Rusiyadan Qarabağla bağlı optimist mövqe və İrəvanın “bağça” siyasəti

İşğalçı Ermənistan Cenevrə danışıqlarının ardınca torpaqlarımızda qanunsuz məskunlaşmasını davam etdirir; düşmən Azərbaycanı hərb yoluna əl atmağa vadar edir; Qafar Çaxmaqlı: “Vasitəçilərin nəyi gözlədikləri məlum deyil...”
Ermənistanın Cenevrə danışıqlarından sonrakı mərhələdə də işğalçılıq siyasətindən əl çəkmək fikrində olmadığını nümayiş etdirməsi savaş riskini gündən-günə artırır. Üstəlik, Qarabağ separatçılarının mart ayında “seçki” keçirməklə bağlı planı vasitəçilərin dinc tənzimlənmə ilə bağlı çalışmalarına növbəti zərbədir. Görünür, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonu Qarabağ mövzusunda açıqlamalar verməyə də müşahidə olunan “tufanqabağı sakitlik” vadar edib.
“Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal vasitəçi mövqe tutub. Bu uzun sürən münaqişənin həllində tərəflərə kömək etmək şərtsiz xarici siyasət prioritetlərimizdən biridir” - diplomat “Rossiya seqodnya”ya müsahibəsində deyib. Onun sözlərinə görə, Qarabağ məsələsi Rusiya prezidentinin, xarici işlər nazirinin diqqət mərkəzində qalmaqdadır: “Bu durum həyata keçirilən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir, onun nəticələrinə artan diqqəti müəyyənləşdirir”.
“Ölkəmizin vasitəçilik səyləri yolundakı mühüm mərhələ 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllini ifadə edən Moskva Bəyannaməsinin qəbulu oldu. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı altında Azərbaycan və Ermənistan liderlərinin imzası olan ilk və hələ ki yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın baş qərargah rəislərini Moskvaya dəvət etməklə 2016-cı ildəki genişmiqyaslı hərbi əməliyyatların sona çatdırılmasında həlledici rol oynayıb”, - rusiyalı diplomat vurğulayıb.
*****
“Qarabağa dair danışıqlar mərhələsi cavablardan çox suallar yaradır”. Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan deyib.
“Mən anlayıram ki, sükut etikası mövcuddur. Hazırkı mərhələdə hələ də bilmədiyimiz şeyi analiz etməyə cəhd etmirəm, amma aktiv şəkildə bəhs edilən vacib epizodu qeyd etmək istəyirəm. Mən Avropa mətbuatında oxumuşam ki, gələcəkdə birgə yaşayış layihəsi ilə bağlı müəyyən vəziyyət təklif oluna bilər. Qarabağda ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış zonasının yaradılması yaxşı heç nəyə gətirib çıxarmayacaq”, - deyə o bildirib. Qeyd edək ki, bundan öncə Vitali Balasanyan Mnatsakanyanla Məmmədyarovun ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış zonalarının yaradılmasını müzakirə etdiyi barədə məlumat yaymışdı. Qeyd edək ki, rusiyalı politoloq Stanislav Tarasov Cenevrə danışıqları barədə şərhi zamanı masa üzərində hansısa ssenarinin mövcudluğundan bəhs edib. Ancaq eyni zamanda ekspert Bakının birmənalı şəkildə ərazi bütövlüyünün bərpasını istədiyini, Paşinyan hökumətinin isə yeni oyun təklif etdiyini bildirib.
Xarici müşahidəçilər də çox yaxşı bilirlər ki, Ermənistan növbəti bəhanələrlə zamanı uzatmağa, Qarabağda daha bir saxta “seçki” keçirib Paşinyanın adamını rejimin başında oturtmağa çalışır. Reallıq budur ki, Ermənistan işğal zonasını tərk etmək niyyətində deyil. Düşmənin Xocavənd rayonunun Tağaser kəndində yeni, 60 yerlik uşaq bağçasının inşasına başlaması da bunun təsdiqidir. Ermənistan işğal altındakı əraziləri tərk etmək istəsəydi, sözsüz ki, torpaqlarımızda uşaq bağçasına pul xərcləməzdi.
Bu da məlumdur ki, nəinki Dağlıq Qarabağdan, hətta Ermənistandan əhali sürətlə köçür. Hansı ki, N.Paşinyan 2050-ci ilədək Ermənistan əhalisinin sayını 5 milyona çatdıracağı barədə absurd fikir söyləmişdi. Azərbaycan ərazilərində ianələr hesabına aparılan tikinti işləri isə heç şübhəsiz ki, buraya köçürülən Suriya erməniləri üçün düşünülüb.
Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, qanunsuz məskunlaşmanı dayandırmaq, işğala son vermək lazımdır. Beynəlxalq təşkilatların da bu məsələlərlə bağlı çağırışlarına məhəl qoyulmur. Üstəlik, Ermənistan işğal zonasında araşdırmaların aparılmasına da imkan vermir. Bütün bunlar son nəticədə sərt tədbirlərə əl atılmasını labüd edir. Xüsusilə də “seçki” şousu ərəfəsində məskunlaşmaya üstünlük verməklə ermənilər “yerli əhali”nin sayını artırmaq, bununla da Azərbaycanı və dünyanı “fakt” qarşısında qoymaq istəyir.
Qafar Çaxmaqlı ile ilgili görsel sonucu
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı mövcud durumu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, düşmən ənənəvi qaydada məkrli plan qurub: “Qondarma ”artsax respublikası"nda, yəni Dağlıq Qarabağda bu ilin payızında keçirilməsi nəzərdə tutulan “prezident” və “parlament seçkiləri”nə indidən hazırlıq getdiyi hiss olunmaqdadır. Ermənistan ənənəvi “seçki” ilə problemin həllindən yayınmaq üçün yeni bir şans qazanmaq istəyir. Həmişə belə olub. Azərbaycanda, Ermənistanda seçkilərin keçirilməsi bəhanəsinə qondarma qurumda da olacaq bu “tədbir”in nəticələrini gözləmək tövsiyə olunub.
Bu tövsiyəni isə problemin həllini uzatmaq və ya onu ermənilərin lehinə dəyişdirmək istəyən qüvvələr, ölkələr ediblər. İndi də danışıqlar prosesində “artsax”da seçkilərin nəticələrini gözləmək tövsiyəsini verirlər. Bu seçkilərdə nə dəyişəcək ki? Ola bilsin separatçı qurumun rəhbəri dəyişsin. 2018-də Ermənistanda baş verən inqilabdan sonra Paşinyan buraya öz adamını yerləşdirə bilmədi. Əslində Bako Saakyan Paşinyanın iradəsinə uyğun hərəkətləri ilə onun etimadını qazandı və seçkilərdən sonra onun Ermənistanda yüksək vəzifəyə aparılacağı ehtimal edilir".
Q.Çaxmaqlı Dağlıq Qarabağın hakimi olmaq iddiasında olanlardan da bəhs etdi: “Bunlar ”artsax"ın keçmiş “dövlət naziri” Arayik Harutyunyan, “Milli Məclisin” sədri Aşot Gulyan, “Artsax qəhrəmanı”, “Artsax təhlükəsizlik şurası”nın keçmiş katibi Vitali Balasanyandır. Ayrılıqda bunların mövqeyini təhlil etsək, eyni nəticəyə vara bilərik. Onların hər biri keçmişdən bu günə aparılan siyasəti davam etdirəcəklər. Fərqli heç bir şey gözləmək olmaz".
Ekspert qeyd etdi ki, Minsk Qrupunun vasitəçilərinin nəyi gözlədikləri də məlum deyil: “Onlar Azərbaycan torpaqlarının daha bir müddət işğalda qalması və bu zaman içərisində yenə də yenilənmiş Madrid prinsiplərində nəzərdə tutulan ”referendum" oyununu daha aktiv səhnədə oynamaq istəyirlər. Bu arada savaş ehtimalının reallaşmasını da istisna etmirəm. Azərbaycan bütün mümkün sülh təşəbbüslərini sınamış və bundan heç bir nəticə əldə edilməyəcəyi göz qabağındadır. Dünyada gedən proseslərin də hər gün dəyişdiyini nəzərə alsaq, biz çox gecikirik və həmin proseslər bizi Qarabağı azad etmək imkanlarından mərhum edə, daha da uzaqlaşdıra bilər".
Ermənistan daxilində gərginliyin mövcudluğundan ötən yazılarımızda yazmışdıq. Bu ərəfədə Ermənistan prezidenti Armen Sarkisyanın ölkə parlamentinin qəbul etdiyi iki qanun layihəsini imzalamaqdan imtina etməsi səs-küy doğurub. Erməni mediasının məlumatına görə, Armen Sarkisyan “Bank sirri haqqında” və “Cinayət Məcəlləsinə dəyişikliklər haqqında” qanun layihələrini imzalamayıb və Konstitusiya Məhkəməsinə müraciət edib. “Prezident bu qanunları imzalamayıb və həmin qanunların konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edib”, - deyə prezidentin administrasiyası rəsmi məlumat yayıb.
N.Paşinyan isə Konstitusiya Məhkəməsinin ləğvinə hesablanmış referenduma hazırlaşır. Aprel ayında keçiriləcək referenduma sərt baxışlar mövcuddur. Əksər erməni ekspertləri Paşinyanın hakimiyyəti tək əldə cəmləmək üçün oyun oynadığını düşünür və bu da müxalif meyllərin güclənməsinə səbəb ola bilər.
Politoloq Qafar Çaxmaqlı isə düşmən ölkə daxilində yaşananlara çox vaxt ayırmağı məsləhət görmür: “Ermənistanda referendum öncəsi gərginlik olacağına ümid etmək olmaz. Bundan bizə nə? Bu, bizə heç nə verməyəcək. Elə Dağlıq Qarabağ separatçısının dəyişməsi də”.
Və sonda. Ermənistan ordusunun gerçək durumunu əks etdirən statistika açıqlanıb. Belə ki, son 40 gündə 8 erməni əsgəri ölüb. Özü də hərbçilərin yalnız biri Azərbaycan ordusu tərəfindən məhv edilib. Bu, erməni ordusundakı real durumu göstərir. Belə bir ordunun məhvi və işğala son vermək Azərbaycan Ordusu üçün elə də çətin deyil, əgər işğalçını himayə edən qüvvələr olmasaydı...
İnterpPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26