Interposta.Info

Növbə sabiq məmurlara çatdı - Səlim Müslümovun həbsi son deyil

Siyasət
 6-02-2021, 15:58     522


Keçmiş nazir Səlim Müslümovun həbsi eks məmurlar üçün ciddi siqnal sayıla bilər.

Hit.Az xəbər verir ki, artıq uzun illər vəzifədə olub oliqarxa çevrilən, daha sonra orden və mükafatlarla yola salınan sabiqlərlə də hesablaşma zamanının gəldiyi barədə mülahizələr irəli sürülür. Təsadüfi deyil ki, Səlim Müslümovun həbsindən sonra keçmiş nəqliyyat naziri Ziya Məmmədovun istintaqa çağıdıldığı barədə məlumatlar yayılıb.

Hakimiyyətdə kadr islahatları çərçivəsində oliqarxiyanın və "köhnə qvardiya” adlanan "kötük”lərin bu və ya digər şəkildə sıradan çıxarılması prosesinə 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra başlanılıb. Proses 2019-cu ilə qədər ləng gedib. Həmin ildən başlayaraq isə vəzifədə kök atmış, fəaliyyətləri ilə hakimiyyətdən narazıların sayını artırmış məmurların çoxu arda-arda idarəetmədən kənarlaşdırılıb. Hakimiyyət nümayəndələrinin prosesi islahat kimi dəyərləndirmələri işdən çıxarılan məmurların ölkənin inkişafına ciddi əngəl olduqları assosiasiyasını yaradıb. Bu baxımdan, onların məsuliyyətə cəlb olunmaması təəccüblə qarşılanıb.

Cəmiyyət həmin məmurların uzun illər talançılıqdan sonra heç nə olmamış kimi sakit şəkildə, bəzən mükafatlandırılaraq yola salınmasının məntiqini anlamaqda çətinlik çəkib. İndi bəlli olur ki, "təmizləmələr”in bu formada həyata keçirilməsi həssas dönəmdə ölkədə baş verə biləcək təlatümlərin qarşısını almağa hesablanıb.

İndi iqtidarın birinci şəxsinin daha inamlı görünməsi, iriçəkili məmurları publik şəkildə sərt tənqid etməsi, Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yerli və mərkəzi icra hakimiyyətlərində xüsusi əməliyyatlar keçirməsi artıq oliqarxiya və "köhnə qvardiyan”ın dişinin sındırılması qənaəti yaradır.

Bu arada deputat Vahid Əhmədovun açıqlamalarına da diqqət etmək gərəkdir. O, "köhnə qvardiya”nın dövlət çevrilişi etmək niyyətində olduğunu bildirib. "O qədər harınlayıblar ki, çeviriliş sevdasına düşüblər”, - deyə Vahid Əhmədov bildirib.

Deputatın bu fikirləri məmurların "vurulması” prosesinə əlavə rəng qatmaq xətrinə söymələmədiyi sezilir. Vahid Əhmədov kifayət qədər ehtiyatlı, eyni zamanda hakimiyyətin mətbəxinə yaxşı bələd olan şəxsdir. Görünür, deputatın əlində söylədiklərini əsaslandıra biləcək faktlar var. Onun fikirləri də "köhnə qvardırya” və oliqarxiyanı təmsil edən məmurların bəzilərinin sakit şəkildə yola salınmasının çətin dövrdə əlavə problemlərin yaranmaması üçün düşünülmüş taktika olduğunu söyləməyə əsas verir.

Səlim Müslümovun həbsi ilə isə artıq düyməyə basıldğını söyləmək olar. Mülahizələrə görə, qrup maraqlarından çıxış edən, oliqarxa çevrilən digər eksləri də oxşar tale gözləyə bilər. Özü də ortada çevriliş iddiası varsa, milyonlara sahib olan digər sabiqlərin prosesdən kənarda qalacağı inandırıcı görünmür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26