Moldova BMT-yə xüsusi sənəd çıxarır -
Sənəd qəbul edilsə, Azərbaycanın ərazi bütövlüyü BMT-də bir daha təsbit ediləcək...
Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi 2018-ci il üçün ölkənin Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-a sədrliyi ilə bağlı yaydığı bəyanatında BMT Baş Assambleyasının növbəti iclasında “GUAM məkanındakı uzunsürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri barədə” birgə qətnaməni irəli sürəcəyini açıqlayıb.
Bəyanatda bildirilir ki, yanvarın 1-dən təşkilata sədrliyi üzərinə götürən Moldova həm də GUAM Azad Ticarət Zonasının fəaliyyətini təmin etməyə və təşkilatın investisiyaya açıq bir platformaya çevrilməsinə çalışacaq. İqtisadi prioritetlər çərçivəsində, Moldova iqtisadiyyat, nəqliyyat, energetika, enerji təhlükəsizliyi, turizm sahələrində əməkdaşlığın gücləndirilməsi üzrə qarşılıqlı əlaqələri aktivləşdirməyə, üzv ölkələrin nəqliyyat və tranzit potensialını artırmağa, habelə nəqliyyat dəhlizinin inkişaf konsepsiyasını həyata keçirmək üzrə müvafiq Fəaliyyət Planını hazırlamağa çalışacaq. Moldova həmçinin GUAM + formatında, xüsusilə də Avropa İtifaqı və ATƏT ilə beynəlxalq əməkdaşlığı gücləndirəcək və genişləndirəcək. ABŞ, Yaponiya və Vişeqrad qrupu ilə konstruktiv dialoqun təşviqini davam etdirəcək.
Bəs BMT Baş Assambleyasının iclasına Moldovanın təqdim edəcəyi qətnamənin müzakirəsi gözləniləndirmi? Azərbaycanın və digər 3 respublikanın ərazi bütövlüyünün bir daha təsbiti baxımından əhəmiyyət daşıyırmı bu addım?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Moldovanın belə bir təşəbbüslə çıxış etməsinin özü çox müsbət addımdır və Azərbaycanın da maraqlarına uyğundur: “Ona görə Azərbaycan üçün xüsusilə müsbətdir ki, GUAM-ın digər iki üzvü onsuz da Azərbaycanı dəstəkləyir və onları ölkəmizin strateji tərəfdaşı da adlandırmaq olar. Gürcüstan və Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və zaman-zaman müxtəlif təşəbbüslərlə çıxış edirlər. Moldovanın belə bir təşəbbüslə çıxış etməsi isə ilk sayıla bilər. Həm də onu da nəzərə almaq lazımdır ki, indi Moldova GUAM-a rəhbərlik edir. Başqa bir fakt da var ki, Moldovada vəziyyət də sabit deyil. Faktiki olaraq Moldovada prezident ruspərəst, parlament və baş nazir isə qərbpərəstdirlər. Onların arasında ciddi mübarizə gedir. Ruspərəst prezident aydındır ki, GUAM-a o qədər də maraq göstərməz. Buna rəğmən görürük ki, onunla mübarizə aparan parlament və baş nazir daha çox GUAM-a üstünlük verir, buradakı tərəfdaşlarına dəstək haqqında düşünürlər. Bu təşəbbüs də məhz hökumətdəndir”.
Politoloq hesab edir ki, Moldovanın BMT Baş Assambleyasına çıxaracağı sənəd mümkündür ki, qəbul edilsin: “Amma bu, o demək deyil ki, BMT-yə çıxarılan qətnamə layihəsi Baş Assambleyada səs çoxluğu qazansa və qəbul edilsə, çox şeyi dəyişəcək. Onsuz da zaman-zaman BMT-də GUAM üzvü olan dövlətlərin ərazi bütövlüyü ilə bağlı birgə sənədlər qəbul edilib. Hətta ATƏT səviyyəsində də bəzən belə sənədlər BMT-yə çıxarılıb və bu dörd ölkənin ərazi bütövlüyü vurğulanır. Siyasi baxımdan bu sənədlər təbii ki, xeyirimizədir. Amma təəssüf ki, bu sənədlər real işlək mexanizmə çevrilmirlər. GUAM ölkələrinin dördü də separatizmlə üzləşsə də, ayrı-ayrılıqda bu münaqişələri həll etmək mümkün olmur. Bu bölgədə maraqları kəsişən böyük dövlətlər münaqişənin həllinə ya mane olur, ya da münaqişənin tənzimlənməsinə heç bir töhfə vermir”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26