Interposta.Info

Qarabağ münaqişəsi BMT-nin diqqətində - Avropanın təhlükəsizliyi üçün...

Müxtəlif
 18-01-2018, 14:05     10 402

Qarabağ münaqişəsinin həllində BMT-nin rolunun artması müsbət effektlərin yaranmasına yol aça bilər?

Keçmiş xarici işlər naziri: “BMT-nin Baş katibinin bəyanatı onu göstərir ki, BMT-nin mövqeyi dəyişməyib və digər illərdə olduğu kimi, vasitəçilik rolunu ATƏT-ə həvalə edib və bu siyasət davam edəcək”.

“İşğalçılıq siyasəti həyata keçirən Ermənistana qarşı beynəlxalq təzyiq yoxdur və inanmıram ki, lazımi təzyiq də olsun”.

"XeberBiz" xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov BMT-nin 2018-ci il üçün 12 əsas istiqaməti içində Dağlıq Qarabağ münaqişəsinin də yer almasını şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, BMT-nin Baş Katibi Antoni Qutteriş bu beynəlxalq təşkilatın 2018-ci il üçün 12 əsas istiqamətini müəyyənləşdirib. A.Quterres Baş Assambleya üzvlərinə müraciətində baş katib vəzifəsində işlədiyi il ərzində bəşəriyyətin sülhə doğru addım atmadığını xatırladıb. Onun sözlərinə görə, üzərində məşğul olmaq lazım gələn əsas problemlər Yaxın Şərqdəki münaqişələrin və Avropadakı “dondurulmuş” münaqişələrin nizamlanması, Myanma və Banqladeşdə qaçqınların problemlərinin həlli, eləcə də Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsidir.

Avropadakı “dondurulmuş” münaqişələrdən bəhs edən Antoni Qutteriş hər iki dünya müharibəsinin məhz Avropadan başlandığını vurğulayaraq, Avropa sərhədlərindəki “dondurulmuş” münaqişələrin həllinin Avropa və dünyada sülhün olması üşün vacib olduğunu deyib. BMT-nin Baş katibi qeyd edib ki, “mövcud vəziyyətləri həll etmək üçün təhlükəli millətçilik dalğasına müqavimət göstərmək və müvafiq vasitəçi təşəbbüsləri, o cümlədən Normand formatını və Şərqi Ukrayna üzrə Üçtərəfli Kontakt qrupunu, Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və “Dnestryanı üzrə 5+2” prosesini canlandırmaq lazımdır”.

Ümumiyyətlə, Qarabağ münaqişəsinin həllində BMT-nin bu günə qədər rolunu konstruktiv hesab etmək olarmı? Həmçinin nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin üçü də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, o zaman münaqişənin həlli yolunda BMT-nin rolunun artması hansısa müsbət effektlərin yaranmasına yol aça bilərmi?

Tofiq Zülfüqarov: “Qarabağ münaqişəsinin həllində formatın dəyişməsi məsələsində o qədər də optimist deyiləm”.

Münaqişənin həlli çərçivəsində nə ATƏT, nə də BMT tərəfindən Ermənistana təzyiq olunacağının gözlənilmədiyini ehtimal edən politoloq Tofiq Zülfüqarova görə, BMT baş katibinin bəyanatı münaqişənin həllində hansısa müsbət dəyişikliyin olmayacağını biruzə verir:

“Öncəliklə qeyd edim ki, BMT vasitəçilik rolunu ATƏT-ə tapşırıb. Hər il BMT Baş Asembleyasında xüsusi qətnamə qəbul olunur və bu qətnamə çərçivəsində digər beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdən keçirilir. Bu qətnamədə BMT-nin ATƏT-lə bağlı əməkdaşlığı və xüsusən də Ermənistan-Azərbaycan konfliktinə vasitəçilik missiyasını həyata keçirmək barədə məsələlər nəzərdən keçirilir, bəyanat verilir. BMT-nin Baş katibinin bəyanatı onu göstərir ki, BMT-nin mövqeyi dəyişməyib və digər illərdə olduğu kimi, vasitəçilik rolunu ATƏT-ə həvalə edib və bu siyasət davam edəcək.

Düzünü desəm, Qarabağ münaqişəsinin həllində formatın dəyişməsi məsələsində o qədər də optimist deyiləm. Çünki həmsədrlər BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üvlərindən üçünü təmsil edirlər. Bu baxımdan həmin nüfuza həm BMT, həm də ATƏT-də malikdirlər. Əgər onların mövqeyi dəyişməsə və istər ATƏT, istərsə də BMT çərçivəsində Ermənistana lazımi səviyyədə təzyiq göstərilməsə, heç bir dəyişiklik ola bilməz.

Təəssüflər olsun ki, işğalçılıq siyasəti həyata keçirən Ermənistana qarşı beynəlxalq təzyiq yoxdur və inanmıram ki, lazımi təzyiq də olsun”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26