Interposta.Info

Qərb Ermənistanı Rusiyadan ala bildimi...

Siyasət
 30-06-2018, 10:21     10 332

Ekspertlər bunu mümkünsüz sayır, çünki...
Ermənistanda son iki ayda baş verənlər Qərbin işğalçı ölkəni Rusiya caynağından qoparmağa salışdığı haqda rəylərə yol açıb. İddialar var ki, Sərkisyan rejimini əvəzləyən Nikol Paşinyan hökuməti əslində Amerika başda olmaqla, Avropa ölkələrinin dəstəyi ilə hakimiyyətə gəlib. Belədirmi və Qərbin Ermənistanı öz tərəfinə çəkməsi nə dərəcədə mümkün ola bilər?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev qənaətinə görə, deyilənlər doğru olarsa, bu, Azərbaycanın işinə daha çox yarayır: “Əslində Ermənistanın Rusiyanın nəzarətindən çıxması sonuclarına görə bizim işimizə daha çox yarayır. Hətta çıxa bilməsi mümkünlüyünə inanmasaq belə, bu cəhdlərdə və istəkdə olması da dediyim üçün kifayət edir. Amma son iki ayda Paşinyanın apardığı siyasət bunları deməyə əsas vermir. Aydındır ki, Paşinyan Kreml proyekti olan Sərkisyanı istefaya məcbur edərək baş nazir olub. Bu yolda ölkəsində baş verən problemləri önə çəkməklə insanları küçələrə çıxartmışdı. Hazırda həmin vaxt dediklərinin əksi olan siyasət yürütmək onun üçün siyasi ölümdür. Ona görə də son iki ayda Paşinyanın ölkə daxilində atdığı addımlar onu müdafiə etmiş insanların dəstəyini qorumağa xidmət edir. Lakin xarici siyasətdə, xüsusilə Rusiya ilə bağlı məsələlərdə əvvəlki siyasətdən fərqli bir addım atmayıb. Avrasiya İttifaqı, Kömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı Rusiyanı qıcıqlandıracaq bir ifadə işlətməyib və bu təşkilatlarda qalacağını açıqlayıb. Bu qısa müddət çərçivəsində Putinlə bir neçə dəfə görüşməsində özünü qəbul elətdirməyə çalışır. Mənə elə gəlir ki, hələlik Putin ona sonadək inanmır və bu istiqamətdə nələrisə gözləyir. Hesab edirəm ki, Kreml Paşinyandan birmənalı şəkildə sadiqlik qarantiyasını alana qədər bir növ, gərginlik görüntüsünü saxlayacaq. Sözsüz ki, Rusiya üçün Ermənistanı cəzalandırmaq çox asandır, eyni zamanda bu ən son addımdır. Daxildəki iqtisadi vəziyyəti çalxalamaq , Qarabağla bağlı ən azından tərəfsiz olmasını göstərərək gözlərini yummaq Rusiyanın cəza arsenalında hər zaman durub. Paşinyan və komandası bunları yaxşı bilir.

Odur ki, bunları göz önünə alıb Rusiyaya arxa çevirməsinə inanmıram. AB və NATO ilə bağlı Paşinyanın verdiyi bəzi açıqlamaları isə nəzarətdən çıxma kimi də dəyərləndirmək olmaz. Sərkisyan hakimiyyəti zamanında adıçəkilən təşkilatlarla həmişə geniş münasibətlər olub, AB ilə saziş müqaviləsi imzalanıb və s. Ancaq mən əminəm ki, bütün bunlar Rusiyanın razılığı ilə baş verib. O səbəbdəndir ki, Ermənistanın Qərb siyasəti heç zaman Rusiya maraqları ilə toqquşmayıb. Dediyim kimi, Paşinyan hələ həmin etibarı qazana bilməyib və onu qazanmaq üçün çapalayır. Belə vəziyyətdə özü istəmədən belə münasibətlərin pisləşməsinə xidmət edən addımlar ata bilər ki, nəticə etibarı ilə bu bizim xeyrimizə olar. Mən indiki zamanda Ermənistanı Rusiya nəzarətindən çıxmasına inanmıram, daha doğrusu, buna imkan veriləcəyini təsəvvür etmirəm. Əgər buna cəhdlər olarsa, anında cavab alınacaq. Cənubi Qafqazda Azərbaycan və Gürcüstan Rusiya ilə hər hansı iqtisadi, hərbi blokda deyil, hər iki dövlətin ərazisində rus bazaları yoxdur, bundan sonra olacağı ehtimallarını belə düşünmək istəmirəm. Belə bir vəziyyətdə regionda bazalarını və strateji qapılarını kim itirmək istəyər?”

Politoloq Əhəd Məmmədli bildirdi ki, Ermənistanı Rusiyadan almaq elə də asan məsələ deyil: “Qərb Ermənistanı Rusiyadan almaq istəyir və bu yöndə də addımlar atır. Paşinyan Rusiyada keçirilən dünya çempionatından istifadə edib Ermənistanı Rusiyadan təmizləyir. Bu proses ola bilsin ki, Rusiyanın razılığı ilə də baş verir. Daxildə Paşinyana hakimiyyətini möhkəmləndirmək üçün Kreml bu təmizləmələrə şərait yaradır. Yəni Moskva Paşinyana daxildə nə istəyirsən edə bilərsən, xaricdə bizimlə olana qədər mesajı da verə bilər. Proseslərin gələcək gedişatında Moskva ilə İrəvan arasında nələrin baş verdiyini və buna Bakının hansı addımlar atacağını daha açıq görə biləcəyik. Əgər Ermənistan Rusiyanın nəzarətindən çıxsa, bu, Azərbaycanın xeyrinə olacaq.

Ermənistanda inqilab başlayandan demişəm, bu hadisələr Azərbaycan üçün torpaqlarını qaytarmaq üçün tarixi şans yarada bilər. Amma indiki zamanda Ermənistanın Rusiyaya açıq üsyan göstərmək cəsarətini görmürəm. Rusiya gərək elə zəifləsin ki, Ermənistan ağasından üz döndərsin. Lakin erməni xislətini də yaddan çıxartmamalıyıq. Erməni xisləti özünü baha qiymətə satmağa həmişə meyllidir. Həm də yaddan çıxartmayaq ki, Paşinyan müxalifətdən iqtidara qərbyönümlü siyasətçi kimi gəlib. Onun komandası tam qərbyönümlüdür. İqtidara gələn kimi islahatlar, korrupsiyaya qarşı mübarizə adı altında Rusiyanın ”beşinci kolon"unu Ermənistandan təmizləməkdədir. Bunlar hamısı ciddi proseslərdir. Heç şübhəsiz Paşinyanın Qərbdə yerləşən və ona hakimiyyətə gəlməkdə dəstək verən güclü erməni lobbisi qarşısında öhdəlikləri var. Həmin erməni lobbisinin də yerləşdikləri Qərb ölkələri qarşısında öhdəlikləri var - Paşinyan istəsə də, istəməsə də"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26