Interposta.Info

Top Ermənistan meydanında: İrəvan ikisindən birini seçməlidir... (ŞƏRH)

Siyasət
 29-12-2020, 23:39     391

Politoloq Elxan Şahinoğlu Rusiya və Türkiyə xarici işlər nazirlərinin Soçidəki görüşünü şərh edib.

"İnterPosta" xəbər verir ki, politoloq Türkiyə ilə Rusiyanı Qərbin hər ikisinə qarşı sanksiyaları yaxınlaşdırır. Bu yaxınlaşmadan Azərbaycan faydalanmalıdır:

"Rusiya və Türkiyə xarici işlər nazirlərinin Soçidəki görüşü başa çatdı. Nazirlər siyasi və iqtisadi münasibətlərdən, o cümlədən fərqli münaqişələrdən tutmuş peyvəndin birgə istehsalına qədər müxtəlif mövzuları müzakirə etdilər. Bizi maraqlandıran nazirlərin Dağlıq Qarabağla bağlı ortaq əməkdaşlıqla bağlı düşüncələridir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, Ağdamda ortaq monitorinq mərkəzi çərçivəsində iki ölkənin hərbçiləri əməkdaşlığa başlayacaqlar. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ortaq monitorinq mərkəzinin faydalı olacağını bildirməklə yanaşı, İlham Əliyevlə Rəcəb Təyyub Ərdoğanın Bakıda birgə mətbuat konfransınsa səsləndirdikləri fikri xatırlatdı: "Altılıq formatında bütün imkanlarımızı səfərbər etməyimiz lazımdır. Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentmiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik”.

Top Ermənistanın meydanındadır. Ermənistan hakimiyyəti və cəmiyyəti ikisindən birini seçməlidir: ya Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını davam etdirməli və bu zaman növbəti ağır məğlubiyyətlərlə üzləşməli, ya da sərhədlərin toxunulmazlığı prinsipindən çıxış edərək, barış və inkişafa üstünlük verərək regional əməkdaşlıqdan faydalanmalıdır. Ermənilərin hələ ki, ikinciyə üstünlük verdiyini müşahidə etmirik, onların nəyə üstünlük verəcəklərini gələn il parlament seçkisindən sonra yeni və ya yerində qalacaq hökumətin siyasətində görəcəyik.

Rusiya və Türkiyə müttəfiq deyillər, bu iki dövləti strateji tərəfdaş adlandırmaq da çətindir, sadəcə tərəfdaşdırlar. Əsas odur ki, bu iki ölkənin Suriya, Liviya və Dağlıq Qarabağ məsələsində yanaşmalarında fərqləri olsa da, daima dialoq içindədirlər və ortaq nöqtələr axtarmağa çalışırlar. Bu sıraya iki ölkənin birgə layihələrini də əlavə etmək lazımdır. Türkiyə ilə Rusiyanı Qərbin hər ikisinə qarşı sanksiyalar da yaxınlaşdırır. Bu yaxınlaşmadan Azərbaycan faydalanmalıdır. Türkiyəli hərbçilərin Dağlıq Qarabağa gəlişlərini həm də ona görə sürətləndirmək lazımdır ki, rusiyalı hərbçiləri qarşılarında güc görsünlər və həmin güclə münaqişədən çəkinsinlər".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26