Interposta.Info

Qabil Hüseynli: “İranın fəlakəti bundan sonra başlaya bilər”

Siyasət
 26-11-2019, 09:18     471

İran ABŞ-ın nəhəng gəmisini girov götürə bilər

ABŞ-ın bir neçə gün əvvəl Fars körfəzi sularına daxil olmuş “Avraam Linkoln” təyyarədaşıyan gəmisi İran tərəfindən girov götürülə bilər. Virtualaz.org avia.pro portalına istinadən xəbər verir ki, təyyarədaşıyan Hörmüz boğazından keçərək bir neçə gün əvvəl Fars körfəzinə daxil olub və bu zaman hansısa problem yaranmayıb. Lakin İranda baş qaldırmış benzin üsyanı və ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara görə Tehranla Vaşinqton arasında münasibətlər daha da gərginləşib. Nəticədə Tehran nəhəng təyyarədaşıyanı Hörmüz boğazından geriyə buraxmaya bilər. Mütəxəssislərə görə, İranın təyyarədaşıyanın körfəzə keçidinə şərait yaratması strateji addım ola bilərdi və gəmini geriyə buraxmamaq üçün əvvəlcədən planların qurulduğu istisna deyil.

Analitiklər qeyd ediblər ki, Vaşinqtonun regionda güc nümayiş etdirməyi İranı hövsələdən çıxarır və Tehran istəsə “Avraam Linkoln” təyyarədaşıyanına ciddi problem yarada bilər. Hazırda təyyarədaşıyana İran onlarla raket tuşlayıb və əgər Pentaqon hansısa aqressiv addım atmağa qərar versə gəminin batırılması mümkündür.

Bəs İranın belə bir addımı atması sonradan nələrlə nəticələnə bilər?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ABŞ-İran münasibətləri geriyə, dönməz xarakter alıb. İranın siyasi rəhbərliyi siyasi manevrlər əvəzinə siyasi təhdidlər yolunu tutub. Artıq iş o həddə çatıb ki, Tehran öz qonşularındakı ölkələrdən də şübhələnməyə başlayıb və bəyan edirlər ki, əgər faktlarla sübuta yetirə bilsək, hansı qonşu ölkələrdən bizə təxribatlar gəldiyini dəqiqləşdirə bilsək, həmin ölkələri ağır cəzalandıracağıq: “Bu, normal məntiqə sığmayan hərəkətdir. Ölkədə vəziyyəti düzəltmək, xalqın rifahı qayğısına qalmaq əvəzinə çox radikal cəza tədbirləri yolunu tutublar. Ən son məlumatlara görə, son hadisələrdə 206 adam güllələnib. Ölkədə hədsiz dərəcədə qorxunc və hakimiyyətin xeyrinə olmayan bir vəziyyət yaranıb. Belə bir vəziyyətdə hakimiyyət bir tərəfdən də dünya nəhəngi Amerikanı hədələyir, Amerikanın təyyarə daşıyan gəmisini girov götürməklə və ya batırmaqla hədələyir. Yəni İran hökumətinin həm daxildə xalqla, xaricdə isə dünya gücü ilə faktiki savaşı başlayıb. Bütün bu gedişat heç də İrana yaxşı nə isə vəd etmir. Şübhəsiz ki, ABŞ İranın daxilində iqtidara qarşı böyük hərəkətlənmədə maraqlıdır və bütün gücü ilə buna çalışır. İrana tətbiq edilən sanksiyaların da yaranmış vəziyyətdə rolu az deyil. İndi də sanksiyaların yeni formasını işə salıblar. Həmin sanksiyalar İrana daha ciddi zərbə vuracaq”.

Politoloq hesab edir ki, İranın beynəlxalq sularda üzən ABŞ gəmisini girov götürmək və ya zərbə endirib batırmaq niyyətinə düşməsinin dilə gətirilməsinin özü İran tərəfindən özünə yeni quyu qazmaqdan başqa bir şey deyil. Verilən hədə bəyanatının əməli hərəkətə keçməsi isə artıq hər şeyin sonunu gətirmək demək ola bilər. Fəlakət də bundan sonra başlayar: “ABŞ öz gəmisinin girov götürülməsini və ya batırılmasını fürsət olaraq istifadə edər və İran dövlətinə heç vaxt sağalda bilməyəcəkləri zərbələri vura bilər. Gəminin girov götürülməsi və ya batırılması baş versə, bu, müharibənin tətiyinin çəkilməsi olacaq, ABŞ-a qarşı hücum kimi qəbul ediləcək. ABŞ-a hücumun da cavabının nə olacağı bəllidir. ABŞ özünü müdafiə adı altında İrana qarşı əməliyyatlara başlayacaq. Bundan sonra isə İranda vəziyyət tam nəzarətdən çıxacaq və siyasi hakimiyyətin devrilməsi prosesinə başlanacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26