Interposta.Info

18 il hakimiyyətdə: Putin Rusiyanı hara aparır...

Siyasət
 16-08-2017, 10:54     13 265

Qabil Hüseynli: “Putin rəqibləri ilə amansız davranmağı yaxşı bacarır”

Avqustun 7-də Vladimir Putinin hakimiyyətə gəlişinin 18 ili tamam oldu. 1999-cu ilin avqustunda baş naziri təyin olunan Putin həmin ilin 31 dekabrında o zamankı prezident Boris Yeltsinin istefasından sonra 2000-ci ilin 7 mayına qədər prezident səlahiyyətlərini icra etmiş və sonradan Rusiyanın ikinci prezidenti seçilib.

2008-ci ildə üçüncü dəfə prezident olmaq istəməyən Putin formal olsa da, Rusiyada prezident dəyişikliyi etdi. Öz yerini yaxın adamı baş nazir Dmitri Medvedyevə verən Putin özü hökumət başçısı olmuş, 2012-cü ildə isə yenidən Rusiya prezidenti seçilib. Gələn ilki seçkilərdə isə Kreml rəhbərinin yenidən prezidentliyə iddiasını irəli sürüb-sürməyəcəyi məlum deyil. Amma əksəriyyət onun namizəd olacağını və qalib gələcəyini proqnozlaşdırır. Çünki hazırda rus xalqı arasında Putinin reytinqi qalibiyyəti üçün yetərlidir.

Son 18 ildəki hakimiyyət dönəmi ilə bağlı Putin haqqındakı düşüncələr heç də birmənalı deyil. Doğrudur, hakimiyyətə gəlişinin ilk illərində ciddi böhranla üz-üzə qalan Rusiya məhz onun sayəsində dirçəldi və öz əvvəlki gücünü bərpa edə bildi. Lakin 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziya ərazilərinin işğalından sonra Rusiya üçün çətin mərhələ başladı. Buna səbəb də Qərb tərəfindən gələn təzyiqlərin getdikcə artması oldu. Xüsusilə, Ukrayna ərazilərinə təcavüzdən sonra 2014-cü ildən başlayaraq, Qərb tərəfindən Kremlə qarşı sanksiyaların tətbiqi və bu günə qədə də Rusiya üzərindən sanksiyaların götürülməməsi şimal qonşumuzu ağır vəziyyətə salıb. Lakin Putin hakimiyyəti hələ də dünyaya meydan oxumaqda davam edir. Bütün bu nüansları nəzərə alaraq, siyasi şərhçilər onun iqtidarının bundan sonra çox da uzun sürməyəcəyini, Rusiyanın parçalanacağını qeyd edirlər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Yeltsin dövründəki demokratik ənənələrin Putin dövründə tamamilə aradan qaldırıldığını bildirdi:
“Putinin hakimiyyətə gəlişi ilə demokratiya cücərtiləri aradan qaldırıldı. Əgər Yeltsinin dövründə bəzi hakimiyyət səlahiyyətləri mərkəzdən əyalətlərə verilirdisə, Putinin dövründə bu səlahiyyətlər əyalətlərdən alındı. Putin yaxşı başa düşürdü ki, demokratiya yolu ilə hakimiyyəti əlində saxlamaq çox çətin olacaq. Çünki yetərincə siyasi rəqibləri peyda olur, onlarla polemikaya girmək zərurəti yaranır. Bu da avtoritar təfəkkürlü insanlar üçün məqbul sayılan amil deyil. Nəticədə əvvəlki hakimiyyətdən qalan demokratik ənənələrin üstündən xətt çəkərək, özünün avtoritar hakimiyyətini qurmağa başladı. Bundan əlavə, əgər Yeltsinin dövründə əyalətlərdə əmək haqları iki dəfə artıq idisə, Putinin dövründə mərkəzlə əyalətlərin əmək haqları eyniləşdirildi. Putinin dövründə hakimiyyətin mərkəzləşdirilməsi, bir əldə cəmləşdirilməsi çox sürətlə getdi. Qısa müddətdə Rusiya az-çox demokratik ənənələri olan ölkədən avtoritar ölkəyə çevrildi.

Bu Putinin uğuru idi. O bunun nəticəsində siyasi rəqiblərini müxtəlif illərdə müxtəlif adlar altında sıradan çıxartdı. Onları ya qətlə yetirtdi, ya həbsə atdırdı, ya da ölkədən didərgin saldırdı. Putin rəqibləri ilə amansız davranmağı yaxşı bacarır. Onun ilkin 8 illik prezidentliyi dövründə məqsədləri uğurla başa çatdırıldı. O istənilən halda prezidentlik postunu əldən vermək istəmirdi. Məhz bu nəticəsində 2008-ci ildə yenidən namizəd olmasa da, hakimiyyəti əlində saxlamağı bacardı. Çünki namizəd olacağı təqdirdə bunun ölkə daxilində və xaricində ciddi təpkilərlə qarşılanacağını yaxşı anlayırdı. Buna görə də, onun bir sözünü iki etməyən, əmrlərinə sözsüz tabe olan baş nazir Medvedyevi prezident kürsüsünə gətirdi. Özü isə yenidən baş nazir oldu. Baş nazir kimi hakimiyyəti əlində saxlayan Putin faktiki prezidentə də nəzarət edirdi. Daha sonra özü yenidən prezident seçildi”.

Politoloq Putinin hakimiyyət sevdalısı olduğunu da qeyd etdi:
“KQB məktəbi keçdiyindən hakimiyyət rəhbəri kimi strukturları mərkəzə tabe edib, onları uğurla idarə etməyi ustalıqla bacarır. Onun hakimiyyət dövründə Rusiya üçün neqativ olan bir sıra məsələlər aradan qaldırıldı. Neftdən ölkəyə gələn külli miqdarda vəsaitin hesabına iqtisadiyyatı dirçəldə bildi. Xüsusilə, hərbi sənayenin və Müdafiə Nazirliyinin gücləndirilməsi üçün lazım gələn vəsaiti əsirgəmədi. Nəticədə Rusiya ordusu gücləndi, ölkənin xarici silah bazarındakı mövqeləri xeyli gücləndi. Bu da ölkəyə əlavə gəlirlər gətirirdi. Nəticədə əhalinin də maddi rifah halı Yeltsin dövrünə nisbətdə xeyli artdı. Bununla rus xalqının böyük bir kəsimi özünü xoşbəxt hiss etməyə başladı. Amma Putin dövründə korrupsiya və rüşvətxorluq halları, dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə halları görünməmiş dərəcədə artdı.

Amma bütün bunlara baxmayaraq, rus xalqı Putini sevməkdə idi. Onun reytinqinin aşağı düşməsinə ”imkan vermirdilər". Putin Yeltsin dövründə bağlanmış bəzi beynəlxalq sazişlərə əməl etmədi. Təkcə nüvə silahlarını qeyd edə bilərik. Nüvə dəyənəyini Putin əlində silkələməklə dünya üçün təhlükə mənbəyinə çevrilib. O tez-tez rusların əhval-ruhiyyəsinə xoş gələn ifadələr işlətməklə reytinqinin yüksək səviyyədə qalmasını təmin edir. O rusların imperiya təfəkkürlü olduğunu yaxşı bilir. Onun üçün də keçmiş SSRİ-nin tez-tez bərpasından, itirilmiş ərazilərin geri qaytarılmasından söz açır. Rus xalqı isə ilhaq və işğal siyasətini bəyənir.

Onlar Putinin Rusiyanı əvvəlki vəziyyətinə qaytaracağına inanır, onun əvəzedilməz lider olduğunu düşünürlər. Onların düşüncələrinə görə, Putinin alternativi yoxdur. Düşünmürlər ki, avtoritar ölkədə siyasi rəqiblərini qəddar üsullarla sıradan çıxaran Putinin məhz bu səbəblərdən rəqibi yoxdur. Heç kim şübhə etmir ki, 2018-ci ilin seçkilərində o namizədliyini yenidən verə bilər. Özü bunun üçün lazım gələrsə, müxtəlif manevrlər edərək qələbəsini təmin edə bilər. Bu gün Rusiya dünya üçün sabitlik və yeni düzən baxımından ən təhlükəli ölkə hesab olunur. Rusları bu gün Rusiya ilə Amerika, NATO arasındakı münasibətlərin ən kritik həddə çatması belə narahat etmir. Bunu Putinin Rusiyanın şöhrətini qaldırmaq istəyi kimi qəbul edirlər. Digər sahələrdə də Rusiya üçün hazırda çox ciddi problemlər var. Kremlin qərbdən gələn təzyiqlərin altından necə çıxacağı da bu dəqiqənin özündə ciddi suallar yaradır. Amma hər şeyə rəğmən ruslar hesab edirlər ki, Putin nə edirsə düzgün edir, onun etdikləri sonunda Rusiyanı xoşbəxt gələcəyə çıxaracaq. Ölkədəki mövcud vəziyyət rusları demək olar ki, əksər hüquqlarından məhrum edib. Putinin hazırda ciddi bir rəqibinin olmaması onu deməyə əsas verir ki, Rusiya mövcud durumu ilə yaşamağa hələ bir müddət davam edəcək, problemləri isə durmadan artacaq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26