Interposta.Info

Anar Əsədli Meral Akşenerlə görüşdü - FOTOLAR

Siyasət
 9-02-2021, 16:54     313

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli bu gün Ankarada İYİ Partiyanın Başqanı Meral Akşenerlə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev, Başqanın məsləhətçisi Rza Heyət, İYİ Partiyanın Başqanının Siyasi İşlər üzrə müavini Mustafa Cihan Paçacı, Türk Dünyası və Xaricdə yaşayan Türklərlə iş üzrə müavini Yavuz Ağıralioğlu, Mətbuat Katibi Murat İde iştirak ediblər.

İYİ Partiyanın Mərkəzi Qərargahında keçirilən görüş kifayət qədər işgüzar və səmərəli olub. AY Partiyanın Başqanı Azərbaycan xalqının Qarabağ zəfərindən sonra bir ruh yüksəkliyi ilə yeni üfüqlərə doğru irəlilədiyini deyib. Bu irəliləmənin cəmiyyətin hər sahəsini – iqtisadiyyatını, sosial mühitini, elmi inkişafını, hərbi quruculuğunu və digər sahələrini ehtiva etdiyini deyən Anar Əsədli Azərbaycan ilə Türkiyənin birlikdə yeni dövlətlərarası layihələrə imza atmaları gərəkdiyini vurğulayıb.

Dövlət qurumları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edən AYP Başqanı hər iki dövlətin siyasi partiyaları və QHT-i arasında dialoqun olmamasından narahatlığını bildirib, təklif edib ki, İYİ Partiya ilə AY Partiyası birlikdə Türk Dünyası Siyasi Partiyalarının Platformasını və Dünya Türksoylu Siyasətçilərin Birliyinin yaradılması istiqamətində fəaliyyətlərini koordinasiyalı şəkildə davam etdirsin.

İYİ Partiya Başqanı bu təklifi bəyəndiyini və birlikdə layihələndirib addım ata biləcəklərini böyük bir məmnuniyyətlə dilə gətirib.

Meral Akşener qeyd edib ki, hələ 1991-ci ildən Azərbaycan insanlarını tanımaq ona nəsib olub və Azərbaycanda çoxlu dostu var. Azərbaycanın milli mübarizəsinin daim yanında olduqlarını, bundan sonra da hər məsələdə qardaşlıq və dostluq mühitində münasibətlərə davam etmək istədiklərini deyən İYİ Partiya Başqanı Türk Dünyasına çox önəm verdiklərini və bu məsələdə Azərbaycanla birlikdə hərəkət etmək arzusunda olduqlarını dilə gətirib.

AY Partiya Başqanı Meral Akşeneri yenidən Azərbaycana səfərə dəvət edib. İYİ Partiya Başqanı da bu dəvəti məmnuniyyətlə qəbul etdiyini və imkan düşən kimi Azərbaycana böyük bir heyətlə gələcəklərini söyləyib.

Görüş sırasında hər iki partiyanın müvafiq orqanları arasında ikili əməkdaşlığa dair niyyət razılığı da əldə olunub. İki ölkənin ictimai və siyasi qurumları arasında əməkdaşlığın bir nümunəsini təşkil edən İYİ Partiya və AY Partiyasının sözdə, fikirdə və əməldə birliyinin bütün Türk Dünyası, region ölkələri və xalqlarımız üçün faydaları haqqında fikirlər səsləndirilib.

AY Partiya Başqanı Meral Akşenerə Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı, Meral Akşener də Anar Əsədliyə hədiyyələr təqdim edib./hit.az

İnterPosta.info









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26