Rusiyada seçki emosiyaları qızışır – prezidentliyə namizədlər artır
Navalnının prezidentliyə namizədliyi qeydə alınmadı - bəs sonra?
Rusiyada prezident seçkilərinə hazırlıq prosesi maraqlı olaylarla yadda qalır. “Yeni Müsavat” xəbər verir ki, son olaraq Rusiya Kommunistləri Partiyasının qurultayında partiyanın lideri Maksim Suraykin 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində partiyanın namizədi olub.
M.Suraykin qurultayda səsvermə başa çatandan dərhal sonra sənədlərini Rusiya Mərkəzi Seçki Komitəsinə təqdim etməyə yollanıb. Parlamentdə təmsil olunmayan partiya kimi Rusiya Kommunistləri Partiyası namizədlərinin qeydiyyata alınması üçün ən azı 100 min imza toplamalıdır.
Rusiyada antikorrupsiya fəalı və müxalif siyasətçi Aleksey Navalnı da namizəd kimi sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. O, ölkədəki növbəti prezident seçkilərində iştirak etmək üçün kifayət qədər dəstək topladığını deyib. Navalnı tərəfdarları ona dəstək məqsədilə imza toplamaq üçün Rusiyanın 20 şəhərində aksiyalar keçirib. Rusiya MSK isə artıq onun sənədlərini qəbul edib.
Amma ekspertlər Navalnının namizədliyinin qeydə alınmasının böyük sual altında olduğunu iddia edir.
Bunun birinci səbəbi kimi Navalnı barədə şərti cəza müddətinin bitməməsidir. Siyasətçi korrupsiya araşdırmalarına görə iyunda 30 sutka həbs cəzası almışdı. Amma namizəd özü bu ittihamları ilk gündən rədd edib. Deyib ki, hazırda şərti cəza müddəti bitməmiş Navalnı bununla bağlı arayış təqdim etməyib: “Həmin arayış lazım deyil. Konstitusiyanın 32-ci maddəsinə əsasən, şəxs həbsxanada deyilsə və fəaliyyət qabiliyyətlidirsə, seçkilərdə iştirak edə bilər”.
İkinci bir iddiada isə göstərilir ki, müxalifətçinin namizəd kimi irəli sürüldüyü toplantı notariusun iştirakı olmadan keçirilib. Bu da namizədliyin təsdiqlənməməsi üçün vacib şərt kimi qəbul edilir.
Bir neçə gün öncəyə qədər isə Rusiyanın Putinə yaxın mətbuat orqanlarında xəbər yayılmışdı ki, Navalnının 2018-ci il martın 18-də keçiriləcək seçkidə iştirak etməsi ona qarşı özünün siyasi motivli adlandırdığı cinayət işinin qaldırılması ilə əlaqədar qadağan edilib. O, məhkumluğu ləğv edildiyi, ya da xüsusi icazə aldığı halda seçkidə iştirak edə bilər.
Navalnının 800-ə qədər tərəfdarı Moskvada onun rəsmən namizədliyinin irəli sürülməsinə dəstək məqsədilə toplaşıb. Tədbiri Rusiyanın Mərkəzi Seçki Komissiyasının rəsmiləri müşahidə edib. Eyni tədbirlər Vladivostok, Novosibirsk, Perm, Omsk və Krasnoyarsk da daxil olmaqla, daha 19 şəhərdə keçirilib.
Navalnı bildirib ki, yeni qanuna əsasən, o, ölkənin 20 şəhərinin hər birində 500 imza almalı idi. O, twitter səhifəsində yazdığı şərhdə lazım olan sayda imza toplaya bildiyini bildirib.
Moskvada tərəfdarlarının qarşısında danışan 41 yaşlı Navalnı deyib ki, Putinə və onun hakimiyyətinə Rusiyada kütləvi dəstək mövcud deyil. O, namizədliyi qeydiyyata alınmasa, səsverməni boykot edəcəyi ilə hədələyib.
Rusiyada keçirilmiş rəy sorğuları Putinin seçicilərin 80 faizinin dəstəyinə malik olduğunu göstərir. Lakin bazar günü keçirilmiş aksiyalar Navalnıya xüsusilə də onun Rusiyanın müxtəlif bölgələrində keçirdiyi kampaniyadan sonra dəstəyin artdığını nümayiş etdirir.
Günün sonunda isə bəlli oldu ki, MSK Aleksey Navalnının sənədlərini qəbul etsə də, onun prezidentliyə namizədliyi qeydə alınmayıb.
“Ədalətli Rusiya” Partiyasının mərkəzi şurası isə üzvlərinə ölkənin hazırkı prezidenti Vladimir Putinin namizədliyini dəstəkləməyi tövsiyə edib. Bu barədə partiyanın Dövlət Dumasındakı nümayəndəsi Mixail Emelyanov açıqlama verib. Öz növbəsində partiyanın lideri Sergey Mironov da cavab verib ki, “Ədalətli Rusiya”nın təmsilçiləri Putinin seçki ştabında təmsil olunmaq və onu dəstəkləmək üçün müraciət edəcəklər.
Putinin dəstəklənməsi ilə bağlı 25 yanvarda keçiriləcək qurultayda buna yekdilliklə səs veriləcəyi gözlənilir.
Putinin öz namizədliyini açıqlamasından dərhal sonra Dmitri Medvedyev də bildirmişdi ki, “Vahid Rusiya” onun namizədliyini dəstəkləyir. 26 dekabrda isə Putinin namizədliyini rəsmi şəkildə irəli sürən təşəbbüskar qrup sənədləri MSK-ya təqdim edəcək.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 18-də keçiriləcək. Bazar ertəsindən rəsmən seçki kampaniyası başlayıb. Partiyaların namizədlərini irəli sürməsi üçün 25 gün, şəxslərin özlərinin namizədliyini irəli sürməsi üçün 20 gün nəzərdə tutulur. İndiyə qədər M. Suraykinlə bərabər Rusiyanın hazırkı prezidenti Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Lenin adına sovxozun direktoru Pavel Qrudinin, teleaparıcı Kseniya Sobçak, “Yabloko” partiyasının lideri Qriqoriy Yavlinskiy, İnkişaf Partiyasının sədri Boris Titov, politoloq, Sosial Texnologiyalar Mərkəzinin rəhbəri Andrey Boqdanov, “Qadın Dialoqu” Partiyasının sədri Yelena Semerikova, biznesmen Sergey Polonskiy, müğənni və hüquq müdafiəçisi Yekaterina Qordon seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26