“Türk-NATO-su” Azərbaycan-Türkiyə hərbi birliyi əsasında yarana bilər – rəylər
Ekspertlər bu ideyanın gerçəkləşməsini əngəlləyən obyektiv səbəblərdən danışdılar
İran agentliyinin Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın birlikdə yeni ordu yaradacağı ilə bağlı yaydığı məlumat geniş müzakirələrə səbəb olub.
Ekspertlər məsələ ilə bağlı fərqli mövqelər sərgiləyirlər. Bəziləri hesab edirlər ki, indiki siyasi şəraitdə “Türk NATO-su”nun yaradılması mümkündür. O da qeyd olunur ki, “Türk NATO-su” yaradılacağı təqdirdə xüsusilə də ABŞ bundan daha çox qıcıqlanacaq. Bu isə onsuz da gərgin olan Türkiyə və ABŞ münasibətlərini bir az da qəlizləşdirə bilər. Bir çox təhlilçilərə görə isə, indiki şəraitdə yalnız Türkiyə və Azərbaycan arasında hərbi birliyin yaradılması real görünür. Buna səbəb də digər ölkələrin bir-biri ilə münasibətlərində problemlərin olması göstərilir.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında belə bir hərbi birliyin yaradılmasını real qiymətləndirmədiyini dedi: “Bəzən elə ölkələrin adını çəkirlər ki, onların arasında hərbi birlik mümkün deyil. Hətta Monqolustanın, Qırğızıstanın da adı çəkilir. Nə olsun ki, Qırğızıstan türkdilli dövlətdir. Bu ölkənin dövlət başçıları dəfələrlə Ermənistana səfər ediblər, saxta soyqırım abidəsinin qarşısına əklil qoyublar. Bu il yadımdadır ki, Pakistanda zirvə toplantısı vardı və orada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədə belə imza atmadılar. Onların Türkiyə ilə münasibətləri də hamar deyil. Belə ki, hərbi qiyamdan sonra Türkiyə tələb etdi ki, Fətullah Gülən məktəbləri bağlanılsın. Qırğızıstan isə bunu bağlamayıb, hələ Türkiyəyə də meydan suladı. Ancaq hərbi birliyin Azərbaycan və Türkiyə arasında yaradılması mümkündür. Bu birlikdə Qazaxıstan, Qırğızıstan yoxdur. Onlar Avrasiya Birliyinin, KTMT-nin üzvüdürlər. Əsas birlik Azərbaycan və Türkiyə arasındadır ki, İran da bundan narahatdır. Digər türkdilli dövlətlərlə Türkiyə ildə iki-üç hərbi təlim keçirmir. Ancaq Azərbaycan üçün bu, belə deyil. Bəli, Türkiyə ilə Azərbaycan arasında hərbi birlik getdikcə güclənir. Nə vaxtsa ”Türk NATO-su" yaranacaqsa bu, iki ölkə arasındakı hərbi birliyin əsasında formalaşa bilər. O fikirlərlə razıyam ki, ideyanı Azərbaycan və Türkiyənin birliyindən narahat olanlar ortaya atıblar ki, bizi hədəf müstəvisinə keçirsinlər. Burada Rusiyadan hansısa mərkəzlər, İrandakı müəyyən dairələr maraqlı ola bilərlər - baxmayaraq ki, indi İran bəzi məsələlərdə Türkiyə ilə əməkdaşlıq edir. O cümlədən də Suriya məsləsində bu belədir. Ancaq İran qorxur ki, terror ortadan qaldırıldıqdan sonra Suriyada müxalifət gəlib Əsədi yıxa bilər. Suriya müxalifətinin də arxasında Türkiyə dayanıb. Ona görə də Türkiyəyə qarşı müxtəlif oyunları ortaya atacaqlar. Mümkündür ki, yayılan məlumat da dezinformasiya xarakteri daşısın".
Politoloq Azərbaycan ərazisində Türkiyənin hərbi bazasının yaradılması məsələsinə də toxundu: “Bu, əslində vacib bir haldır. Hətta ölkəmizin materik hissəsində olmasa belə, Naxçıvanda bunu rəsmiləşdirmək mütləq şəkildə lazımdır. Artıq gizlətmək də lazım deyil. Düşmənlərimiz də, hər kəs bunu bilsin. Bəli, Türkiyənin Naxçıvanda müəyyən hərbi qruplaşmaları var. Ermənistan bilməlidir ki, Naxçıvana hərbi təhlükə yaradarsa, Türkiyə Qars müqaviləsinə görə Ermənistana cavab verə bilər. Sadəcə olaraq bunu rəsmiləşdirmək lazımdır. Türkiyə-Azərbaycan əməkdaşlığı o səviyyədədir ki, burada hərbi bazalarının yerləşdirilməsi məsələsi də aktuallaşa bilər. Nəzərə almalıyıq ki, Ermənistanla savaş halında olsaq da, Rusiya və İranla normal münasibətlərə çalışsaq da müharibə halında Azərbaycanı zəiflətməyə çalışan mərkəzlər ola bilər. 1990-cı illərdə biz bunu yaşamaşıq. Bu kimi halların təkrarlanmaması üçün bizim Türkiyə kimi zəmanətə, bazalara ehtiyacımız var. İnanmıram ki, Rusiya da buna qarşı çıxsın. Çünki bu, məntiqdən kənardır. Deyə bilərik ki, sizin niyə Ermənistanda hərbi bazanız var? Onlar deyirlər ki, bu bazalar Ermənistanın təhlükəsizliyi üçündür. Türkiyə də deyə bilər ki, bu da Azərbaycanın təhlükəsizliyi üçündür. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını daha üst səviyyəyə qaldırmağa ehtiyac var. Bu, həm də iqtisadi baxımdan mümkündür. Elə təkcə enerji layihələrinin, boru xətlərinin qorunması baxımından da bu hərbi əməkdaşlığı gücləndirməyə ehtiyac var”.
“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, türkdilli dövlətlər içərisində ən ciddi münasibət Türkiyə, Qazaxıstan və Azərbaycan arasındadır: “Özbəkistanda prezident dəyişilib və hələ ki, onlar proseslərə qoşulmayıblar. Qırğızıstanın da siyasətinin müstəqil və ya Rusiyanın üstündə olduğunu söyləmək çətindir. Qırğızıstanın əvvəlki prezidenti Rusiyaya görə az qalmışdı Qazaxıstana müharibə elan etsin. Qazaxıstanı Avrasiya İqtisadi Birliyini pozmaqda ittiham edirdi. Ondan da əvvəl qırğız prezidenti Özbəkistanla gərginlik yaratdı. Türkmənistandan da İrəvana avia reys açılır. Hamı bilir ki, Ermənistan regionun küncündədir. Həm Rusiyanın təzyiqindən, həm də əhalinin az olması səbəbindən Ermənistan özünün avia kampaniyasını təşkil edə bilmir. İrəvandan nə qədər adam Frankfurta uçur ki, hələ bununla bağlı marşrut da açırlar. Təbii ki, bunu Azərbaycana inad olsun deyə edib. Xəzər dənizində vəziyyət gərgindir və Türkmənistan bu cür addımlar atır. Belə bir vəziyyət Türkmənistanın Qazaxıstana qarşı da oxşar addımları atır. Qazaxıstana gəlincə isə onlar da Rusiyadan Özbəkistana gedən dəmiryolu daşımalarında tarifi xeyli dərəcədə qaldırdı. Bu baxımdan söyləyirəm ki, türkdilli dövlətlər içərisində problemlər çoxdur. Ona görə də vahid bir hərbi strukturun yaradıla biləcəyini real görmürəm. Bu ideyanı İran tərəfi körükləyir. Məncə, onların məqsədi İran cəmiyyətinin daxilində türkdilli dünyaya qarşı aqressiya yaratmaqdır. Göstərmək istəyirlər ki, türklər birləşir və guya İranı işğal edə bilərlər. Ona görə də konkret olaraq ”Türk NATO-su"nun qısa zamanda yaradılacağını düşünmürəm".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26