Interposta.Info

Putinin 25 avqust qərarı: müxalifət qarşısında geri çəkilir, yoxsa...

Siyasət
 20-08-2019, 11:20     10 286

Elşən Mustafayev: “Navalnı müxalifət lideri olaraq şişirdilir”; Əziz Əlibəyli: “Putinin əleyhinə elə də böyük etiraz formalaşmayıb”
Rusiyada Moskva Dumasına seçkilərdə müxalif şəxslərin namizədliklərinin qeydə alınmamasına etiraz olaraq, ölkə müxalifətinin keçirdiyi aksiyalar qarşısında hökumət geri addım atıb. Belə ki, müxalifətin yürüşsüz mitinq keçirməsinə icazə verib. Aksiya avqustun 25-də Saxarov prospektində olacaq.

Qeyd edək ki, aksiyanın yürüşsüz şəkildə yalnız Saxarov prospektində mitinq kimi keçirilməsinə icazə verilib.

Ekspertlər Vladimir Putin iqtidarının bununla yeni bir proses başlatdığını ehtimal edirlər. Bununla müxalifətə doğru açılım siyasətinə start verildiyi qeyd olunur.

AMİP-in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev gedən müzakirələrə bu cür şərh verdi: “Aleksey Navalnının rəhbərlik etdiyi müxalifət nümayəndələrinin həftələrdir etirazlarının əsas səbəbi Moskva Dumasına seçkilərdə xeyli sayda müxalif mövqeli müstəqil namizədlərin qeydə alınmaması idi. Keçən həftə keçirilən mitinqin tələbi də məhz həmin namizədlərin qeydə alınmaması ilə bağlı idi. Həmin vaxt mitinqə icazə verilmişdi, amma mitinqdən sonra razılaşdırılmayan yürüş güc tətbiq edilərək dağıdıldı. İlk baxışda ayın 25-də yeni mitinqin keçirilməsinə icazə verilməsi təəccüblü görünə bilər. Lakin bir sıra detalları nəzərə alsaq, Putin iqtidarının növbəti mitinqə icazə verməsinin səbəblərini görə bilərik. Birincisi, sentyabrın 8-də seçkilər olacaq. Qanunlara görə, namizədlərin yenidən qeydə alınması, şikayətlərlə bağlı müddətlər bitib. Bunu Rusiya MSK-nın sədri Ella Panfilova da deyib. İkincisi, keçən həftə keçirilən yürüşdən sonra mitinqin təşkilatçılarının əksəriyyəti həbs olunub və hələ də müxtəlif müddətlərlə həbsdədirlər. Digərləri ilə bağlı qeyri-rəsmi tədbirlər görülməkdədir. Yəni hesab edirlər ki, keçiriləcək mitinqin kütləviliyi bu dəfə daha az olacaq. Və nəhayət, Rusiyanın demokratik cəmiyyət olmasını dünyaya təbliğ etmək məqsədilə özü üçün ciddi təhlükə törətməyəcək bu mitinqə icazə verilməsi zəruri idi. Mənə elə gəlir ki, Navalnının müxalifət lideri olaraq şişirdilməsi Putin komandasının marağındadır. Amma bu o demək deyil ki, Navalnı Kremlin cib müxalifətidir.

Sadəcə, daha ciddi və güclü müxalifət liderinin yaranmasının qarşısını almaq üçün bu addımı atırlar. Navalnı nə qədər kəskin tənqidçi, Putin komandasının korrupsiyasını araşdıran və yayan siyasətçi olsa da, bir sıra parametrlərinə görə ümumrusiya lideri olması bir qədər çətindir. Amma Rusiyada demokratik düşüncəli insanların sayı digər postsovet ölkələrindən həmişə çox olub. Bu istər Yeltsen, istərsə də Putin dönəmində olub. Son illər Rusiyada bütün mərkəzi tv-lər və digər böyük KİV-lər Kremlin nəzarətinə keçdiyindən təbliğat yalnız bir nəfərin nüfuzunun yüksəldilməsi, ona qarşı olan hamının vurulması istiqamətində qurulub. Əslində isə əhalinin əksəriyyəti mövcud idarəetmədən və problemlər içində olduğundan hakimiyyətdən narazıdırlar. Bu narazılığın təşkilatlanmış halda bütün Rusiyada özünü göstərməsi üçün əlavə olaraq ABŞ və Qərblə bağlantısı olmayan güclü liderlərin ortaya çıxmasına ehtiyac var. Çünki narazı çoxluğun mövcud liderlərin ətrafına toplaşmamasının əsas səbəbi həmin liderlərin Qərb dairələri ilə isti münasibətlərdə olmasıdır. Rus xalqının bu mövzuda həssas olduğunu bilən iqtidar bütün imkanları ilə bunu daha da şişirdərək yayır. Proqnozlar və müşahidələr isə göstərir ki, hakimiyyət daxilində olan bir sıra güclər Putindən sonrakı dövr üçün hazırlıqlar aparır və zamanı gələndə acıq şəkildə etirazçıların önünə çıxa bilərlər.

Həm Çar Rusiyası zamanı, həm də Sovetlər İttifaqı dönəmində demokratik hərəkat Piterdən, Moskvadan başlayıb inkişaf edib. Bir məsələni də unutmaq olmaz ki, Rusiya nə Ukraynadır, nə Gürcüstan, nə də Moldova. Bu ölkələrdə olduğu kimi hansısa siyasətçinin gedib Rusiyada siyasi proseslərə nəinki qarışmasına, hətta adi dəstək verməsinə belə imkan verilməz. Mənə elə gəlir ki, oradakı prosesləri rus xalqının öz öhdəsinə buraxmaq lazımdır. Belə məsələlərdə onlarda presedentlər çox olub və təcrübələri də kifayət qədərdir".

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Müasir Rusiya tarixi boyunca ilk dəfə idi ki, 2018-ci ilin sonlarından etibarən, xarici siyasətinə görə tətbiq edilmiş sanksiyalardan xalq əziyyət çəkməyə başladı. Ənənəvi rus baxışına, imperiya vətəndaşı düşüncəsinə malik olan sadə rus ilk dəfə cibinin boşluğunu hiss etdi. O baxımdan Rusiyada narazı kütlələr artmağa, meydana çıxaraq, səsini eşitdirməyə başladı. 2018-ci ili xarici siyasətdə uğur kimi hesab edən Kreml 2019-cu ilin başlanğıcından vilayətlərdə, muxtar respublikalarda daxili düşmən ovuna başladı. Məhz bu il Putinin əsas məqsədi mərkəzi hakimiyyəti daha da gücləndirməkdir.

Rusiya prezidentinin bir də gözlənilmədən meydana çıxan müxalifət mitinqləri kimi problemi də yarandı. Onsuz da zəif olan müxalifətin namizədlərinin seçkilərə buraxılmaması həm yerli əhalinin, həm müxalifətin, həm də Rusiyaya təsir imkanı axtaran Qərb mərkəzlərinin işinə yaradı. Amma real təsbitlər onu göstərir ki, hazırda Putin əleyhinə elə də böyük etiraz formalaşmayıb. Əgər formalaşarsa, o zaman Putinin hansı addım atacağının mesajını hamı mitinq iştirakçılarının döyülməsində anlamamış deyil. Hazırda bu proseslər keçici xarakter daşıyır. Putini düşündürən isə bu cür mövsümi etirazlar yox, varis planıdır. Hakimiyyəti gələcəkdə rahat və təhlükəsiz formada ötürmək üsulları ilə məşğuldur. Bu baxımdan, Putin istisna deyil ki, demokratiya görüntüsü yarada, müxalifətin performansı üçün meydan aça bilər”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26