Interposta.Info

Moldova prezidentinin Bakı səfəri -

Ölkə
 23-06-2017, 10:51     606

Elçin Mirzəbəyli: “Dostlarımızın sayının artması bizə ziyan gətirmir”

Moldova prezidenti İqor Dodon iyunun 22-də Azərbaycana rəsmi səfər edib. “Moldova prezidentinin səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərdə çox mühüm hadisədir. Əminəm ki, bu səfər Moldova-Azərbaycan münasibətlərinin dinamik inkişafına yaxşı təkan verəcək”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev moldovalı həmkarı ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

Prezident bildirib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri müzakirə olunub, gələcək birgə fəaliyyətin yolları müəyyənləşdirilib:
“Biz bundan sonra da siyasi əlaqələri möhkəmləndirəcək və beynəlxalq qurumlarda birgə fəal işləyəcəyik. Prezidentin səfəri bizim bir-birimizə qarşılıqlı hörmətimizin və qarşılıqlı marağımızın göstəricisidir. Onu da qeyd etmək istərdim ki, Moldova prezidenti cənab Dodonun Azərbaycana rəsmi səfəri onun ilk rəsmi səfərlərindən biridir. Biz onun ölkəmizə gəlişini Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk. Bu gün biz həmçinin ticari-iqtisadi əməkdaşlıqla bağlı məsələləri də çox geniş müzakirə etdik. Ticari-iqtisadi münasibətlərin bugünkü səviyyəsi, əlbəttə, bizi qane edə bilməz. Biz bilirik ki, qat-qat artıq potensial var. Energetika və nəqliyyat sahələrində əməkdaşlığın da böyük perspektivləri var. Biz Azərbaycanda çoxlu nəqliyyat və enerji layihələri həyata keçiririk. Bu layihələr artıq çoxdan ölkəmizin hüdudlarından kənara çıxıb. Bu istiqamətdə moldovalı tərəfdaşlarımızla əməkdaşlıq etmək maraqlı olardı”.

“Mən prezident İlham Əliyevi Moldovaya rəsmi səfərə dəvət etdim. Onun Moldovaya sonuncu rəsmi səfəri 2005-ci ildə olub”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Moldova prezidenti İqor Dodon mətbuata bəyanatında deyib. Moldova prezidenti ümid etdiyini bildirib ki, Azərbaycan prezidentinin gələn il Moldovaya səfər etməyə imkanı olacaq: “O vaxta qədər hansı konkret işlər görüldüyünü həmin səfər çərçivəsində nəzərdən keçirəcəyik. Buna görə də bizim nazirlərə tövsiyə edirəm ki, bugünkü görüşümüzdən sonra gələn il üçün konkret nəticələr əldə olunsun”.

İqor Dodon Azərbaycan prezidenti ilə görüşdə çox böyük məsələlər blokunu müzakirə etdiklərini deyib: “Bu mövzuları strukturlaşdırsaq, əsasən üç istiqamət alınacaq. Bunlar - iqtisadiyyat, humanitar-sosial və siyasi istiqamətlərdir. İqtisadiyyata gəldikdə, vəzifə ən yaxın vaxtda hökumətlərarası komissiyanın iclasını keçirməkdir. Təəssüf ki, 2012-ci ildən bəri hökumətlərarası komissiya rəhbərlərinin nazirlər səviyyəsində iclasları keçirilməyib. Çox ümid edirik ki, həmin iclas yaxın vaxtlarda, yaxşı olardı, bu ilin sonunadək keçirilsin”.
Qeyd edək ki, ötən ilin noyabrında prezident seçilən Dodon ruspərəst mövqeyi ilə tanınır. Hətta onun seçkilərdəki qalibiyyəti dünyada Rusiyanın bu ölkədə qalib gəlməsi kimi qələmə verilib. Lakin Rusiyanın yanında olduğu bir şəxsin Bakı səfərinin pərdəarxası məqamının olduğu da vurğulanır. İstənilən halda Moldova kimi bir dövlətin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunur.

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Moldova xarici siyasət kursunda kifayət qədər problemləri olan bir dövlətdir: “Ölkədəki siyasi qüvvələrin hədəfləri də fərqlənir və daha qabarıq şəkildə nəzərə çarpır. Bir hissə avrointeqrasiya tərəfdarı, digər hissə isə rusiyayönümlüdür. Moldova ciddi iqtisadi potensialı və təbii resursları olmayan bir ölkə kimi avropalı investorların diqqətini cəlb etmir. Aqrar ölkə olduğu üçün bura yatırımların sayı da azdır. Moldova nəinki qlobal müstəvidə, hətta MDB məkanında belə söz sahibi olan bir ölkə deyil. Bu baxımdan, əlaqələrin indikindən daha yüksək səviyyədə olması üçün elə də ciddi əsas yoxdur. Dodon Moldova prezidenti olsa da, ölkəni Rusiyanın layihələrinə qoşmaq gücündə deyil. Hazırda Kremlin Moldovaya 2 təzyiq mexanizmi var: Dnestryanı və maraqlı görünsə də Qaqauz yeri. Moldova Konstitusiyana görə, əgər ölkə başqa bir ölkə ilə birləşərsə, indiki halda Rumıniya ilə o zaman Qaqauz Yeri Moldovanın tərkibindən çıxa və müstəqilliyini elan edə bilər. Bu, Moldovanın Avropaya inteqrasiyasının və Rumıniyaya birləşməsinin qarşısının alınması üçün ölkənin başının üzərindən asılmış ”Domokl qılıncı"dır. Dodon Azərbaycana ölkəsinin ağır iqtisadi böhrandan çıxması üçün dəstək istəməyə gələ bilər. Çünki onun rusiyayönümlü siyasəti heç bir nəticə verməyib. Ölkə iqtisadi çətinliklərlə üz-üzə qalıb və Avropanın da dəstəyindən məhrum olub".

Politoloq hər iki ölkənin ərazi bütövlüyünün pozulduğunu da qeyd etdi:
“Moldova müstəqil hüququn subyekti kimi beynəlxalq birliyin üzvüdür. Azərbaycan kimi Moldovanın da ərazi bütövlüyü pozulub. Hər iki ölkənin bu müstəvidə əlaqələrinin inkişafı vacibdir. Ərazisinin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq istənilən ölkəni dəyərləndirmək lazımdır. Dostlarımızın sayının artması bizə ziyan gətirmir. Azərbaycanla Belarusun əlaqələrinə də dodaq büzənlər vardı. Amma nəticədə bu münasibətlərin önəm daşıdığının hər kəs şahidi oldu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində və Lapşinlə bağlı məsələdə Belarusun davranışları buna sübutdur. Bu baxımdan, Moldova da bizim üçün az əhəmiyyət kəsb etmir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26