Interposta.Info

Əsəd rejimi qondarma “soyqırımı” tanıdı - Bakıdan reaksiya

Siyasət
 15-02-2020, 09:51     297

Qabil Hüseynli: “Bu qərarın heç bir hüquqi qiyməti yoxdur”
Suriya parlamenti fevralın 13-də qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edib. Ermənistan KİV-lərinin yazdığına görə, bu barədə Suriya parlamentinin katibi Rami Saleh açıqlama verib. Onun sözlərinə görə, XIX əsrin sonu - XX əsrin əvvəllərində ermənilər və digər xristian xalqlar Osmanlı dövlətində təqiblərə məruz qalıb. Qərar Türkiyə və Azərbaycanda ciddi etirazla qarşılanıb.

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin “erməni soyqırımı”nı tanımasına münasibət bildirib. Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, Türkiyə XİN rəsmisi Hami Aksoy 1915-ci ildə baş vermiş hadisələrin “soyqırımı” kimi tanınmasını ikiüzlülük adlandırıb.

Onun sözlərinə görə, qondarma qərarın qəbul edilməsi öz xalqına qarşı qətliamlar törədən, milyonlarla insanı öz yurdundan didərgin salan, günahsız insanlara qarşı kimyəvi silah tətbiq etmiş Bəşər Əsəd rejiminin riyakarlığını və ikiüzlülüyünü göstərir.

Ekspertlər qeyri-legitim sayılan Suriya hökumətinin parlamentinin belə bir qərar qəbul etməsini təsadüfi saymırlar. Onlar hesab edirlər ki, bunun arxasında ilk növbədə, Suriyada qardaş Türkiyənin uğurlu əməliyyat həyat keçirməsi dayanır. Öz düşüncəsində Əsəd rejiminin bu yollarla rəsmi Ankaraya təsir etmək niyyətində olduğu vurğulansa da, bu həm də mümkünsüz sayılır. Burada Rusiyanın barmağının olduğu da istisna edilmir. Son zamanlarda Türkiyə ilə münasibətləri Suriya böhranına görə gərginləşən Kremlin bu yolla cavab verdiyi ehtimal olunur. Nümunə kimi də vaxtı ilə Rusiya prezidenti Vladimir Putinin təsiri ilə Cənubi Osetiya və Abxaziya kimi qondarma rejimləri Suriya hökumətinin tanıması göstərilir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli bu qərarı kağız parçası sayır: “Suriya ərəb dünyasında ilk ölkədir ki, bu qondarma "erməni soyqırımı"nı tanıyır. Amma məsələ burada ondadır ki, Əsəd rejimi Türkiyə müharibə vəziyyətindədir. İdlib ətrafında mübahisələrin, müharibələrin getdiyi bir vaxtda tələm-tələsik parlamentin komissiyalarından keçmədən saat yarım ərzində belə bir qərar verilib. Nə qədər səslə qəbul olunduğu belə məlum deyil. Bu qərarın qəbulunun heç bir hüquqi qiyməti yoxdur. Sadəcə olaraq, Əsəd rejimi Türkiyənin bölgədəki mövqeyini müəyyən qədər sarsıtmaq üçün belə bir saxta metoda əl atıb. O parlamentdə oturan adamlar səs verdikləri hadisənin mahiyyətindən xəbərdar deyillər. Bununla guya Türkiyəyə hansısa zərbə vurmaq istəyirlər. Əsəd rejiminin legitimliyinə hazırda dünyada bir çox ölkə şübhə ilə yanaşır. Qeyri-legitim prezidentin təsiri ilə qeyri-legitim parlamentin qəbul etdiyi bu cür qərarlar hər hansı bir qüvvəyə malik ola bilməz. “Erməni soyqırımı”nın araşdırılması və məsələyə qiymətin verilməsi o zaman ola bilər ki, əldə ciddi faktlar olsun. Həmin dövrdə baş vermiş hadisənin şahidi olanlardan hazırda yaşayanlar var. Eyni zamanda, həmin dövrdəki hadisənin video faktları, audoyazıları mövcuddur. Osmanlı imperiyasının vətəndaşları olasan, ona arxadan zərbə vurasan, hələ o imperiya ermənilərə qarşı humanist davranıb. Belə adamları güllələmək əvəzinə, sadəcə köç siyasətinə məcbur ediblər, yəni yaşadıqları Şərqi Anadoludan o zaman Osmanlı İmperiyasının tərkibində olan ərazilərə köçürüblər. Köç siyasətinin böyük qismi qatarla həyata keçirilib, ata arabaları ilə daşınma halları da olub. Daşınma prosesində o zaman Osmanlı İmperiyasının zəifləməsindən istifadə edən yollara nəzarət edən kürd qruplaşmaları ermənilərin əllərindən ərzaqlarını, geyimlərini alırdılar. Qadınlarda qızıl zinət əşyaları görən kimi alırdılar, hətta onların qulaqlarını, əllərini kəsirdilər. Ölən 50-60 min adam bu quldurların hücumu nəticəsində baş vermişdi. İndi də ermənilərin bəziləri etiraf edirlər ki, Osmanlı yeganə dövlət olub ki, öz vətəndaşlarına qarşı bu cür əməllər törədən adamları tutaraq, onlar üzərində məhkəmələr qurub. Osmanlı əsgərinin gülləsi ilə bir nəfər də öldürülməyib. Hər halda tarixi həqiqətlər bunu deyir. Ölənlərin bir qismi aclıqdan, susuzluqdan və o zaman yayılan xəstəlikdən həyatlarını itirib. Ermənilərə hücum edən quldurların çoxunu Osmanlı İmperiyası tutaraq, mühakimə edib, onlar ağır cəzalara məhkum olunublar. Əsəd rejiminin belə bir hadisəyə qiymət verməyə girişməsi gülməlidir və bu kənardan belə görünür. Bəşər Əsəd də, onun tarixçiləri də bu hadisənin nə zaman baş verdiyini, orada nələrin olduğunu belə bilmirlər. O zaman ermənilər Şərqi Anadoluda 700-750 min yaşadıqları halda guya 1,5 milyon erməninin qırılması haqqında qaldırdıqları qondarma ittiham tarixin özü tərəfindən təkzib edilir. Bu sayda yaşayan adamdan ikiqat artığı necə qırıla bilər? Bir sözlə Bəşər Əsəd rejiminin parlamenti qeyri-qanunidir. Suriya xalqının özü belə o hökuməti tanımır. “Erməni soyqırımı” barədə qərar çox gülünc, və özünüzün də dediyiniz kimi, kağız parçasından ibarət deyil. Dünya miqyasında da bu belə qəbul olunacaq".

Sabiq dövlət müşaviri “erməni soyqırımı” qərarının qəbulunda Rusiyanın barmağının olduğunu istisna etmir: “Burada Rusiyanın təsirləri mümkündür. Çünki Rusiya ilə Türkiyə arasındakı münasibətlər xeyli gərginləşib. Rusiya ara qızışdırmaqda, dövlətləri bir-birinə qarşı qoymaqda mahir bir ustadır. Bəşər Əsəd rejimini də qoruyan ruslardır. Ona siyasi-ideoloji dəstək verirlər. Bu nöqteyi-nəzərdən istisna etmirəm ki, siyasi və ideoloji xarakter daşıyan belə bir addımın atılmasında, Əsəd rejiminin təhrik edilməsində Rusiyanın müəyyən rolunun olması istisna deyil”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26