Interposta.Info

Avropa İttifaqı ilə sənəd bu il imzalanmayacaq -

Siyasət
 22-09-2017, 09:54     9 678

Mahmud Məmmədquliyev: “Gec olsun, amma keyfiyyətli olsun”

Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək. Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib. 30 nəfərdən ibarət olan, o cümlədən 28 ölkənin səfirinin daxil olduğu nümayəndə heyətinin Bakıya oktyabrın 3-də gələcəyi gözlənilir.

K.Yankauskasın sözlərinə görə, səfər zamanı əsas diqqət Aİ ilə Azərbaycan arasında siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığa yönələcək. O qeyd edib ki, hazırda səfərin proqramı ilə bağlı hazırlıqlar aparılır.

Bu açıqlamadan bir gün sonra-sentyabrın 21-də xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıqlama verərək bildirib ki, hazırda Avropa İttifaqı ilə yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir: “Sənədin ilk növbədə keyfiyyəti çox vacibdir. Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu bir hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur. Sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı öz əksini tapıb. Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu düzgün olmaz”.

Nazir müavini onu da deyib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” sammitinə hazırlaşır:
“Noyabrda Brüsseldə keçiriləcək sammitdə son 2 ildə hansı işlərin görüldüyü müzakirə ediləcək. Bizim də deməyə sözümüz olacaq. Çünki bir neçə ildə yaxşı nailiyyətlər əldə etmişik. İlk növbədə çalışacağıq ki, bu sammit çərçivəsində Riqa sammiti təkrar olunmasın. Həmin sammitdə 3 münaqişə ilə bağlı bir, Azərbaycan-Ermənistan münaqişəsinə dair başqa mövqe var idi. Avropa İttifaqının hazırda yeni qlobal strategiyası var, orada aydın göstərilir ki, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, təhlükəsizliyi dəstəklənməlidir”.

M.Məmmədquliyev qeyd edib ki, sammit çərçivəsində aviasiya sahəsində sazişin imzalanması mümkündür:
“Ola bilsin ki, müvafiq qurumumuz olan Aviasiya Administrasiyası Avropa İttifaqı ilə sazişi bitirə bilsin. Amma vaxt azdır. Bu istiqamətdə oktyabrın sonunda görüş olmalıdır. Ondan sonra biləcəyik ki, bu sənədi sammitdə imzalaya biləcəyik, ya yox”.

Avropa İttifaqının böyük nümayəndə heyətinin gözlənilən səfəri Azərbaycanla bu qurum arasında imzalanacağı gözlənilən sazişin sürətlənməsinə təkan verəcəkmi? Həmçinin Azərbaycan qarşısında demokratiya məsələsinin də qaldırılması gözlənilirmi?

interposta.info xəbər verir ki, Avropa İttifaqı üzrə siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, bu səfər bütünlükdə Aİ-Azərbaycan münsibətlərində siyasət və təhlükəsizlik sahələrində mövcud və gələcək əməkdaşlığın şərtləri, imkanları və prespektivlərinə həsr edilmiş bir səfər olacaq.
Burda diqqət yetirəcəyimiz əsas məqam isə bu səfərin Qərbin nüfuzlu media orqanlarında Azərbaycan haqqında yazılarla aktiv qarayaxma kampaniyasının getdiyi ərəfədə baş tutmasıdır: “Belə bir zamanda Avropa İttifaqının bütün ölkələrinin səfirlərinin daxil olduğu bu tərkibdə səfəri özlüyündə Avropa İttifaqının Azərbaycana dəstəyinin, Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyinin açıq ifadəsidir. Avropa İttifaqının böyük nümayəndə heyətinin Azərbaycana səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasında yaxınlaşmanı sürətləndirəcəyi, imzalanması planlaşdırılan sazişin uzaq olmayan gələcəkdə imzalanmasına təsirini göstərəcəyini söyləmək mümkündür”.

Ekspert onu da dedi ki, səfər zamanı diplomatların demokratiya ilə bağlı müzakirələrə yer ayıracağı şübhəsizdir. Vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlərin olacağı gözlənilir: “Azərbaycan hökuməti özü bunda maraqlıdır. Amma xüsusi narahatlıq yaradan məqamların mümkünlüyünə inanmıram, çünki bunun üçün xüsusi əsas yoxdur.

Bugünlərdə bir sıra müxalif qurumların 23 sentyabra mitinq təyin etməsi və hakimiyyətin bu mitinq üçün müraciətə vaxtında, özü də heç bir şərt, vaxt dəyişmək tələbi irəli sürmədən müsbət cavab verməsi diqqətdən yayınmamalıdır. Bütün bunların Avropa İttifaqının böyük nümayəndə heyətinin Azərbaycana səfəri öncəsi baş verməsi, Avropa İttifaqı ilə danışıqlar ərəfəsi meydana çıxması maraqlı faktdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26