Interposta.Info

“Bu seçkilərin əsas hədəfi Serj Sərkisyan olacaq”

Müxtəlif
 20-10-2018, 22:49     10 435

Ermənistanda parlament seçkiləri yaxınlaşmaq üzrədir. Seçkilər yaxınlaşdıqca siyasi gərginlik güclənir. Hazırda Ermənistanın siyasi səhnəsində ciddi böhranın yaşanmaqda olduğunu erməni ekspertlər açıq etiraf edirlər. Ekspertlər Ermənistanın daxili sosial-siyasi vəziyyətinin dərin böhrana doğru getdiyi haqqında proqnozlar verirdilər.

Artıq erməni ekspertlər belə bu faktdan danışırlar. Məsələylə bağlı politoloq Ehtiram Aşırlı interposta.info-a açıqlama verib:


“İlk növbədə Ermənistanda hakimiyyətin dəyişməsi, uzun illər Ermənistanı öz maraqlarının girovuna çevirən “Qarabağ klanı”nın iqtidardan getməsi haazırda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın mövqeyini daha da möhkəmlədib. Paşinyanın köhnə rejimə qarşı bəzən aqressiv, bəzən ziddiyyətli, bəzən də anlaşılmaz görünən bəyanatları sadəcə zahiri görüntü təəssüratı yaradır. Düşünürəm ki, bununla Paşinyan sadəcə vaxt qazanmaq, vəziyyəti öyrənmək, yerli auditoriyanı sakitləşdirmək və onun üçün əsas məqsəd olan hakimiyyətini möhkəmlətmək niyyəti güdür. Son hadisələr göstərir ki, Paşinyanın köhnə hökumət ilə bağlı səsləndirdiyi bəyanatlar ucuz populizmdən başqa bir şey deyil. Əlbəttə, bütün bunlara Ermənistanda dekabrın 10-a təyin edilən seçkilərdən sonra daha dəqiq qiymət vermək mümkün olacaq. Lakin Paşinyanın siyasi oriyentasiyası da belə bir fikri təsdiqləyir ki, seçkilərdən sonra ölkə daxilində xaos daha da böyüyəcək. Fikrimcə, seçkilərdə Paşinyanın komandasının qalib gəlməsindən sonra da Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Çünki güc strukturlarında hələ də Köçəryan və Sərkisyan komandasının sadiq əlaltıları kifayət qədərdir və onlar ölkədə qarışıqlıq yaratmaq üçün təxribatlar törədə bilərlər.
Bütün hallarda Ermənistanda belə kəskin hakimiyyət dəyişikliyi Azərbaycan üçün arzuolunan bir şey deyil. Paşinyan siyasi hakimiyyətin zirvəsinə qalxana qədər onun siyasi görüşü nə idi, ətrafında kimlər var idi, necə hökumət quracaq, necə xarici siyasət həyata keçirəcək və s. haqda ciddi bir məlumat yox idi. Əslində indi də yoxdur: Paşinyanın nə etmək istədiyini heç özü də bilmir və bunu “xalq meydanda müəyyən edəcək”lə pərdələyir. Heç bir konsepsiyası, strateji hədəfə çatmaq üçün planı olmayan Paşinyan iqtidarının nə istədiyi bilinmir. Bu isə problem yaradır.
Düşünürəm ki, seçkilər ərəfəsində Paşinyan xalqın diqqətini başqa yönə istiqamətləndirmək üçün özünə yeni bir hədəf seçməlidir. Bu da təbii ki, indiyə qədər haqqında çox bəhs edilməyən sabiq baş nazir Serj Sərkisyan olacaq. Paşinyan indiyə qədər onu ehtiyatında bu günlər üçün saxladığını söyləyə bilərik. Bir sözlə bu seçkilərin əsas hədəfi Serj Sərkisyan olacaq”.

Elşən Yəhyayev

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26