Interposta.Info

Sərkisyan son şansını da qaçırdı -

Siyasət
 18-10-2017, 10:07     8 125

Azərbaycan prezidentinin köməkçisindən sərt reaksiya gəldi; Novruz Məmmədov: “Söz versə də, yenə də sözünün üstündə durmadı; Zahid Oruc: “Sərkisyanın monoton düşüncəsi və dişsiz naturası onu döyüş meydanından fərqli olaraq, siyasi pat durumuna qoyur...”

Oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən az sonra Serj Sərkisyanın açıqlaması onun mahiyyətini növbəti dəfə ortaya qoydu.

Təsəvvürə gətirin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin uzun çalışmalarından sonra müharibə vəziyyətində olan tərəflər bir araya gətirilir, geniş tərkibdə və ikitərəfli danışıqlar aparılır və S.Sərkisyanın özünün etiraf etdiyi kimi, cəmi bir neçə dəqiqə sonra İsveçrədəki səfirlikdə ermənilərin qarşısında təxribatçı çıxış edir. Əslində Xocalıdakı uşaqların qatili olan bir adamdan başqa davranış da gözləmək olmazdı. Amma bir ildən artıq davam edən fasilədən sonra, özü də beynəlxalq təşkilatların Ermənistan rəhbərliyinə etdiyi təzyiq nəticəsində baş tutan görüşdə erməni prezidentin, nəhayət, konstruktiv mövqe sərgiləyəcəyini təxmin edənlər də var idi. Lakin S.Sərkisyan öz ampluasına qayıtdı, görüşdən sonra erməni diasporunun nümayəndələri ilə görüşdə güzəştlərin mümkünsüzlüyünü dedi.

“Təbii ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, Cenevrə görüşünün təşkilatçıları hələlik S.Sərkisyanın təxribatçı çıxışına münasibət bildirməyib. Görüşlə bağlı birgə bəyanatda iddia olunurdu ki, görüş konstruktiv mühitdə keçib. “Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar münaqişənin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”-bəyanatda deyilirdi. Ancaq bəyanatın mürəkkəbi qurumamış, S.Sərkisyan avantürsit mövqeyi ilə danışıqların perspektivini şübhə altına aldı.

Ermənistan prezidentinin mövqeyinə artıq rəsmi Bakıdan da sərt təpki gəlib. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov bu barədə sosial şəbəkədəki hesabında yazıb. “Təəssüflər olsun ki, Serj Sərkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir” - dövlət rəsmisi bildirib.

“Report”un xəbərinə görə, N.Məmmədov daha sonra bunları qeyd edib: “Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sərkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, prezidentlərin Cenevrə görüşü Birləşmiş Ştatların ortaya qoyduğu prinsipiallıq və qəti iradənin hesabına baş tutub: “Unutmamasızsa, Avropa Birliyinin 28 diplomatını Bakıda qəbul edərkən prezident İlham Əliyev söyləmişdi ki, Qərbdən Sərkisyana, ”belə davam edə bilməz" siqnalı verilib. Görünür, erməni tərəfinin ötən bir il ərzində status-kvonu hərbi vasitələrlə pozduğuna görə Azərbaycanı Minsk Qrupu və ya beynəlxalq təşkilatların əli ilə cəzalandıra bilməyəcəyini anlayandan sonra masa arxasına qayıtmaqdan başqa yolu qalmayıb. Şərtlər Qərbin planlarına uyğun gəlməyib və regionda inkişaf edən müharibə ssenarisini durdurmaq üçün Tramp administrasiyası hərəkətə keçib. Lakin burada bir mühüm məqamı xüsusi vurğulamaq lazımdır. Ötən ilin 4 günlük aprel döyüşlərindən sonra siyasi təmasların tam sıfra enməsi və vasitəçilik missiyasının iflasa uğraması şəraitində hərbi meydanda bütün gərginliyə baxmayaraq, nisbi tarazlıq hökm sürürdü. Bu, Qarabağdakı vəziyyətin və gələcək çözümün beynəlxalq səylərdən asılılıq dövrünün artıq keçdiyini göstərir. Yəni xarici iradənin nə müharibə, nə də sülhə əvvəlki tək təsir göstərməyə resursları yetmir".

Deputatın fikrincə, vasitəçilər belə vəziyyəti yaxşı görürlər. Ona görə də Cenevrədə ənənəvi formatdan bir qədər kənara çıxaraq, dövlət başçılarının təkbətək görüşünü təşkil etmək qərarına gəliblər: “Yeni toqquşmalardan qaçmaq üçün şəxsi qəbuledilməzlik və hətta Azərbaycan rəhbərinin BMT kürsüsündən ”hərbi cinayətkar" dediyi şəxsə olan nifrətini bir qədər azaltmaq naminə dünyada mövcud olan diplomatik praktikanı İsveçrə paytaxtında tətbiq ediblər. Sərkisyanın görüşdən sonrakı bəyanatı, “ən pis danışıqlar, müharibədən yaxşıdır” prinsipinə söykənir. Xüsusilə də Kataloniya hərəkatından sonra Avropada güclənən antisepartizm əhval-ruhiyyəsi və dövlətlərin vahid cəbhədən bölücülüyə qarşı mövqe tutmaları erməni hərbi birləşmələrinin komandiri statusunda özünü aparan adama təsir etməmiş deyil. Hər halda, o, real vəziyyətə doğru üzünü çevirməyə məhkumdur. Lakin taktiki olaraq danışıqlar prosesini uzatmaq və Azərbaycanı silahsızlaşdırmaq üçün həmsədrlərdən kömək gözləyən erməni tərəfi, o biri yandan, rəhbərlik etdiyi cəmiyyətin psixoloji və ruhi halındakı dəyişiklikləri görmədən keçə bilmir. Təcrid olunmuş vəziyyətdə nə qədər yaşamaq olar - bir il, beş il, yüz il? Hara üzünü çevirirsən, təcavüzün yaratdığı çərçivə xalqın iqtisadi və siyasi arzularının qarşısını sədd kimi kəsir. Ona görə də Cenevrədə hökm sürən atmosfer bundan ibarət idi ki, hərbi eskalasiya Ermənistanı Rusiyaya daha çox bağlayır və onun Qərbə gedən yolunu birdəfəlik kəsir. Amerika və Fransa kimi nəhənglərin İrəvana təhlükəsizlik zəmanətlərini verə biləcəyini ermənilərə anlatmaq istəyirlər".

Z.Oruc Kremlin prosesləri çox diqqətlə izlədiyini dedi: “Lavrov Cenevrə görüşündə prinsipial irəliləyiş notlarını deyil, növbəti görüşün hansı sənədlər əsasında keçiriləcəyini hədəf edir. Yenilənmiş Kazan prinsipləri bütövlükdə siyasi gündəlikdən çıxarılmayıb. Əgər qarşıdakı aylarda Moskva planı əsasında xarici işlər nazirlərinin görüşü keçirilməsə, onda bağlı qapılar arxasında gedən Trampın Qarabağ təşəbbüsləri tezliklə dayanacaq. Azərbaycan prezidentinin görüşdən öncə verdiyi mesajlar danışıqlarda psixoloji üstünlüyə yiyələnmək üçün deyildi. Diplomatlar bilir ki, İlham Əliyev güclü strateq, eləcə də rəqibini tam tərk-silah eləməyə qadir olan siyasi qrossmeyestrdir. Bağlı qapılar arxasında gedən savaş nə qədər böyük iradə tələb etsə də, psixoloji və taktiki gərginliyə ən yüksək immuniteti olan adam da qalib gəlir. Sərkisyanın monoton düşüncəsi və dişsiz naturası onu döyüş meydanından fərqli olaraq, siyasi pat durumuna qoyur. Ona görə də ”münaqişəni həll etmək üçün bizim sənədimiz yoxdur" deyərkən o, məhz özünü nəzərdə tutur. Cenevrə görüşü aprel döyüşlərindən sonra dəyişilmiş hərbi vəziyyəti danışıqlar prosesinə keçirmək üçün Azərbaycana böyük fürsət verdi. Şərtsiz bir araya gəlmək bu deməkdir".

S.Sərksiyanın öz hakimiyyətini uzatmaq üçün erməni diasporundan dəstək məqsədilə təxribatçı bəyanat verdiyi şübhə doğurmur. Ancaq diqqətçəkən budur ki, nüfuzunu itirmiş cinayətkar prezidenti ölkəsində də qəbul edənlər çox azdır. “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj Sərkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli deyil. Çünki bu qəbilə Qarabağda müharibə dalğası zamanı Ermənistanda hakimiyyəti tutdu və məhz münaqişə nizama salınmadığı üçün hakimiyyətdə qala bilir”. Bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan deyib (publika.az).

Erməni ekspertin sözlərinə görə, vaxtilə Köçəryan, indi isə Sərkisyan Ermənistanda öz cinayət şəbəkəsini yaradıb, iqtisadiyyatı inhisara alıb, konstitusiyanı istədiyi kimi dəyişib və ölkəni rusların əmrinə verib. “Qarabağ problemi həll olunarsa, ”yalnız Qarabağdan gəlmələr xalqın maraqlarını müdafiə edə bilərlər, yəni Sərkisyan..." mifi dağılacaq", - deyə o bildirib.

T.Arşakyan hesab edir ki, Sərkisyanın məntiqi davamı olaraq, Rusiya da münaqişənin həllini istəmir: “Rusiya münaqişəni inhisara alıb və o olmadan nə ABŞ, nə də Avropa İttifaqı heç nə edə bilməz. Münaqişə bölgəsində ”nə sülh, nə də müharibə olsun" prinsipi Moskva üçün sərfəlidir. Sərkisyan bu münaqişədən istifadə edərək hakimiyyətini davam etdirdiyi kimi, Rusiya da bölgədə məhz bu amilə görə öz gücünü saxlaya bilir".

Erməni siyasi şərhçi daha sonra maraqlı fikirlər səsləndirib və qeyd edib ki, bu düşüncəsinə görə ona təzyiqlər ola bilər. “Mən indi qadağan olunmuş fikirləri səsləndirəcəm. Əminəm ki, əgər Sərkisyan olmasaydı, həmçinin, üzərimizdən Rusiya kölgəsi çəkilsəydi, ermənilərlə azərbaycanlılar birlikdə müzakirə aparıb, problemi sülh yolu ilə həll edə bilərdilər”, - deyə o bildirib.

Əslində erməni də olsa, bir sıra məqamlarda sözün düzünü deyib. 2008-ci ilin martında erməni xalqının qanını töküb hakimiyyəti qəsb edən və 2018-ci ilin aprelində prezidentlikdən baş nazirliyə tullanmağa hazırlaşan S.Sərkisyanın mahiyyətinə erməni ekspert daha yaxşı bələddir. Odur ki, bundan sonra sözü ilə əməli düz gəlməyən, Azərbaycan prezidenti ilə üz-üzə gələndə sülhdən danışan, uzaqlaşan kimi savaş anonsu verən bu cür qeyri-ciddi adamla danışıqlarda vaxt itirməyə dəyməz. Əslində bu, S.Sərkisyanın son görüşü və son bəyanatı da sayıla bilər. Çünki o, bu cür yaramazlıqdan sonra çətin ki, Azərbaycan prezidentinin gözünə görünsün. Onsuz da bu kürsünü təhvil verməsinə yarım il qalıb...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26