan öz xeyrinə istifadə edir. Biz bu tandemi dəstəkləməliyik.

2000-ci ilin əvvəllərindən beynəlxalq siyasətdə yeni bir fikir formalaşıb ki, koalisiyalar missiyalara, maraqlara görə formalaşır və bu, daha effektiv olur. Həm Rusiya, həm Türkiyə uzun illər fərqli siyasi bloklara aid olublar. İndi Türkiyənin NATO ilə münasibətləri kəskindir. Ərdoğan və Putin demək olar ki, eyni dövrdə hakimiyyətə gəlib. Eyni şəkildə Qərbdən istədiklərini ala bilməyiblər. Putin hakimiyyətinin ilk illərində səfərlərinin 80 faizini Qərbə etmişdi və hətta o zaman formalaşan fikrə görə, Vladivastokdan Lissabona qədər NATO təhlükəsizlik sahəsi formalaşmalı idi. Amma bu gözləntilər özünü doğrultmadı.

Nəticədə regional liderliklər formalaşdı. Sovet dönəminə qədər ikiqütblü dünya var idi, Sovetlərin dağılması, ABŞ-ın liderliyi ilə birqütblü dünya siyasəti formalaşdı. Lakin son 10 ildə artıq hər regionda regional liderlər yaranmağa başladı. Bunlardan biri də Türkiyədir. Burda Türkiyəyə uzun müddət bir liderin və bir partiyanın rəhbərlik etməsi də rol oynayıb. Bu dövlətin güclü iqtisadiyyatı var. Bəs nəyi çatmır? Təbii ehtiyatları, texnologiyaları. Buna görə o Rusiya ilə öz çatışmazlıqlarını tamamlamağa çalışdı. Ənənəvi yasaqlara, ABŞ-ın “silahını ona satma, bundan filan məhsulu alma” tövsiyələrinə qarşı Rusiya ilə yasaqlara “yox” dedi. Rusiyanın da praqmatik maraqları var. Ona qarşı qoyulan sanksiyaların aradan qaldırılması üçün onilliklər lazım idi. O, Qərblə bağlantılarını asta-asta qırmaq üçün NATO üzvü olan, lakin eyni zamanda, NATO-ya, ABŞ-a sözünü sərt şəkildə deyə biləcək Türkiyəni seçdi”, - deyə politoloq qeyd edib.

O, Rusiya-Türkiyə münasibətlərinin zəif bəndləri barəsində də bir neçə kəlmə fikir bildirib:

“Qarşılıqlı iqtisadi asılılıq o səviyyəyə yüksəlib ki, kiçik böhranlarla bu münasibətlər sarsılmayacaq. Amma onların münasibətlərinin zəif halqaları da var ki, bu münasibətlərdən narahat olan Qərb rahatlıqla onlardan istifadə edə bilər. Türkiyə-Rusiya münasibətlərində hər şeyin hamar getdiyini düşünmək olmaz. Çünki hər iki dövlətin müəyyən strateji maraqları var və bəzi istiqamətlərdə bu səbəbdən ziddiyyətlər mövcuddur. Məsələn, Suriyada üz-üzə duran qüvvələr hərbçilərdir. Hərbiçiləri bir-birinə qarşı istifadə eləmək daha asandır. Ukrayna məsələsində də onlar fərqli tərəfləri dəstəkləyir və burda da hərbi dəstəkdən söhbət gedir. Bu hərbi bataqlıqlar Türkiyə-Rusiya tərəfdaşlığı üçün böyük sınağa çevrilə bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26